Qadının hesabına yaşayan kişilər həmişə olub, belə getsə, həmişə də olacaq!
Böyük səs-küy salmış bir filmin qəhrəmanı insanları üç yerə bölürdü: satanlar, alanlar və satılanlar. Maddi dünyadan danışanda bu, həqiqətən də, belədir. Vicdanı, sevgini almaq, ruhunu satmaq kimi sözlərdən adamın tükləri biz-biz olur. Bugünkü mövzumuz barədə çoxları danışmağı sevmir. Çünki adəti üzrə əxlaqsız qadınlardan deyil, kişinin özünü satmasından danışacağıq. Satılan və qadının hesabına başını dolandıran kişilərə alfons deyirlər. Əlbəttə, əsl kişi satıla bilməz. Amma qadının hesabına yaşayan kişilər həmişə olub. Tarixən həmişə yararsız sayılan bu kişilər son vaxtlar nədənsə dəbə minib.
Mövzunu aydınlaşdırandan sonra çoxları dodağını büzəcək: «Kişilərin satası nəyi var ki, alan da olsun?». Kiməsə belə yaşamaq rahatdısa, dəvəquşu kimi başını torpağa soxub olanları görməyə də bilər. Nəzərə alın ki, böyük şəhərdə yaşayırıq. Çoxları da yağışdan sonra göbələk kimi artan fitnes və qadın klubları adlandırılan, gözəllik mərkəzi kimi fəaliyyət göstərən bağlı yerlərdə nələr baş verdiyini dəqiq bilmir. Amma bu, o demək deyil ki, alfonsa marşrut taksidə rast gəlmək mümküq deyil. Ona görə də tipik alfons obrazını bir az geniş çözələyək. Təcrübə böyük qüvvədir Bir neçə alfons tipi var: intelligent alfons, romantik alfons, zəhmətkeş alfons. Alfons utancaq, kompaniyanın sevimlisi və tutqun, sadəlövh də ola bilər. İlk görüşdə alfonsun əlində, adətən, gül olur, amma bu, birinci və axırıncı diqqət formasıdı. Yüngülcə eyham da vurur ki, böyük məmnuniyyətlə hər gün gül alardı, amma imkanı çatmır. Qadının maraqlandığı mövzulardan kənara çıxmır, özü danışmaqdansa danışdırmağa üstünlük verir. Bilərəkdən mübahisə də sala bilər. Çünki qadın mübahisə edərkən son dərəcə səmimi olur və qadının nə qədər üzüyola olması müəyyənləşir. Professional alfonsun nitqində mütləq uğursuz sevgisi, hətta özünü öldürmək istəyi baradə gözyaşardıcı əhvalatlar olmalıdı. Yaxud çətin uşaqlığını tez-tez yada salacaq. Bu vaxt qadın ürəyiyumşaqlıq edib onun evdəki, işdəki yaxud sağlamlığıyla bağlı problemini həll etməyi təklif etsə, artıq özünü tora düşmüş saya bilər. Adətən, sevgi oyununda əsas «kozır» intim sahədədi. Qurbanı mütləq onun əsarəti altına düşməlidi, yoxsa heç nə alınmaz. Bu məsələdə texnika böyük rol oynayır. Məlumdur ki, texnika təcrübəylə cilalanır. Alfons heç vaxt sizdən nəyisə birbaşa xahiş etməyəcək. Sizin məsləhətləriniz da ona lazım deyil. Özünüz düşünün, parlaq zahiri görünüşü olan birisinin sevgi sükanı daim qayaya niyə rast gəlsin ki? Yaxud onun qabağına daim əclaf qadınlar niyə çıxmalıdı? Elə bil başqa cürəsi yoxmuş. Elə bilirsiz ki, yataqda çıxardığı «fokusları» təkbaşına, özü də bələkdə öyrənib? Qızlar, təcrübə böyük qüvvədir! Kişidi bu! Atasının səhv işidi bu! Alfons obrazının tam olmasıycün daha bir tipi də təsvir eləmək lazımdı. Buna milli alfons deyərdim, çünki çeşidli testlər və məqalələrdə təsvir edilmiş obrazlarda onun təsviri yoxdu. O, başdan ayağa kimi bizimkidi, millidi. Bu alfons tipi işləmək istəməyən, evdəki qadınların – arvadı, anası, bacılarının boynunda oturub zəhmətdən qaçan kişi obrazıdır. Ətalətli həyat tərzini ölkədəki sosial vəziyyət, işsizlik, dövlətin insana qayğı göstərməməsi və s. bəhanələrlə izah eləməyə çalışan bu kişilərə siz də çox rast gəlmiş olarsız. Adətən, gününü televizor qarşısında, ya da tində, çayxanada dostlarıyla gün öldürməkdə keçirir. Biçarə arvadının danlağına orda-burda xüsusilə də ehsan yeyərkən yas məclisində mollanın ağzından eşitdiyi ifadələrlə cavab verir: «Allah kərimdi», «Ruzunu Allah yetirir», «Naşükürlük eləmə, acından ölmürük ki?», «O dünyada əvəzi veriləcək». Bəs belə kişi hər gün yediyi çörəyə görə, geydiyi paltarın əvəzində qadınına nə verir? İnanmıram ki, vaxt öldürməklə gün keçirən kişi eşşək kimi işləyən, evə gələndən sonra mətbəxdə çarpışan arvadını özünə seksual marağıyla bağlaya bilir. Vecsiz kişinin arvadına verə biləcəyi bir şey varsa, o da abırlı, evli xanım statusudur. «Uşaqlarımın atasıdı», «Necə olmasa da, kişidi» düşünən arvadı bu statusu itirmək qorxusundan heç vaxt ərinə qarşı çıxmaz. «Sevgini kişilər uydurub ki, xərcə düşməsinlər» Alfonsluq patologiyadır – bunu psixoloqlar deyir. Çünki daşıyıb gətirmə, əldə eləmə, qalib gəlmə, birinci olma – bunlar kişinin təbiətidi. Mağaraya sığınan vaxtlarda o, mamont vurub evə daşıyırdısa, indi o, pul gətirir. Kişinin özünü və ailəsini təmin eləmə instinktini əlindən alsan, o, pələngdən pişiyə çevrilə bilər. Kişilərin də yaxşı bəhanələri var: deyəcəklər ki, bərabərlik istəmirdiz? Bu da bərabərlik, alın! Nə qədər ki, cinslərin bərabərliyi söhbəti gedir, ayrı-ayrı adamların alfonsluğu gülməli görünə bilər. Kişinin puluyla dolanan qadın elə, sadəcə, qadın adlanır. Həyatda uğur qazanmaq asan iş deyil, amma məhz bu, kişini kişiyə çevirir. Hər qadının öz nağılı Münasibətlərin sonunda qadın parçalanmış ürəyi və boşalmış qəlbi (əlbəttə, cibiylə birgə) ilə təkbətək qalır. Məhz bu dövrdə qüssə, xiffət və göz yaşları həyatınızı dəhşətə çevirə bilər. Qadınlar belədir də, əvvəl eləyir, sonra düşünürlər.
Varlı qadın acından ölənin birisinin üzünə də baxmaz «Metalın yorğunluğu» adında texniki termin var. Daimi gərginlikdən metal yorula bilər. Bəlkə, elə kişilərlə də belədir? Güclü cins olmaqdan beziblər? Düzdür, lovğalıq və qürurundan bunu boynuna alan az tapılar. Kişilər, qiymətiniz neçədir? Bu günlərdə internetdə oxudum: «Tamahkarlıq və seksual cazibəsi sayəsində varlanmaq istəyi təkcə insana məxsus keyfiyyət deyil. Bunlar meymunlarda, hətta pinqvinlərdə də müşahidə edilib». Neynək, deməli, təbiətə qarşı getmək olmaz. Hər bir insanın qiyməti özünə verdiyi dəyər qədərdir.
Nə qədər ki pul var, hər şey satıla bilər
Kişilər özünə difiramb oxumasın deyə, əvvəlcədən deyim ki, alfons həyatını yaşayan kişilər heç də mənfur və murdar məxluqlar deyil. Əlbəttə, seksual partnyoru havayı tapmaq mümkün olan, deyərdim ki, gərgin rəqabət şəraitində alfons nə qədər usta olmalıdı ki, onun «zəhmətinə» qiymət verən tapıla bilsin.
Professional maço bütün cazibə və seksual bacarığını imkanlı qadının başını «piyləməyə» yönəldən kişidir. Evə sifarişlə gələn oğlanları axtarmaqçün internetə girib bir neçə düyməni basmaq kifayət eləyir. Burda parametrləri rəqəmlərlə və poetik ifadələrlə tam təsvir olunur. Əslində kişi fahişəliyi cəmiyyətdə sosial hadisə kimi, demək olar ki, yoxdur. Heç bir qanunda bu barədə heç nə yazılmayıbsa, bu, o demək deyil ki, heç nə baş vermir. Dünyagörmüşlərin dediyinə görə, nə qədər ki pul var, qadınlar və hətta güclü cins olan kişilər də satılacaq. Həm də özünü maddiyyata dəyişmək istəyən kişinin fiziki parametrlərindən başqa, xeyli müsbət keyfiyyətləri də olmalıdı. Qadınlara bu daha çox lazımdı.
Sənətkar təbiətinə də arxayın ola bilər. Guya fani dünyanın nemətlərindən çox uzaqmış, yalnız sənətə özünü həsr eləməkdi amalı. Əsl sənətkarlarla dəyişik salmamaqdan ötəri bilin ki, sənətkar öz işini görür, onun zarımağa, kiminsə qoltuğuna girməyə, sadəcə, vaxtı yoxdu.
İnternet alfonsları xüsusi kateqoriyadı. Axı internet müxtəlif havayı hədiyyələrlə – şəkillər, başqalarının şerləri, gözəl məhəbbət ifadələriylə doludur. Bir də ki, qurulmuş tora bir neçə qadın birdən də düşə bilər. Düyməni bir dəfə basmaqla neçə qadını «xoşbəxt» eləmək olar. Necə deyərlər, tutar qatıq, tutmaz ayran. Öz emosiyalarını ifadə eləməyən kişidən nə gözləyirsiz?
Cəmiyyətin evli xanım statusuna olan münasibəti bəzən cəmiyyətdə alfons kişilərin yaranmasına təkan olur. «Parlaq» keçmişi və bəzən bu günü olan qadınlar çox vaxt sakit və problemsiz həyat axtarışında olan bir kişiylə evlənməklə fərsiz papaq sahibinin sayəsində adının üstündəki ləkəni təmizləmiş olur. Bunun əvəzində kişini yedirib-geyindirmək bir elə də problemli görünmür.
Gözəlliyi və cazibəsini artıq itirmiş kişilərin əlləri yanına düşməsin. Deyilənə görə, daz başı, hətta burnuna dəyən qarnı olan kişilərin də alfons olmaq şansı var. Onun da qismətinə bankda hesabı olmayan, amma kifayət qədər qazana bilən, təravətini hələ itirməmiş qadın düşə bilər.
Hər bir qadın öz nağılını özü yazır. Alfonslar təkcə pulunu deyil, canını, qəlbini alır. Ola bilər ki, kimsə qarşısına çıxan alfonsu minnətdarlıq hissiylə xatırlayır, çünki onu göylərə qaldıran, görmədiyini göstərən birisiylə tanışmışdı. Amma əvəzində bütün kişilərə və sevgiyə inamını itirməli olmuşdu.
Kişiləri almaq istəyən qadının özünün obrazını canlandırmağa çalışaq. Aldanan qadınları bir kənara qoysaq, yerdə tənha, imkanlı və aldanmaq istəyən qadınlar qalacaq. Həyatda maddi arzuların hamısını dadandan sonra sevgi, nəvaziş və hələ də ölməmiş sevimli olmaq arzusu çoxunu rahat buraxmır. Emansipasiya nəticəsində müstəqilləşib kişiylə bərabər həcmdə qazancı olan qadınların çoxalması qoltuğa sığınıb yaşamaq, yağ-bal içində üzmək istəyən kişilərin artmasına gətirir.
Daha bir alfons kişi növü də var ki, onlar varlı kişilərin arvadlarının «ovu»na çıxırlar. Fikir vermisizsə, şəhərdə xarici və çox bahalı maşın sürən qadınların sayı çox artıb. Onlar hamısı imkanlı kişilərin təkcə arvadı deyil, məşuqəsidir, aşnasıdır, bir sözlə saxladığıdır. Ahıl yaşında cavan məşuqə saxlayan kişilərçün elə bir gün gəlir ki, qadını elə onun pulunu nisbətən cavan kişiyə xərcləməli olur. Bu tip alfons kişi artıq qadınların yox, kişilərin hesabına yaşayır. Həyatdı da, belə də olur! İndiki xanımların həyat eşqi və iştahası qarşısında davam gətirməkmi olar?
Düşüncələrini etiraf etməkdən çəkinməyən professional alfons hesab edir ki, (belə etirafları yalnız rusdilli məqalələrdə oxumaq olar) adi oğlan uzaqbaşı fahişə ola bilər. Varlı qadın acından ölənin birisini heç vecinə də almaz. Yəni düşünürsüz ki, pul qazanmağı bacaran bir xanım adam tanıyan olmayacaq? Tanışlığın üçüncü günü heç kimə ev, maşın bağışlamırlar. Ən əvvəl eyni sosial pillədə dayanmaq lazımdı. Artıq qocalmağa doğru gedən «şlyapalı Malvina» dodaqaltı məhəbbət şerlərini pıçıldayırsa, alfons ən azı şerin müəllifini tanımalıdı.
Alfonsluğu özünə yaraşdıranların əksəriyyəti boqema həyatını yaşayan və imkanlı valideynlərin uşaqlarıdı. Onların beynində işləmək və zəhmətlə qazanmaq anlayışları yoxdur. 30 yaşacan hələ də «oxuyur», 40 yaşacan pivə pulunu hələ atalarından alırlar. Belə cavan oğlan qadının başını göz qırpımında tovlaya bilər. «Gələcəyinçün niyə bir şey eləmirsən?», «Niyə heç vaxt pulun olmur?» kimi axmaq sualları eşidənəcən nə qədər xeyir götürmək olar? Əgər bəxtinə düşən qadın həm yaşlı, həm də eybəcərdirsə, lap yaxşı. Gözəl olsa, vurula bilər axı!
Tənha və varlı qadını ayırmaq çətin deyil. Ola bilər, onun əlində bir dənə, amma necə (?!) üzük olacaq. O, yorğun və tənha görünür. Üz-gözündəki çoxlu kosmetika ruhi vəziyyətinin qeyri-stabilliyindən xəbər verir. Bir qədər kökdürsə, kompleksləri də onu rahat buraxmır. Onu əldə eləmək professionalçün çox rahat olacaq.
Əlbəttə, elə bir gün gələcək ki, alfonsun özü də qocalacaq və cavanlarçün tamamilə cazibəsinii itirəcək. Yəqin, o vaxt o, «zəhmətlə» qazandığı puldan ev alıb ailə başçısı, uşaq atası da olacaq və respektabelli burjua kimi bahalı kurortlarda dincələcək. Axı oraların tamı adamın ağzından çox gec gedir.
Minlərlə maraqlı insan münasibətlərini gizləmiş internetə alfons axtarmaq məqsədilə «Kişilər, qiymətiniz neçədir?» sualıyla da müraciət etmək olardı. Axtarışlar nəticəsində belə cəsarətdə bulunan bir qadının müraciətinə də rast gəldim. O, kişilərə özünü dəyərləndirib, fiziki və texniki parametrlərini göstərməklə neçəyə olduqlarını yazmağı xahiş eləmişdi (AzTOP Forum). Bütün parametrləri təfsilatıyla yazan kişilərdən az qala hamısı bir xeyli «naz-qoz»dan sonra etiraf elədilər ki, pulla bu işi çox həvəssiz görərdilər. Amma ehtiyacı olanlara havayı xidmət göstərmək onların ürəyincədir. Bizim xalq sadəlövh və xeyirxahdır, pulgirliklə heç arası yoxdu.
...Düşünürəm ki, sevgi, nəvaziş, gündəlik təmiz köynək və işti şorbanı dünyanın heç bir valyutasıyla ölçmək olmur. Bu yazıya görə daşqalaq olunmamışdan əvvəl bilmək istərdim: «Kişilər, özünüz deyin, bu, belə deyilmi?»
Mənbə: Bizim Yol qəzeti