İtalyan ənənələrinin layiqli davamçılarından biri olan «Etro» moda evi ancaq geyim deyil, həmçinin parfümeriya, ayaqqabı, çanta, mebel və parça istehsalı ilə məşğul olur. Bu italyan markası özündə klassik və lakonik tərzin birləşməsini, eyni zamanda, qədimliyi və zadəganlığı təcəssüm etdirir.
«Etro»nun kəşmir, ipək, kətan, pambıq kimi bənzərsiz parçalarına hər zaman böyük tələbat olub. Təsadüfi deyil ki, brend öz fəaliyyətinə 1968-ci ildə parça istehsalı ilə başlayıb. Məşhur italyan markaları öz kolleksiyalarının yaradılmasında «Etro»nun nəcib parçalarından istifadə edirlər.
Ailə biznesi
Şirkətin yaradıcısı Ciromalo Etro incəsənətlə maraqlanıb, səyahət edib və antik əşyalar toplayıb. Bütün həyatını nadir və qədim rəsm, foto, kitab, geyim, parçaların öyrənilməsinə həsr etmək istəyirdi. Amma ona ailə biznesindən kiçik tikiş fabriki miras qalandan sonra işin başına keçərək onu özü idarə etmək qərarına gəlib. İdarə etdiyi müəssisə ziyanla işlədiyindən onu ayağa qaldırmaq üçün yeniliyə ehtiyac olduğunu hiss edib. Elə həmin vaxtlar təbii liflərdən istifadə edərək ən keyfiyyətli məhsulların satışı ilə məşğul olmağa başlayıb.Bundan sonrakı bütün fəaliyyəti ilə o sübut edib ki, dəbə gözlənilməz yeniliklər gətirmək mümkündür. Cimmo aristokratsayağı, kəşmir, ipək, pambıq, kətan kimi təbii parçaların istehsalı, o cümlədən fabrikə müasir avadanlığın alınması üçün böyük vəsait buraxıb. Qədim şərq ornamentlərinə əsaslanan parça naxışları üzərində isə şəxsən özü işləmişdi. Keyfiyyətli və qeyri-adi parçalar sifarişçilərin də xoşuna gəlmişdi. Beləliklə də, fabrikə təkcə İtaliyadan deyil, eləcə də ABŞ, Böyük Britaniya və Fransanın nüfuzlu moda evlərindən sifarişlər daxil olub.
Dəyişdirilmiş konsepsiya
1968-ci ildə Etro Cirolamo Milanda «Etro» şirkətini qeydiyyatdan keçirir. Bir neçə il ərzində İtaliyanın müxtəlif şəhərlərində şirkətin təxminən on filialı açılır.Yaradıcılıq ideyalarını Hindistanda tapır.Cimmo Etro: «Hind parçaları mənim xoşuma gəlir, tünd olsa da, çox gözəldir. Onları dolğun və zəngin rənglərlə qarışdırmağı xoşlayıram. Hindistan böyük sivilizasiyadır, mən oranı öz ənənələrinə qayıdış adlandırardım».
Antik əşyalar toplamağa böyük həvəs göstərən dizayner yenilik axtarışlarını səyahətlərdə tapırdı. Səyahətləri zamanı o, nəinki təbiətin qeyri-adi gözəlliyindən həzz alır, həm də vaxtının çoxunu həmin ölkənin yerli parça istehsalını öyrənməyə sərf edirdi. Səyahətlər sayəsində Şərq motivləri və ornamentləri «Etro» parçaları üzərində təsvir edilirdi. Belə ki, O, Hindistana səfəri zamanı buta motivləri ilə tanış olur. Əsas kəşfini də oradan qayıtdıqdan sonra edir. Buta ornamentlərindən ilhamlanan Cirolamo Etro Hindistanda öyrəndiyi parça istehsalı texnologiyasını öz müəssisələrində də tətbiq etməyə başlayır. 1981-ci ildən isə buta naxışları markanın firma simvolu olur.
Şərqin bu əvəzolunmaz ornamenti markanın hər bir parça kolleksiyasının dəyişməz atributuna çevrilir. Lakin Etro onu həmişə fərqli formalarda təqdim edir, özünün orijinal ideyalarını da irəli sürürdü. Hər bir yeni buta brendin özünəməxsus fetişi (Müqəddəsləşdirilən bütün maddi əşyalar fetiş kimi qəbul olunur) olub, klassikaya və qədim ənənələrə yeni yanaşma kimi çıxış edir. Həmin illərdə marka hind bəzəkləri ilə işlənmiş yumşaq mebellər üçün nəzərdə tutulan örtük kolleksiyasını da buraxmışdı.
İnnovativ texnologiya
1984-ci ildə şirkət plastik materiallardan və dəridən hazırlanmış aksessuar kolleksiyasını təqdim edib. Burada çantalar, çamadanlar, kosmetikalar, pul qabları təqdim olunmuşdu. Kolleksiyaya modapərəstlərin böyük maraqla qarşıladığı və dünyada məşhurlaşan şəffaf plastik əl çantaları da daxil idi.
İlk kolleksiya, ilk ətir...
1988-ci ildə «Etro» brendi ilk dəfə olaraq etnik motivlər əsasında hazırlanmış kişi və qadın geyim kolleksiyalarını təqdim edir. Həmin kolleksiyaları Cimmo Etronun oğluyla qızı — Kin və Veronika işləmişdi. Geyimlərin əksəriyyəti markanın məşhur buta ornamentləri ilə bəzədilmişdi. Onlar tezliklə yaylıqlarda, şallarda, şərf, qalstuk kimi aksessuarlarda da əksini tapdı.1988-ci il «Etro» üçün ilk butikin açılması ilə də əlamətdar olub.
Növbəti il şirkət öz ətriyyat xəttini buraxıb. İtaliyanın lyuks brendi kübar təbəqənin nümayəndələri üçün nəzərdə tutulan ətirləri xüsusi və qədim reseptlər əsasında hazırlayıb. Marka bu ənənəsini indi də davam etdirməkdədir. «Etro» şirkətinin ətriyyat xəttinə 20-dən çox ətir daxildir: «Paisley», «Ambra», «Anice», «Dianthus», «Vicolo Fiori», «Dianthus», «Pegaso», «Relent», «Etra», «Via Verry Vintage», «Lemon Sorbet», «Muck», «New Tradition», «Shaal Nur», «Royal» və.s.
İtalyan brendi kişiləri də unutmayıb. «Patchouli», «Vetiver» kimi sevilən kişi ətirləri yaradıb ki, onların çoxunun əsasını Şərq inqrediyentləri: paçuli, səndəl, mirra, buxur və.s təşkil edir. Bu bitkilərin qeyri-adi ahəngi ətirlərə orijinallıq verir.Cimmo Etro brendin ətirlərini belə xarakterizə edir: «Biz çox yüngül hiss olunan ətirləri yaratmaq istəyirik. Ən xoş ətir — təbii ki, öz bədənimizin qoxusudur. Buna baxmayaraq, insan bədəni ətirlərə ehtiyac duyur. Biz də çalışırıq ki, ətrafdakılara mane olmayan yüngül ətirlər yaradaq!»
Beynəlxalq dərəcəli brend
90-ci illərdən «Etro» beynəlxalq dərəcəli brend kimi tanınmağa başlayıb. Parisdə ilk butikin açılışı bu yolda atılan əhəmiyyətli addım sayılır. «Etro»nun ikinci butiki Romada fəaliyyətə başlayır. Həmin vaxtdan brendin məhsullarına tələbat elə artır ki, şirkət istehsalını iki dəfə artırmalı olur. Məsələn, Milan yaxınlığında yeni toxuculuq mərkəzi açılır. 1995-ci ildə Paris Sen Jermen bulvarında «Etro»-nun ikinci butiki açılır. Sonrakı illərdə Amerika və Avropada da mağazaları fəaliyyətə başlayır ki, hazırda onların sayı əllidən çoxdur.
Etronun biznesi övladlarının sayəsində çiçəklənir
Hazırda böyük dəb imperiyasını Cimmo Etro öz övladları ilə birgə idarə edir. Cimmo deyir ki, məhz onların yenilikçiliyi, maraqlı təşəbbüsləri sayəsində ailə biznesi çiçəklənir.Brendin kişi və qadın istiqamətlərinin kreativ direktorları Kin və Veronikadır. Kin dama-dama parça və onun imkanlarının araşdırılması ilə məşğul olarkən, Veronika vaxtının çoxunu səyahətlərdə keçirir və atası kimi özü ilə yeni ideyalar gətirir.
Təsadüfi deyil ki, sözügedən markanın məhsulları dizayn etibarı ilə tarixə və səyahətə ehtirası, eyni zamanda müxtəlif xalqların mədəniyyətlərini əks etdirir. Dizaynerin yaradıcılığının əsas leytmotivini də Şərq və Qərbin, ənənəvilik və müasirliyin kombinasiyası təşkil edir. Təbiətdən ilhamlanan Veronika Etronun kolleksiyaları incə və cəlbedicidir.
Krujeva və korsetlərin hesabına buta ornamentəri qadınlara xüsusi və vəhşi gözəllik verir, onları daha həssas və ehtiraslı göstərir. Bu xüsusiyyətlərinə görə, dizaynerin işinin insana stress əleyhinə terapiya təsiri göstərdiyi deyilir. Dizayner atlasdan, məxmərdən, yundan, dəridən, hətta kürkdən belə məharətlə istifadə edərək, parlaq kolleksiyalar yaradır.Cimmo Etronun ikinci oğlu İppolit şirkətin maliyyə direktoru, böyük oğlu Cakopoya isə «Home Collection» istiqamətinin rəhbəridir.
«Etro Home Collection»
Sifariş ver, geyin
«Etro»nun İtaliyadakı mağazalarında modapərəstlərin paltar sifariş vermək imkanı da var. Burada müştərinin ölçüsü götürülür, ona kataloqdan parça seçməyə kömək edilir. Sifariş təxminən bir ay sonra hazır olur.Markanın əsas fəlsəfəsini parlaq rənglərin və etnik naxışların müxtəlifliyi təşkil edir. Lakin bu müxtəliflikdən və qarışıqlıqdan qorxmaq lazım deyil. Rənglər və ornamentlər birləşərək aktuallığını heç zaman itirməyən mükəmməl harmoniya yaradır. Əgər siz bu naxışı birlikdə istifadə etməkdən qorxur, düzgün uyğunlaşdırmaqda çətinlik çəkirsinizsə, onda moda evinin kolleksiyalarına mütləq nəzər salın.