Normal dəri

Normal dəri

Gözəllik və dəriyə qulluq haqqında olan bütün mənbələrdə adətən problemli dərilərdən söhbət açılır. Yağlı dəri, quru dəri, qarışıq dəri... problemlərinə dəfələrlə müraciət olunub. 
Diqqətdən kənarda qalan bircə dəri quruluşu var: normal dəri. Nəmliyin, yağlılığın normal səviyyədə olduğu bu dəridə problemlər, adətən, az olur. Lakin bu, o demək deyil ki, normal dəriyə qulluq etmək lazım deyil. Dəri bütün hallarda qulluq tələb edir. Ən azından ona görə ki, ötən hər il insanın orqanizmində dəyişikliklərlə müşahidə olunur. Müəyyən yaş həddi keçdikdən sonra isə bu dəyişikliklərin heç biri yaxşılığa doğru getmir.Əgər dərinizin normallığına arxayın olaraq onu diqqətdən kənarda qoymusunuzsa, deməli, artıq problem yaratmısınız. Lakin kədərlənməyin. Yaxşı işə başlamaq heç vaxt gec deyil. Bütün başqa hallarda olduğu kimi, burda da qulluq səhər və axşam müəyyən qaydalara əməl edilməklə aparılır.

Dərimizə qulluq edək

Səhər qulluğu
Səhər yuyunarkən sabundan istifadə etmək olmaz. Otaq temperaturunda olan qaynanmış su ilə yuyunun. Sərin sudan da istifadə etmək olar. Sonra dərini üzünüzün xətləri boyu buz parçası ilə silin. Normal dərili insanlar sabundan həftədə iki dəfə istifadə edə bilərlər. Çünki sabunun intensiv istifadəsi gec-tez dərini quruluğuna səbəb olur. Bu isə qıcıqlanmanı artırır və dəri qabıq verməyə başlayır. Üzü buzla sildikdən sonra yumşaq dəsmalla qurulayın. Bu zaman dəsmalı üzünüzə bərk sıxmayın. Ümumiyyətlə, bütün tip dərilərdə yuyunduqdan sonra üzü bu qayda ilə silmək lazımdır. Dəsmalı üzə bərk sıxaraq dartdıqda dəri gərilir və vaxtından əvvəl qırışır. Əgər yuyunduqdan sonra kremdən istifadə edəcəksinizsə, onda üzü bir qədər nəm saxlamaq lazımdır. İşgüzar qadınlara bu məsləhət görülmür. Çünki küçəyə çıxmazdan əvvəl dəri mütləq tam qurudulmalıdır. Dərinin təravətli, canlı olması, qanın üzə vurması və yanaqların qızarması effektini əldə etmək istəyirsinizsə, soyuq su ilə yuyunun. Sonra isə dəsmalı üzünüzə yapışdıraraq bir balaca sıxın. Dəriniz normal olmaqla yanaşı, həm də həssasdırsa onda səhər təmizliyi üçün sudan yox, lasyondan, yaxud duru kremdən istifadə edin. Pambıq tamponu bu vasitələrin hər hansı birində isladıb üzünüzü silin.
Dərinin yumşaldılması
Ən yaxşısı yağlı olmayan kremlərdən istifadə etməkdir. Kremi barmaqların ucu ilə üz xətləri boyu yumşaq hərəkətlə, ən əsası isə nazik qatla çəkmək lazımdır. Sifət cizgiləri hamıda eyni cürdür: alında qaşların uzanma istiqamətində saçlara doğru, göz ətrafında içəri küncdən qaşların kənarlarına qədər, kənar göz küncündən aşağı göz qapağı istiqaməti ilə buruna qədər, sonra isə bütün üzdən qulağın yuxarı sərhədinə qədər. Bu hissələrdə kremi dördüncü barmaqla çəkmək lazımdır. Yanaqlara və çənəyə kremi dörd barmağınızla birdən çəkin. Quru dəridə olduğu kimi, burda da kremi isti suda qızdırılmış çay qaşığının arxası ilə masaj edərək çəkmək yaxşı effekt verir. Qaşıq çox isti olmamalıdır. Masajı üz xətləri istiqamətində, boyunda və sinənin yuxarı hissəsində etmək lazımdır. İntensiv istifadə zamanı ilk günlər masaj müddəti iki dəqiqə, sonralar isə beş dəqiqəyə qədər ola bilər. Bu proses qan dövranını yaxşılaşdırır, dəri kremi tez canına çəkir və tez nəmlənir. Masajdan sonra kremi yumşaq salfetlə təmizləmək yaxşıdır. Bununçün kağız salfeti üzünüzə yapışdırın və çəkin.
Dərinin qorunması
Normal dəri xüsusi diqqət tələb etmir. Dekorativ kosmetikadan istifadə etməklə edilən gündəlik makiyaj bütün qoruma prosesini həyata keçirir. Dərisində qan damarları genişlənmiş insanların qış aylarında nəmliyi olmayan kremlərdən, təbii heyvan yağlarından və yaxud zeytun, günəbaxan, qarğıdalı kimi bitki yağlarından istifadə etmələri məsləhətdir.
Axşam qulluğu
Axşam üzü qaynanmış ilıq su ilə yumaq lazımdır. Həftədə üç dəfə ağ rəngli kosmetik sabunlardan istifadə edə bilərsiniz. Sabunun üzünüzə kobud təsir etməməsinə diqqət yetirin. Əks halda dəriniz quruya bilər. Həftənin qalan günlərində isə yuyunmaq üçün sabun əvəzinə duru qatıq və bitki yağı ilə qarışdırılmış yumurta sarısından da istifadə edə bilərsiniz. Bu vasitələri yuyunmazdan 2-3 dəqiqə əvvəl üzə çəkin. Daha sonra isə pambıq tamponla və ya adi qaydada əllə yuyunun. Axşamlar üzünüzü yumağı sevmirsinizsə, normal dəri üçün hazır lasyonlardan istifadə edin. Ev şəraitində hazılanmış lasyonlardan da bu məqsədlə istifadə oluna bilər.

Normal dəri üçün maskalar

* 1 yumurtanın sarısına 1 xörək qaşığı qleserin əlavə edib qarışdırın. Maskanı üzdə 10-15 dəqiqə saxladıqdan sonra otaq temperaturunda saxlanılan qaynanmış su ilə yuyun.
* 1 xörək qaşığı bala 5-10 damcı limon əlavə edin. Maskanı üzdə 10-15 dəqiqə saxladıqdan sonra sərin su ilə yuyun. Əgər əldə etdiyiniz qarışıq durudursa, bura az miqdarda un, yaxud nişasta əlavə edə bilərsiniz.
* 1 xörək qaşığı una 1 yumurta ağının yarısını əlavə edib qarışdırın. Sonra bu qarışığa 1 çay qaşığı bal əlavə edin. Əmələ gəlmiş xəmirəbənzər kütləni 10-15 dəqiqəlik üzünüzə qoyun. Otaq temperaturunda olan suda isladılmış pambıqla təmizləyin.
* Bir neçə çiyələyi əzin və 1 xörək qaşığı kəsmik (yaxud xama) ilə qarışdırın. Maskanı üzdə 10-15 dəqiqə saxladıqdan sonra otaq temperaturunda olan su ilə yuyun. Çiyələk əvəzinə moruq, gavalı, şaftalı, ərik və almadan istifadə etmək olar. Təzə meyvə və tərəvəz üzə istənilən kremdən daha yaxşı təsir edir.
* 1 xörək qaşığı kəsmiyi 1 çay qaşığı xama ilə qarışdırın və bir çimdik duz əlavə edin. Maskanı üzdə 10-15 dəqiqə saxladıqdan sonra otaq temperaturunda olan qaynanmış su ilə yuyun.
* 1 xörək qaşığı qatığı 1 çay qaşığı un ilə qarışdırın. Əmələ gələn kütləni üzünzə çəkin və 10-15 dəqiqədən sonra ilıq suda isladılmış pambıqla silin.
* 30 qram mayanı az miqdarda süd ilə sıyığa bənzər kütlə əmələ gələnə qədər qarışdırın. Maskanı üzdə 15-20 dəqiqə saxladıdan sonra ilıq su və pambıqla təmizləyin. Əgər maskadan sonra dərinin dartıldığını hiss etsəniz, üzünüzə normal, yaxud quru dəri üçün olan krem çəkin. 15-20 dəqiqədən sonra kremin qalığını kağız salfetlə silin.
* Almanın qabığını soyub sürtkəcdən keçirin. Üstünə 1 çay qaşığı xama, yaxud 1 çay qaşığı zeytun (günəbaxan, qarğıdalı) yağı, həmçinin 1 çay qaşığı nişasta əlavə edin. Maskanı üzdə 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.
* Şaftalının qabığını soyun və əzin. Üzərinə 1 çay qaşığı nişasta, yaxud un əlavə edib alınan kütləni 20 dəqiqəlik üzünüzə çəkin. İlıq su ilə yuyun.
* Təmizlənib əzilmiş gavalıya 0,5 çay qaşığı xama, 0,5 çay qaşığı bitki yağı və 1 çay qaşığı nişasta əlavə edin. Maskanı üzdə 20-30 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.
* Xiyarı xırda gözlü sürtkəcdən keçirin və cunanın üzərinə sərərək üzünüzə qoyun. 20 dəqiqədən sonra cunanı götürüb otaq temperaturunda olan su ilə yuyunun. Maskaya bir neçə damcı limon əlavə etmək olar.
* Bir-iki salxım qarağatın üzərinə yarım stəkan qaynar su töküb ağzı qapalı vəziyyətdə 15-20 dəqiqə saxladıqdan sonra süzün. Mayeyə bir xörək qaşığı qarağat şirəsi əlavə edin. Bir neçə dəfə qatlanmış cunanı bu mayedə isladaraq, 15-20 dəqiqəlik üzünüzə qoyun. Sonra otaq temperaturunda su ilə yuyunun.
Top