Gözəl və cazibəli görünmək hər bir qadının arzusudur. Lakin Tanrının zərif məxluqlara bəxş etdiyi məlahəti, təravəti qorumaq, onu davamlı etmək əlbəttə ki, qadının özündən də çox asılıdır. Deyirlər, çirkin qadın yoxdur, baxımsız qadınlar var. Baxımlı qadınlar cəmiyyət tərəfindən də daha hörmətlə qarşılanır, onlarda özünə inam və əminlik daha yüksək olur. Bu isə qadınları mənən daha güclü və cəsarətli edir. Qadın gözəlliyini bərpa etmək, qorumaq və davamlı etmək üçün müasir kosmetologiya, plastik cərrahiyyə daha nələrə əl atmır. Lakin etiraf edək ki, təbii vasitələrdən istifadə edərək gözəlliyini və təravətliliyini təmin edən qadınlar daha çoxdur.
Adi insanlardan tutmuş ən məhşur qadınlaradək. Onlar müasir kosmetologiyanın ən son nailiyyətlərindən istifadə etmək imkanına malik olsalar belə, təbii vasitələrdən bəhrələnməyi unutmurlar. Yəqin ki, bəzi tanınmış qadınların istifadə etdiyi sadə gözəllik reseptlərini bilmək sizin üçün də maraqlı olar:
- Məsələn, məşhur model Sindi Krouford dərisindən təbii südü əsirgəmir. O, pulverizatora bərabər miqdarda süd və su dolduraraq dərisini nəmləndirir və süd məhlulu üzündə quruyur. Belə məhlulu soyuducuda 1 gün saxlamaq olar.
- Ceyn Fonda cücərmiş buğda dənlərindən belə bir maska hazırlayır: 1 xörək qaşığı suda 1 xörək qaşığı dənləri qarışdırır və üzərinə 1 yumurta sarısı əlavə edir, üzünə çəkir. Maska quruduqda üzərinə ikincisini çəkmək lazımdır. 20 dəqiqə sonra su ilə yumaq, sonra krem çəkmək lazımdır.
- Aktrisa Cenifer Lav etiraf edir ki, dərisində əmələ gələn civzələri adi diş pastası ilə qurudur. Diş pastasını iltihab nahiyələrinə nöqtə kimi sürtərək.
- Aktrisa Mina Suvari aloye şirəsini duş qəbul etdikdən sonra bədəninə sürtür.
- Sofi Marso isə belə bir reseptdən istifadə edir: hər səhər duşdan sonra bədəninə zeytun yağı sürtür, hopandan sonra qalıqlarını salfetlə silir.
- Culiya Roberts zeytun yağını əlləri üçün istifadə edir, vaxtaşırı olaraq ilıq vannalar edərək.
- Lüsi Lyu qarğıdalı unundan bədəni üçün skrab kimi istifadə edir. O, unu su ilə qarışdırır, yüngül massaj edərək bədəninə sürtür, sonra ilıq su ilə yuyur.
- Sindi Krouford dərisini kofe çöküntüsü ilə pilinq edir. Kofe sellülitlə mübarizəyə kömək edərək dərini hamar saxlayır. Problemli nahiyələrə kofe sürtüb, sonra su ilə yumaq kifayətdir.
- Ketrin Zeta-Cons öz cazibədar saçlarına görə zeytun yağına minnətdardır. O, həftədə 1 dəfə zeytun yağını quru saçlarının dibinə sürtür, başını selofanla, sonra isə dəsmalla örtür. Yarım saat sonra şampunla yuyur.
- Cenifer Eniston şampuna 2 aspirin həbi əlvə edir ki, bu da saçlara parlaqlıq verir və tökülməsinin qarşısını alır.
- Aktrisa Sara Cesika Parker belə bir krem düzəldir: 2 xörək qaşığı qaymağı 1 xörək qaşığı zeytun yağı və 1 çay qaşığı limon şirəsi ilə qarışdırır. Alınan qarışığı başının dərisinə çəkir, 10 dəqiqə sonra ilıq su ilə yaxalayır.
- Bütün qadınlarımızın sağlam, təravətli və yüksək əhval-ruhiyyədə olmasını arzulayırıq. Qadın sağlamdırsa, deməli gözəldir.
Mənbə: İqtisadiyyat qəzeti