İnsanların gözəlliyə olan ehtirası sərhədsizdi. Dietaya oturub arıqlayanlara, başına tük əkdirənlərə, arvad paltarı geyib özünü biabır eləyənlərə hamımız birtəhər baxırıq. Bir tarixə ekskurs eləyək, onda görərsiz ki, gözəllik uğrunda necə qurban verənlər olub!
Bir az əvvəl kişilər deyinirdi ki, qadınlar şalvarımızı oğurlayıb əyninə keçirib. İndi qadınlar donquldanır ki, kişilər saçını uzadır, sırğa geyinir, hələ bir güllü, rəngbərəng paltarımızı da əlimizdən alıb.
Bu, həmişə belə olub. Məsələn, ingilis kraliçası Annanın xalası oğlu Kornberi lordu Nyu-Yorkda kraliçanı təmsil eləmək şərəfinə layiq görülmüşdü. Qraf ona tapşırılan vəzifəni son dərəcə ciddi qəbul etmişdi. Assambleyanın açılışında o, brilyantlarla bəzənmiş mavi paltarda, ipək corabda və əlində yelpinclə göründü. Qadın geyimlərinin gözəlliyilə o qədər maraqlanmışdı ki, bəzən küçəyə də qadın paltarında çıxırmış. Bütün ailə, hətta şəhər büdcəsi onun qəribə xobbisinə xərclənirdi. Cibində bir qəpiyi də olmayan arvadı ərinin paltarlarını oğurlayıb geyməklə gözünün odunu öldürürdü. Ona heç kim «mavi» damğası vurmurdu.
Parik məsələsinə gələndə isə qadınlar indi-indi onu kişilərin əlindən güclə qopara bilib. Bəstəkar Rossini uşaqlıqda keçirdiyi xəstəlikdən sonra tamam keçəl qalmışdı. Özünün gözəllik haqqında təsəvvürləri parikin üstündən papaq geyməyə ona mane olurdu. Ona görə də soyuqlarda o, bir neçə pariki üst-üstə geyməklə camaatı güldürməyə razıydı. Təki özü özündən razı qalsın.
İspan kraliçası İzabella (14-cü əsr) hesab edirdi ki, qadının beli elə balaca olmalıdı ki, 12 yaşlı qız uşağı barmaqlarıyla onu tuta bilsin. Ona görə də qadınların belinin 32,5 sm olması barədə qərar çıxarmışdı. Beli yoğun qadınların var-yoxunu korsetlə sıxıb balacalatmaqdan başqa əlacları olmazdı. Deyilənə görə, on-on beş nəfər elə kraliçanın gözü qabağında keçinibmiş. Amma qanun yerində qaldı. O kraliça Azərbaycana qismət olsaydı, çox ailələr yetim qalardı. Bizdə qadının yaşını ağac kimi belindəki qatlarıyla ölçürlər.
Yelizaveta dövründə İngiltərədə ən bahalı mal qənd olduğundan çox şirni yeməkdən qaralmaş və əyilmiş dişlər kübar cəmiyyətində dəbdəbə simvolu idi. Yelizavetanın özü heç vaxt dişlərini sürtməzdi. Bu harasıymış, onları ideal qəhvəyi saxlamaqçün həm kraliça, həm də əyanlar dişlərini xüsusi məlhəmlə boyayarmışlar. Axı o dövrdə diş məcunları reklamları heç kimin başını aparmazdı.
Dahi rəssam Salvador Dalinin məşuqələrindən biri xatırlayardı ki, qoca rəssam uzun bığlarını mum və mürəkkəblə burmamış yataq otağından çıxmazdı. Bığlar mütləq Koroğlu bığları kimi yuxarı baxmalıydı. Sevgilisinin hüzuruna gələndən sonra onu bərk-bərk öpər, sonra qadının bığ yerində qoyduğu mürəkkəb izinə baxmaqdan ləzzət alardı.
Gözəllik naminə arıqlamaq məsələsi isə təzə bir şey deyil. 19-cu əsrdə Parisdə madam Adett de Lizye adlı kurtizanka çox məşhurlaşmışdı. Onun cəmi 33 kq çəkisi vardı. Yüngül təbiətli bu qadın hər dəfə təzə müştərisini başa salırdı ki, nəyi eləmək olar, nəyi yox. Deyilənə görə, quru yaşılaçalan dəriylə örtülmüş skeletə bənzəyən bu qadın kişilərin sevimlisi idi. Nədənsə o düşünürdü ki, ekzotik görkəmi ona çoxlu pul qazanmaq imkanı verəcək. O, cəmi 27 yaşında vəfat elədi.
Ona görə də gözəl olmadığını düşünənlər ürəyini sıxmasın. Burda heç kimi korset geyib arıqlamağa məcbur eləyən olmayacaq. Eşitmiş olarsız, kişilərimiz deyir ki, səhər evdən çıxanda qadının yumşaq yerinə çırtma vurursansa, axşam evə gələndə o, hələ də titrəməlidi. Yoxsa «belə arvad saxlayarlar, ayaqüstə qırxı çıxıb?» sualını verərlər, el-obada biabır olar.
Müəllif: Gülnarə Rəfiq
Mənbə: Bizim Yol qəzeti