2014-2015 payız-qış trendləri

2014-2015 payız-qış trendləri

                            

Bir çox xanımlar 2014-2015 payız-qış trendlərini öncədən bilməklə, qarderoblarını ona uyğunlaşdırırlar.

Qarşıdakı mövsümlərdə də ötən il olduğu kimi 60-70-ci illərin stilini xatırladan geyimlər aktual olacaq.

Bundan başqa, yun, kürk və məxmər parçaların dəbdə olması qışda sizi həm soyuqdan qoruyacaq, həm də dəbli göstərəcək.

2014-2015 payız/qış trendləri:

Mavi rəng

Bu rəngin çalarları — «buz» mavisi, açıq mavi, kobalt mavi mövsümün populyar rəngləri sırasındadır. Xüsusən kobalt mavi rəngli geyimlər qış mövsümündə çox rastımıza çıxacaq.

Kürk

Kürk, daha doğrusu saxta kürklər payız/qış mövsümlərinin trendlərindəndir. Onlar paltarların ətəklərini, yaxalarını, qollarını bəzəyir. Əsasən rəngarəng, yəni «color block» kürklər əldə etməyə çalışın, hətta «Teddy Bear» kürk paltolarına da bu ilin dəbində yer veriləcək.

«Sporty-Chic»

Street style-ın modaya gətirdiyi yeni üslub — sport-şıq bu qış «kapitone» parçalar, idman ayaqqabıları, nömrəli idman köynəkləri, kollec gödəkçələrində görünür.

«Military»

Hərbi geyimlər 2014-cü ilin qış mövsümündə geri qayıdacaq. Kamuflaj naxışlar, haki yaşılı, hərbi gödəkçələr, çoxcibli şalvarlarla Kara Delevin kimi dəbli görünüşlər əldə edə bilərsiniz.

Retro

1960-cı illərin mini ətəklərini, enlibalaq şalvarlarını, uzunboğaz çəkmələrini, qısa gödəkçələrini, Helmet papaqlarını və retro naxışlarını hər yerdə görməyə hazır olun.

Maskulin

Bu ilki «BAFTA» mükafatlandırma mərasimində Ancelina Colinin geyindiyi Saint Laurent imzalı kostyum çoxunuzun yadındadır. Siz də onun kimi maskulin, eyni zamanda şıq görünmək istəyirsinizsə, bu qış kostyumlara, «pinstripes» naxışlara, «oversized» paltolara və pencəklərə üstünlük verin. Bu obrazda əsas tonlar — qara, boz və qəhvəyidir.

Yun kostyumlar

Həmişəkindən fərqli olaraq yun donlar və köynəklər deyil, yun şalvarlar da trend olacaq.

Metallik parçalar

Qışın darıxdırıcı soyuq havası ilə metallik parçalı geyimlər «mübarizə aparacaq». Xüsusən qızıl parıltılı geyimlər bol olacaq.

Pelerin və pançolar

İri şallar, pelerinlər və pançolar da bu il dəbə qayıdan trendlərdəndir.

Dama-dama naxışlar

Dama-dama naxışlı paltarların həvəskarısınızsa, «Tommy Hilfiger», «Burberry», «Ralph Lauren» markalarının bu ilki kolleksiyalarına mütləq nəzər yetirin.

 

 

 

 

Top