Gucci

Gucci

Gucci firmasının loqosu«Gucci» müasir moda dünyasının ən nüfuzlu və avtoritetli markalarından biridir. Bu dünya şöhrətli brendin hansısa məhsuluna sahib çıxmaq istəyən insan üçün «Gucci»nin kostyum və ya qalstuku əsil möcüzə kimi səslənir. Onu yalnız və yalnız Kristian Dior, İv Sen Loran kimi markalarla müqayisə etmək mümkündür. Toxunduğu hər şeyi qızıla çevirən əfsanəvi şah Midasa kimi «Gucci» şirkəti də hansı işə əl qoysa, hətta bu, avtomobil təmir etmək üçün adi alət olsa belə, onu cah-calala çevirər. Bir sözlə, «Gucci» xüsusi şarm, stil və mükəmməl zərifliyin simvoludur. Məhz buna görə, artıq 100 ildir ki, «Gucci» moda evinin adı moda və dizayn dünyasının açarı hesab olunur. Halbuki hər şey yalnız xəyallarla başlamışdı. Bəlkə də, vaxtilə bu moda evinin banisinin möhkəm iradəsi olmasaydı bu gün «GUCCİ» sözünü heç kim həyəcanla dilə gətirməzdi.

Birinci hissə: Florensiyalı modelyer
Beləliklə, söhbətimizə Gucci Moda Evinin yaradıcısının həyat hekayəsi ilə başlayaq. Quççio Quççi (Guccio Gucci) 1881-ci ildə İngiltərədə anadan olsa da, onun ailəsi Florensiya əsilli idi. Quççi İngiltərədə 1921-ci ilədək yaşayıb. O, burada böyük oteldə liftçi kimi işləyirdi. İşini itirdikdən sonra isə Quççio öz vətəninə dönmək qərarına gəlir. İtaliyaya qayıtmaq gələcəyin məşhur modelyerinə 30 min lirə başa gəlir. Vətənə qayıdar-qayıtmaz Quççi burada dəri çamodanlarının istehsalı ilə məşğul olmağa başlayır. Onun açdığı kiçik mağaza isə sonradan bütün Avropada məşhurlaşır. Florensiyalı dizaynerin hazırladığı aksessuarlar qısa müddət ərzində keyfiyyət rəmzinə çevrilir. «Gucci» şirkəti sonradan jokeylər üçün modellər hazırlamağa başlayır. Avropanın ən yaxşı atçıları yarışlarda məhz bu markanın geyimləri ilə çıxış edirdilər.

1937-ci ildə şirkət öz fəaliyyətini genişləndirərək qadın çantaları da hazırlamağa başlayır. Bir ildən sonra isə Romada Quççinin mağazasının təntənəli açılış mərasimi keçirilir. 1947-ci ildə şirkətin bambukdan istifadə etməklə hazırladığı əl çantalarını işlətməyə başlayan Hollivud ulduzu Qreys Kelli «Gucci»nin simasına çevrilir. Bir neçə ildən sonra isə həmin çantalar Jaklin Kennedinin əlində görünməyə başlayır. Bu isə «Gucci»nin şöhrətinin artıq ölkənin sərhədlərini aşması anlamına gəlirdi.

1923-cü ildə Quççi Florensiya gəncləri üçün dəridən bəzək əşyaları hazırlamaq qərarına gəlir. Həmin vaxt dünyaşöhrətli modelyer həm də şirkətin hələ mövcud olmayan loqotipi üzərində düşünürdü. Bir-birinə sarılmış «G» hərfini görəndə isə Quççi nəinki uğurlu bəzək əşyası hazırladığını, həm də şirkətin loqotipini tapdığını anlayır. Həmin loqotip ki, sonradan ona dünya şöhrəti və var-dövlət qazandıracaq bir talismana çevriləcəkdi. «La Gucci Vita» markası ilə yaradılmış bəzək əşyaları insanları o qədər heyrətləndirmişdi ki, Quççinin artıq sifarişlərin arasında itib-batmışdı. Bir neçə ildən sonra isə Apennin yarımadası ərazisindəki «Gucci» butiklərinin sayı-hesabı yox idi. Şirkətin çiçəklənməsi isə Mussolininin dövrünə təsadüf edir. Onun iqamətgahının dizaynı da Quççi ailəsinin üzvlərinə həvalə olunmuşdu.

Guccio Gucci (Quççio Quççi) title=

Artıq ailə böyük bir şirkətə, şirkət isə böyük ailəyə çevrilmişdi. «Gucci»yə uğur və var-dövlət qazandıran da məhz bu idi. 1953-cü ildə Quççi Manhettendə ilk mağazasını açır. Bununla da o, Amerika moda bazarına ayaq açan ilk italyan olur. Amma tale ona bütün arzularını həyata keçirməyə macal vermir. Dünya şöhrətli şirkətin banisi elə həmin ildə vəfat edir. Onun yaratdığı moda evi isə oğlanları Aldo, Vasko, Uqo və Rodolfa miras qalır. Övladlar atalarının yolunu davam etdirərək Paris, London və Tokioda mağaza açırlar. Həmin illərdə «Gucci»nin Odri Hepbern, Piter Sellers, Sofi Loren, Ronald Reyqan və onun həyat yoldaşı kimi məşhur pərəstişkarları vardı. 1960-cı ildə artıq dünya moda aləmində populyarlıq qazanan «Gucci»nin adı «şik» sözünün sinonimi kimi səslənirdi. Ronald Reyqan ABŞ prezidenti olana kimi hər yerdə fəxrlə «Gucci» firmasının ayaqqabılarını geydiyini deyirdi. Kürsüyə qalxdıqdan sonra isə ölkə prezidenti kimi o, artıq yerli malları tərifləməyə məcbur idi.

İtaliyada Qreys Kellinin şirkətlə münasibətləri barədə də maraqlı əhvalatlar danışılırdı. Deyilənlərə görə, Qreys Kelli bir dəfə Romaya gəlmiş və üzərində «Gucci»nin markası olan güllü ipək şərfə sahib olmaq arzusunu bildirmişdi. Amma o, burada xoşuna gələn model tapmır. Şirkət rəhbərliyi dərhal dizaynerlərə sifariş verir. Kelli öz sifarişini alanda şərfin üzərindəki zərif çiçəklərə heyran qalmışdı. Həmin şərf sonradan kütləvi satışa çıxarılır. Monaka knyazı Renye buna bənzər şərfləri Qreys Kelli ilə toy mərasimlərindən sonra bütün qonaqlara hədiyyə verib. Bununla da «Gucci» artıq meşşan saray xadimlərinin markası statusunu itirir. 60-cı illərdə yaxşı ailələrdən olan qızlar ən çox «Gucci»nin xəz mantoları, mirvari zinyət əşyaları, əl çantaları, saç sancaqları, dəsmallar və ayaqqabılarına müraciət edirdilər. XX əsrin 60-cı illərində ən çox «loafer» adlı mokasin tipli ayaqqabılar dəbdə idi. «Gucci» markası tədricən şan-şöhrət rəmzinə çevrilirdi. Əgər əvvəllər Quççinin pərəstişkarları avanqard pleyboylar idisə, indi artıq kino və şou-biznes ulduzları da onlarına sırasına qoşulmuşdular. Paxıl rəqibləri Kennedi cütlüyünü Quççinin himayəçisi adlandırırdılar. Çünki Jaklinin istifadə etdiyi bambukdan hazırlanmış çanta və Conun hazırda Nyu-Yorkun müasir incəsənət muzeyində saxlanılan eksklüziv mokasinləri Quççiyə dünya şöhrəti qazandırmışdı. Beləliklə, «Gucci» artıq yaranmasının 50-ci ilində sifarişçilərinin əksəriyyəti elit cəmiyyətin nümayəndələri olan fashion-şirkətinə çevrilmişdi. 

İkinci hissə: İtalyansayağı didişmələr
Bütün bu uğurlara baxmayaraq, Borcia və Mediçi kimi şəxsiyyətlərin həmyerlisi olan Quccinin həyatı faciəvi hadisələr və sirli məqamlarla zəngin olub. Bədbəxt taleyi, maliyyə böhranı, nəslinin lənətlənməsi, daima davam edən mübahisələr sanki bitib-tükənmək istəmirdi. Mövcud olduğu 100 il ərzində «Gucci» Moda Evi əsil fashion-imperiyaya çevrilmişdi. İndi bəlkə də heç kimin ağlına belə gəlməz ki, aristokratiyanın dəbdəbəsi sayılan bu markanın adı altında vaxtilə yalnız sadə pul kisəsi və çamodanlar istehsal olunurdu. Amma sonradan başgicəlləndirici uğurlar və Quccinin varisləri arasındakı xoşagəlməz münasibətlər şirkəti məhvə aparıb çıxarır. «Gucci»nin Nyu-Yorkda yeni salonunun açıldığı bir vaxtda Aldonun oğlu Paolo Quççinin atasının maliyyə fırıldaqçılığı ilə bağlı tapdığı bəzi sənədlər böyük qalmaqallara yol açır. Belə bir vaxtda əmisi oğlu Maurisio onun tərəfdarına çevrilir. O zaman Paolonun heç ağlına belə gəlməzdi ki, bir müddət keçəndən sonra Maurisio əmisini və onun oğlanlarını ailə biznesindən uzaqlaşdırmağa çalışacaq. İtalyansayağı ailə dartışmaları, rəhbərliyindəki fikir ayrılıqları dərhal şirkətin gəlirlərinə öz təsirini göstərir. Artıq 80-ci illərin əvvəllərində moda evinin vəziyyəti təhlükəli həddə çatmışdı. Maurisio şirkətin məhv olmaması üçün aksiyaların 42%-ni satmaq qərarına gəlir. bununla yanaşı, o həm də məşhur «Gucci»nin loqotipi ilə məhsulların satışına icazə verən lisenziyaları kültəvi satışına başlayır. Bütün cəhdlərə baxmayaraq, şirkət 90-ci illərin əvvəllərində bir neçə dəfə ciddi böhran keçirir.

İflasa uğramaq təhlükəsindən isə «Gucci» möcüzə sayəsində qurtulur. Şirkətin xilaskarı rolunda Səudiyyə Ərəbistanının xarici işlər naziri, iri maliyyə şirkətlərinin rəhbəri və qiymətli qol saatlarının kolleksioneri çıxış edir. 1993-cü ildə Maurisio babasından qalan mirası ona satır, həmin ərəb isə «Gucci» şirkətinin kapitalı üzərində nəzarəti bütövlüklə ələ keçirir. Bu isə 90-cı illərdən etibarən «Gucci»nin artıq ailə mülkiyyətindən çıxması anlamına gəlir. Avantürist Maurisionun özünü isə 1995-ci ildə qısqanc həyat yoldaşının sifarişi ilə Milandakı ofisdə qətlə yetirirlər. 

Üçüncü hissə: Maurisio kabusu
Maurisio Quççinin dostları iddia edirdilər ki, «Gucci» imperiyasının sonuncu varisi sağdır. o, sadəcə olaraq həbsdəki həyat yoldaşının kabusuna çevrilib. 46 yaşlı Maurisio 1995-ci il martın 27-də öldürülmüşdü. İstintaq nəticəsində məlum olmuşdu ki, qətli onun keçmiş həyat yoldaşı sifariş verib. Maurisio başqa qadınla evlənmək üçün onunla boşanmışdı. Törətdiyi cinayət əməlinə görə Patrisiya Recaini Quççi 26 il həbs cəzası almışdı. Sonradan qadın şikayət ərizəsi yazıb bildirir ki, səhhəti ilə əlaqədar onu Milanın «San Vittore» həbsxanasından çıxarsınlar və o, cəzasının qalan müddətini ev şəraitində keçirsin. Ondan iki il əvvəl isə Patrisiya elə yatdığı kameradaca özünü asmağa cəhd göstərmiş, amma onu xilas etmişdilər. Amma dostlarının «Maurisio lənəti» adlandırdıqları sirli xəstəlik keçmiş milyorder dizaynerin həyat yoldaşına heç cür rahatlıq vermirdi. Əlamətləri dəridəki səpkilər, boğaz qaşıntısı və ürəkbulantısı olan bu xəstəliyin simptomları Patrisiyanın şəxsi işini əlinə götürən hər bir hakimdə özünü göstərməyə başlayır. Nəticədə Patrisiyanın şikayət ərizəsinə heç kim baxa bilmir. Səhiyyə işçilərinin ehtimallarına görə, qadının düçar olduğu səpgilər sonradan mikroba çevrilir, həmin mikroblar isə onun Romadakı məhkəmə binasında saxlanılan şəxsi işində getdikcə çoxalmağa başlayır. 

Dördüncü hissə: yeni yaranış
Quççio Quççinin övladları və nəvələri arasında sürən uzun dartışmalardan sonra 1994-cü ildə şirkətə hələ o qədər də məşhur olmayan gənc dizayner Tom Ford dəvət edilir. O, ayaqqabı, ətir, saat, bəzək əşyaları, ipək şərflərdən tutmuş maqazinin reklam işlərinə və interyerinə qədər hər şeydə yenilik edir. Tom Fordun həyata keçirdiyi bu eksperiment Hollivud ulduzlarının ürəyincə olur. Nəticədə 1996-cı ildə o, ilin ən yaxşı modelyeri, kişi və qadın geyimləri üzrə ən yaxşı dizayner və digər titullara layiq görülür. Şirkətin reytinqi yavaş-yavaş yüksəlməyə başlayır.

1997-ci ildə konsern İsveçrənin «Severin Montes» şirkətinin aksiyalarının bir hissəsini alıb saat istehsalına başlayır. 90-cı illərin sonunadək artıq «Gucci»nin nəzarətində «Yves Saint Laurent», «Sergio Rossi», «Alexander McQueen», «Ermenegildo Zegna», «Boucheron», «Van Cleef» kimi məşhur markalar var idi. 2004-cü ildə moda evinin illik dövriyyəsi 3,2 milyard dollar, təmiz gəliri isə 200 milyondan artıq idi. Cenifer Lopez, Rita Uilson, Tom Henks, Helen Hant, Stinq kimi məşhur simalar onun daimi sifarişçilərinə çevrilmişdilər. Yox yerdən yenidən var olan «Gucci» indi də moda aləminin ən yüksək zirvəsindədir. Bu işdə hamıdan çox zəhməti olan və işə şirkətin adi modelyeri kimi başlayan Tom Ford isə əvvəlcə dizayn üzrə menecer, 1994-cü ildə isə Don Mellounun yerinə keçərək bədii rəhbər vəzifəsinə yüksəldi. Əslində Ford yeni heç nə kəşf etməmişdi. Elə onun özünəməxsusluğu da bunda idi. Onun «Gucci»nin ilk vaxtlarda məşhur simalar üçün hazırladığı çanta və makasin istehsalını davam etdirirdi. Yeganə fərq həmin əşyaların artıq ipəkdən hazırlanmamasındaydı. «Ayaqqabı qarderobun əsas hissəsini təşkil edir» — bu, onun tez-tez təkrar etdiyi bir ifadə idi. Modelyer kostyumu tikməzdən əvvəl artıq hansı ayaqqabının yaraşacağını düşünürdü. Onun üçün bu işdə əsas rəng palitrasının düzgün seçilməsi idi. Təsadüfi deyil ki, qəhvəyi və rəngli ayaqqabıların istehsalı məhz Tom Fordun adı ilə bağlıdır. O, hazırladığı ayaqqabıların görünüşü, xüsusilə də kablukun forması üzərində də uzun-uzun düşünərdi. 1995-96-cı illərdə Ford ilin modelyeri fəxri adına layiq görülür. Elə təxminən həmin vaxtlarda 70-ci illərə həsr olunmuş və özündə, əsasən qəhvəyi və açıq-qəhvəyi rəngləri ehtiva edən yeni kolleksiya təşkil olunur. Sadəliyi və erotik nişanələri olan dəbdəbəni Tomdan başqa heç kim bir araya gətirə bilməzdi. 1997-ci ildə isə modelyer moda aləminə qızıl bəzək əşyaları bəxş edir. Onun hazırladığı qızıl aksesuarlar tünd rəngli geyimlərlə çox gözəl görünürdü. Müasir dövrdə «uniseks» adlandırılan stilin yaranma tarixi də məhz «Gucci» moda evinin adı ilə bağlıdır. Bundan başqa, Ford daima səyahətlərdə olan iş adamları üçün yeni kostyum modeli hazırlamışdı. O, hamını düşünürdü. Sadəlik və dəbdəbənin vəhdəti Fordun yaratdığı modellərin əsas əlaməti idi.

Gucci moda evi

Təəssüf ki, belə bir istedadlı insan «Gucci» moda evində uzun müddət işləyə bilmir. Tanınmış PPR(Pinault-Printemps-Redoute) yüksək gəlirləri olan şirkəti bütün aksiyalarını ələ keçirmək qərarına gəlir. 2004-cü ildə PPR-in «Gucci»nin yerdə qalan aksiyalarını ələ keçirir və 8,9 milyard dollar qarşılığında bütün şirkətin yeganə sahibinə çevrilir. Bununla da «Gucci»nin tarixində yeni bir eranın başlanğıcı qoyulur. Bir vaxtlar şirkəti böyük bir təhlükədən qurtarmış Ford və De Solee yeni rəhbərliklə dil tapa bilmədikləri üçün moda evini tərk edirlər. Amma onların əvəzinə gələn Cakomo Santuççi və Tom Mendenholl da şirkətin yeni sahibini qane etmir. Oktyabr ayının sonlarında həmin cütlük işdən qovulur. Moda evinin yeni dizayneri isə «Yves Saint Laurent» şirkətinin modelyeri Mark Li olur. Yeni rəhbərliyin gəlişindən sonra şirkəti yalnız Ford və De Solee tərk etməmişdi. Gedənlər arasında bir çox istedadlı mütəxəssislər, o cümlədən Aleksandr Makkuin də vardı. Amma sonrakı hadisələrin necə cərəyan etməsindən asılı olmayaraq, «Gucci» bu gün də moda aləminin ən nüfuzlu markası sayılır. Ümid edirik ki, bu hər zaman belə olacaq.

Müəllif: Zeynəb Rəhimova
Mənbə;Bona Mente juranlı
Həmçinin bax:
Gucci məhsulları mağazası
Top