Dəbli piknik paltarları

Dəbli piknik paltarları

Adlı-sanlı brendlərin yay reklam çarxlarında modelyerlər geyimləri daha çox pikniklərdə nümayiş etdirir. Bu da adi bir haldır. Çünki yay elə istirahət, səyahət, gəzinti və müxtəlif pikniklər deməkdir. Bəs bu pikniklərin geyim növləri necə olmalıdır sualına cavab tapmağa çalışaq. Əvvəla sizi dünyanın tanınmış modelyer və dizaynerlərin belə pikniklər üçün hazırladığı müxtəlif paltarlarla tanış edəcəyik. Hər çeydən əvvəl yüngül geyimlərə üstünlük verin. Əyninizə nə rahatdırsa, onu geyinin. Uzun sarafan və yaxud mini donlardan istifadə edin. Hündür daban ayaqqabıları yüngül makasinlərlə əvəz edin. Qızmar günəşdən qorunmaq üçün al ləçəklərdən, eynəkdən, şlyapadan istifadə edin. Belə yerlərə gedəndə bir qədər tutumlu çantalar götürsəniz yaxşı olar. Bu sadaladıqlarımız hökmən yüngül və rəngarng olmalıdır. Belə pikniklər adətən, iki formada olur: əməli və romantik. 

Romantik formalı pikniklərə üstünlük verməyi məsləhət görərdik. Belə gəzintilərin geyimlərində seçim etmək də çox asan olur. Bircə şeyə fikir verin, allı-güllü çəmənlikdə istirahət edəcəksinizsə, o qədər də güllü paltar geyinməyin. Yoxsa güllü çəmənlikdən sizi ayırmaq çox çətin olar. O yerlərdə keçirilən pikniklər üçün hökmən qarderobunuzda pambıq şortlar, enli yubkalar, yüngül kətan köynək və dabansız yüngül ayaqqabı olmalıdır. Bər-bəzəyə o qədər də aludə olmayın. Gəzinti və piknikdə sizə mane ola bilər. Elə belə bir neçə sadə bəzək əşyadan istifadə edin. Özü də çalışın, onlar plastik və yaxud ağac məhsulu olsun.

Bəs piknik mövsümünün əsas rəngi hansıdır?
Bu suala hamı bir ağızdan "ağ" rəng deyir. Ağ rəngdə bir təmizlik, zəriflik, məsumluq və bayram əhvali-ruhiyyəsi var. Sosioloqların fikrincə, ağ donlu xanımlar daha cazibədar olur, əksinə, qırmızı paltarlarda isə onlar aqressivlik duyur. Beləliklə, biz sizi yay mövsümünün brendi olan pikniklərin geyim növləri ilə tanış etdik. Sizə dadlı-ləziz pikniklər arzu edirik.
Top