Fransız nağılı

Fransız nağılı

Biri var idi, biri yox idi bir balaca milçək var idi. O, böyük alma ağacının dibində, kiflənmiş almanın içində öz ailəsi ilə birlikdə yaşayırdı. Balaca milçək heç vaxt yuvasından uzağa çıxmamışdı.  Çünki o, ailəsinin yanında xoşbəxt idi. Demək olar ki, bu alma ağacının yanından heç vaxt kimsə keçməmişdi. Amma ola bilsin, nə vaxtsa başları işləməyə bərk qarışmış iki və ya üç qarışqa milçək ailəsini salamlamışdı.

Bir gözəl yay günündə, balaca milçək çürümüş almanın başında günəşin altında yayxanaraq mavi səmada buludların yavaş-yavaş hərəkət etməsinə baxırdı. Və birdən, şap! Şup! Balaca milçək nəsə eşitdiyinə inandı.

Şap! Şup! Bu çox gözəl bir kəpənək idi. Bütün ömrü boyu balaca milçək belə kəpənək görməmişdi. Kəpənəkdə bütün rənglər var idi, qanadları son dərəcə böyük və qızılı rəngdə idi. Üzərinə qırmızı, firuzəyi və bənövşəyi rəngdə nöqtələr səpələnmişdi. Hər qanadının ortasında parlaq yaşıl və qara rəngli çevrələr var idi. Balaca milçək gözlərinə inana bilmirdi. Gördüyü varlıq o qədər gözəl idi ki! O, heç vaxt fikirləşmirdi ki, qanadların da rəngi ola bilər. Elə bilirdi, uçan bütün canlıların qanadı onun öz qanadı kimi balaca, nazik və şəffafdır.

Kəpənək dedi: “Salam. Deyəsən, alma ağacının altında azmışam. Mənə meşənin istiqamətini göstərə bilərsiniz?”

Balaca milçək, şübhəsiz, heç vaxt öz yuvasından çıxmamışdı. Amma valideynlərinin getdiyi yolu tez-tez gördüyünə görə, meşənin istiqamətini gözəl bilirdi. Heç bir söz demədən yolu barmağı ilə kəpənəyə göstərdi. Amma o qədər suallar vermək istəyirdi ki… Bilmək istəyirdi, görən, bu qədər gözəl qanadlarının olması üçün nə edib? Di gəl, kəpənəyin gözəlliyinə elə heyran olmuşdu ki, danışa bilmirdi.

Kəpənək ona təşəkkür edib, yüngül hərəkətlə meşəyə tərəf uçdu. Balaca milçək bu barədə ailəsinə heç nə danışmadı. Bir neçə gün keçsə də kəpənəyi unuda bilmirdi. Səhərdən axşama qədər, hətta gecələr də onun haqqında düşünürdü. Yay günəşinin altında parıldayan qızıl qanadlı kəpənək haqqında fikirləşdikcə özünü çirkin hiss edirdi.

Beləcə, bir gözəl səhər balaca milçək kəpənək olmaq üçün yola çıxmağı qərara aldı və meşəyə tərəf üz tutdu. Balaca milçək üçün kəpənəyə çevrilmək heç də asan deyildi. Hətta bu, mümkünsüz idi. O, tezliklə bunu başa düşdü. Yolda qarşılaşdığı bütün heyvanlar eyni şeyi təkrar edirdilər: bu, qeyri-mümkündür.

Amma yenə də fikirləşdi ki, kəpənək kimi gözəl olmaq üçün bir yol tapa bilər.

Balaca milçək özünün xəbəri olmadan meşənin içinə gəlib çatmışdı. Cığırın kənarında bir qaragilə kolu tapdı və mavi rəng vermək üçün qanadlarını qaragilə şirəsinə çəkdi. Çox xoşuna gəldi. Beynində hələ də kəpənəyin şəkli canlanırdı və bir rəng kifayət deyildi. Beləliklə, yoluna davam etdi. Xeyli getdikdən sonra qanadlarının kənarını tünd qırmızı eləmək üçün bir neçə lalə ləçəyindən istifadə etdi. Müxtəlif çiçəklərin tozcuqlarından qanadlarını qızılı sarı rəngə boyadı.

Yaşıl rəng üçün təzə-tər otların içində eşələndi. Bütün bu gözəl rənglər onu xoşbəxt edirdi. Amma yenə də kəpənəyin qanadlarına bənzəmirdi. Ona nə isə başqa bir şey lazım idi. Balaca milçək dayanmadan başqa rənglər də tapırdı. Çəhrayı, bənövşəyi, narıncı, tünd göy...

Sonda təkcə onun qanadları deyil, bütün bədəni və başı göy qurşağının bütün rənglərinə boyanmışdı. Amma bir şey çatışmırdı. O, tam olaraq kifayətlənmirdi.

Birdən kəpənəyin qanadlarının şəfəq saçdığını xatırladı. Elədir ki var! Ona parıldayan, işıqda bərq vuran bir rəng lazımdır. Beləcə, yoluna davam etdi və gözəl bir çaya gəlib çıxdı. Ona lazım olan şey burada idi.

Sahildə saysız-hesabsız xırda çay daşları görmək olardı. Ən balacaları duz dənələri boyda idi. Hamısı gümüşü rəngdə idi və min rəngə çalırdı. Balaca milçək razı halda sahilə çatdı və gümüşü tozların içərisində eşələnməyə başladı. İşini qurtarandan sonra günəşin şüaları altında ağacların başında uçmağa tələsirdi. O, necə də qəşəng görünəcəkdi!

Amma balaca milçək bir an da olsa fikirləşməmişdi ki, bütün bu rənglərin çəkisi onun zərif qanadlarına ağırlıq edəcək. Uçduğu vaxt o, tarazlığını itirdi, fırlanaraq, “Şart!” deyə ağırlıqla çaya düşdü. Xoşbəxtlikdən boğulmadı. Bir yarpağın üstündə uzanmış halda özünə gəldi. Kəpənəklər onun ətrafında toplaşmışdılar və diqqətlə ona baxırdılar. Onların sayı çox idi, hamısının qanadları, bir neçə gün əvvəl rastlaşdığı kəpənəyin qanadlarına bənzəyirdi. Çayın, onun qanadlarının üstündəki bütün gözəl rəngləri yuyub apardığını görəndə o, necə də məyus oldu! Və ağlamağa başladı.

— Sən niyə ağlayırsan? — kəpənəklərdən biri soruşdu. — Biz səni boğulmaqdan xilas etdik, indi sənin üçün təhlükəli heç nə yoxdur.

— Mənim qanadlarımın bütün gözəl rəngləri itdi — balaca milçək izah etdi — mən o qədər qəmginəm ki!

Kəpənək çox təəccübləndi, heç nə başa düşmürdü.

— Amma — o dedi — sənin qanadların çox gözəldir, biz heç vaxt belə qanadlar görməmişik! Bizim aramızda çox kəpənək bu cür  qanadlarının olmasını istəyərdi. Bax, gör, onlar necə incə və nazikdirlər, sanki, görünməzdirlər. Bizim qanadlarımız isə tutqun və ağırdır. İstifadə etmədiyimiz zaman onları necə tutacağımızı bilmirik! Yatanda da bizə mane olur. Çox kövrək olduqlarına görə, əzməmək üçün həmişə diqqət göstərməyimiz lazımdır. Ah! Mən, həqiqətən, sənin qanadlarından istəyirəm!

Balaca milçək günəşin altında parıldayan qanadlarına baxdı. Şəffaf qanadlarını yarıb keçən günəş şüaları kiçik həndəsi fiqurlar yaradırdı. Qanadlarını çırpdıqca fiqurlar da dəyişirdi. O, kəpənəklərinki kimi, ağır və tutqun qanadlarının olmadığına görə sevinirdi və balaca milçək başa düşdü ki, onun qanadları da çox gözəldir.

Balaca milçək könül rahatlığı ilə öz yuvasına, ailəsinin yanına qayıtdı. O, nəinki balaca milçək olmasına, həmçinin dünyanı kəşf etməsinə görə xoşbəxt idi. Öz-özünə söz verdi ki, bundan sonra yeni şeylər kəşf etmək üçün tez-tez yuvasından çıxacaq.

Və balaca milçək kəpənəklərlə dost oldu.

Tərcümə etdi: Sədəf Bağıyeva

Top