Plastik əməliyyatlar üzrə cərrah Sevinc Təbrizli: “Plastik əməliyyat etdirən qadınlarımızın böyük əksəriyyəti Anjelina Coliyə bənzəmək istəyirlər”
Bakıda hər il 3 minə yaxın plastik əməliyyat aparılır
Azərbaycanda plastik əməliyyatlar getdikcə populyarlaşır. Təqribi hesablamalara görə, hazırda Bakıda təqribən 20 klinikada ildə 3 minə yaxın plastik əməliyyat aparılır. Bu barədə «APA»ya plastik əməliyyatlar üzrə cərrah Sevinc Təbrizli məlumat verib. Onun sözlərinə görə, plastik əməliyyatlar həm yerli, həm də xaricdən gətirilən cərrahlar tərəfindən aparılır: “Təkcə mənim çalışdığım klinikada ildə 300-ə yaxın xəstə əməliyyat edilir”.
Mütəxəssisin sözlərinə görə, plastik əməliyyat üçün müraciət edənlərin əksəriyyəti əvvəlki kimi qadınlardır, amma son vaxtlar görkəmini dəyişmək istəyən kişilərin sayı da artıb. Belə ki, 2005-2006-cı illərdə müraciət edənlərin 80 faizi qadınlar, 20 faizi kişilər olduğu halda, hazırda görünüşünü dəyişmək istəyənlərin 40 faizi kişilərdir.
Kişilərin əksəriyyəti – təqribən 80%-i burun əməliyyatları üçün müraciət edirlər. Amma artıq piylənmə, üzün dərisində yaranan qırışlarla bağlı müraciət edən kişilər də var. Ümumiyyətlə, mütəxəssislər burun korreksiyası əməliyyatlarının Qafqazda populyar olduğunu və bunun ərazidə yaşayan insanların ənənəvi üz quruluşu ilə izah edirlər.
Həkimin sözlərinə görə, plastik əməliyyat üçün müraciət edən kişilərin sayının artması bu sahədə informasiyanın çoxalması, eləcə də kişilər arasında bununla bağlı psixoloji maneələrin aradan qalxması ilə bağlıdır: “Artıq kimsə, öz üz quruluşundan narazıdırsa, bunu dəyişməkdən utanmır».
Qadınlarda isə plastik əməliyyat üçün müraciətlərin sayı kimi, onların növləri də çoxdur. Ümumiyyətlə zərif cinsin nümayəndələrinin 60%-i üzünü, 40%-i isə bədəninin digər hissələrində dəyişiklik etdirir. Kişilərdə olduğu kimi, qadınlarda da üz nahiyəsində aparılan əməliyyatların böyük hissəsi burun korreksiyası ilə bağlıdır. Qadınların əksəriyyəti burunlarını Hollivud filmlərindəki aktrisalara bənzətməyə çalışırlar: “Daha çox Anjelina Coliyə oxşamaq istəyirlər. Burnunu, dodaqlarını, almacıq sümüklərini ondakı kimi olmasını sifariş verirlər». Bundan başqa, qadınlar arasında populyar olan üz plastik əməliyyatları alt-üst göz qapaqlarının korreksiyası, üzdəki qırışların silinməsi, qulağın kiçildilməsi, boyundakı qırışların silinməsi (qadının yaşını göstərən hissə).
Bədənin digər hissələrinin dəyişdirilməsi ilə bağlı əməliyyatların 80 faizi süd vəzilərinin böyüdülməsinə aiddir. Bundan başqa, qarının piylənməsinin, ayaq əyriliklərinin aradan qaldırılması və s. əməliyyatlar da geniş yayılıb.
Plastik əməliyyat olunan pasiyentlərin əksəriyyəti 18 yaşdan yuxarı olanlardır. Amma qüsuru olanlar bundan az yaşlarda da əməliyyat olunurlar. Anadangəlmə qüsurların aradın qaldırılması üçün əməliyyatlar isə daha erkən dövrdə aparılır: «Bəzi qüsurları artıq 5-6 aylıqda aradan qaldırmaq lazımdır. Məsələn, «qurd ağızlıq», «dovşandodaqlıq» kimi hallar olur, bununla bağlı əməliyyatlar uşaq vaxtı aparılmalıdır».
Bəzi müştərilər öz istəkləri ilə həkimləri də heyrətləndirirlər: «Bəziləri özünü tamamilə, tanınmaz dərəcədə dəyişmək istəyirlər, amma bu mümkün deyil». Plastik əməliyyatların rəsmiləşdirmə tərəfləri də var. Üz və görünüşü korreksiya edənlərə bununla bağlı müvafiq arayışlar verilir, bəziləri isə sənədlərini dəyişdirməli – şəkillərini təzələməli olurlar: «Çünki elə pasiyentlər var ki, onlar təhsil, biznes, yaşamaq məqsədilə ölkədən kənara gedirlər. Elə pasiyentlərmiz var ki, onlar pasportlarını dəyişməli olurlar, çünki onların xarici görünüşləri kifayət qədər dəyişir».