Sellülit

Sellülit

Sellülit sözünə son illərdə daha tez-tez rast gəlinir. İndi hər bir qadın bədənində (əsasən bud və baldır nahiyələrində) hamarlığı pozulmuş dəri gördükdə, sellülitdən şübhələnir və ondan yaxa qurtarmaq yollarını axtarır.

Sellülit nədir?

Bu yaxınlara qədər elə hesab edirdilər ki, sellülit yaşla bağlı piyin toplanmasıdır. Lakin elmin son nailiyyətləri göstərdi ki, bu, orqanizm daxilində yaranan və getdikcə özünü xarici görkəmdə büruzə verən problemdir. Sellülit (bud və baldır nahiyələrində «portağal qabığı» effekti) hətta ən gənc qızlar və qadınlarda dəri və dərialtı toxumalar arasında elastik layı təşkil edən dərialtı ara hüceyrələrinin qalınlaşması nəticəsində əmələ gəlir.
Sellülit piy toxumalarının strukturunun dəyişilməsidir. Orada mübadilə pozulması nəticəsində dəri altında mikro düyünlər əmələ gəlir, qan və limfa dövranında pozğunluqlar törənir, mübadilənin son məhsulları toplanır, nəticədə dəri kələ-kötür görkəm alır. Beləliklə, dəri bəzi yerlərdə özünə toxumaların ətraf təbəqəsini cəlb edərək, əzələlərin dərialtı təbəqəsinə yapışır. Ona görə də hamar dəri əvəzinə nahamar səthli dəri nəzərə çarpır.
seksual gprünməyə mane olan sellülit?

Sellülitin əmələ gəlməsinin əsas səbəbləri hansılardır?

- qeyri-düzgün qidalanma (quru, heyvani məhsullar, yüksək miqdarda karbohidratlar, qida rasionunda təzə meyvə və tərəvəzlərin olmaması),
- hərəkətsiz həyat tərzi,
- müasir şəhərlərdə ekoloji problemlər,
- nəzarətsiz hormonal mənşəli kontraseptivlərin qəbulu,
- həddindən artıq dar paltar geyilməsi (qan dövranında durğunluq yaradır),
- irsi faktor (anadan qız övladlarına keçir).
Lakin sellüliti əmələ gətirən mexanizmlər hələ kifayət qədər öyrənilməmişdir.

Sellülitlə venaların varikoz genəlməsi arasında əlaqə varmı?

Həkimlərin çoxu hesab edirlər ki, bel və budlarda piyin toplanması, damar divarının nazikləşməsinə və onların keçiriciliyinin artmasına gətirib çıxarır, həmçinin piy hüceyrələrinin ətrafında toxumaların qalınlaşmasına səbəb olur ki, bu da yaşla əlaqədar daha da dərinləşir.
Dietoloqlar yekdilliklə bu fikrə gəlmişlər ki, dərialtı qatın elastikliyinin azalması qeyri-düzgün qidalanma və orqanizmdə hüceyrə arası metobolizmin pozulması səbəbindən mübadilənin son məhsulları ilə dolması nəticəsində baş verir. Tərkibində sintetik qida rəngləyiciləri, konservantlar, şəkər əvəzediciləri olan qida məhsullarının, içkilərin geniş yayılması və qəbul edilməsi qadınların xarici görkəminə vurulan zərbələrdən biridir. Deməli, sellülitlə mübarizədə ilk növbədə orqanizmin təmizlənməsi və təbii məhsullardan ibarət pəhriz gözlənilməsi vacibdir. Bəzi həkimlərin qənaətinə görə, 6-9 ay davam edən pəhriz müddətində bu xoşagəlməz halla hərtərəfli mübarizə aparmaq olar.
Ən əvvəl sellüliti aradan qaldırmaq üçün orqanizmdə normal mübadiləni təmin etmək lazımdır (ayda 1-2 dəfə orqanizmin təmizlənməsi: böyrəklər, qaraciyər, mədə-bağırsaq traktı və s.).

Sellülit əleyhinə pəhriz

- Duz, şəkər və zəif həll olan yağların miqdarını məhdudlaşdırın, zeytun və soya yağları, şəkər əvəzinə bal və mürəbbə qəbul edin, duz əvəzinə quru dəniz kələmi əlavə edin.
- Hər növ süni qida əlavələrindən – şəkər əvəzediciləri, konservantlar, rəngləyicilərdən imtina edin. Konservant əvəzinə evdə hazırlanmış məhsullar qəbul edin. Xəmir xörəklərinə təbii maya və ya sirkə ilə söndürülmüş soda əlavə edərək hazırlayın.
- Kofe qəbulunu məhdudlaşdırın, pivə və spirtli içkilərdən imtina edin, əvəzində nahar zamanı ¼ stəkan quru və ya yarıquru qırmızı çaxır için.
- Gündə 6 stəkandan artıq maye qəbul etməyin (bura hər hansı duru yeməklər – şorba, süd, şirələr də daxildir).
- Çiy tərəvəzlərdən salat yeyin, meyvələri əsas qidadan 1 saat sonra qəbul edin.
Bu məhdudiyyətlərə davam gətirmək üçün duzlu yeməklərdən uzaqlaşın, yeməkdən sonra nanəli konfet və ya saqqız çeynəyin.

Sellülitlə mübarizədə daha hansı üsullardan istifadə edilir?

Pəhrizdən başqa, həkimin təyin etdiyi mütəmadi gimnastika hərəkətləri, xüsusi su prosedurları, masajlar etmək məsləhət görülür. Bu gün xüsusi müalicə müəssisələrində sellülitlə mübarizə üçün müxtəlif metodlar mövcuddur. Onlar arasında limfodrenaj, elektromiostimulyasiya, müxtəlif növ masajlar, termoliftinq, ÜSM, akkupunkturadan daha çox istifadə olunur.

Hazırladı: S.Aytən
Mənbə: İqtisadiyyat qəzeti

Maraqlı fikir

Araşdırma nəticəsinqdə böyük ombaya malik olan və sellülitli qadınların digərlərilə müqayisədə daha ağıllı olduğu üzə çıxıb.
Mütəxəssislər 95% qadında rast gəlinən sellülitə mənfi yanaşmanın düzgün olmadığı qənaətindədirlər: «Bu, problem kimi şişirdilib. Amma əslində sellülitin yaranması normal və təbii prosesdir. Sellülit həmişə olub və heç kim onu problem saymayıb. İndisə bu, reklam hoqqabazlığının obeyktinə çevrilib. Sellülit böyük bir sənayeyə işləməyə başlayıb».

Top