Qranj hərfi mənada çirkab, zibil kimi tərcümə olunur. Amma bu adda üslub var. Keçən əsrin 80-ci illərindən bəri təmiz, düzgün, gözəgəlimli, klassik üslubların içinə daha birisi, çirkli, amma çirkabı ilə cəzbedici, bütün mümkün qadağaları pozmuş, amma hamının olmasa da əksəriyyətinin ardınca düşüb getmək istədiyi bir üslub da qatıldı. İndi artıq səliqəli görünmək dəbdən düşmüşdü. Səliqəli davranmaq, trafaretlər əsasında fikir izah etmək, cümlə qurmaq, standartlara cavab vermək geridə qalmağın əlaməti sayılırdı. Qranj yapanlar həyata çirkab qatıb nirvanaya, yəni tam rahatlıq və sakitliyə çatırlar. Bu üslubun davamçıları təcrübələri musiqidə yapdılar. Çeşidli qrup adları, fərqli olsalar da dünya çirkabında eşələnən, insan daxilinin zir-zibilini böyük səhnələrdə ortaya tökən qruplar yarandı. Qranj musiqisini birləşdirən xarakter elementlər ağır, qarışıq «çirkli» səslənmə, son dərəcə ciddi yanaşma və milanxolik əhval idi ki, insanın daxili lirikasını ortaya atmaq üçün yaranmışdı. Depressiv istiqamətlərə aid edilsə də qranj musiqi böyük enerji yükü daşıyır. Dizləri cırıq cinslər də, yaxası qeyri mütənasib, şalvarın üstünə sallanan köynəklər, it ağzından çıxmış gödəkcələr, «makaron fabrikində partlayış» adlanan saç düzümü də o vaxtdan yarandı. Geyim əldən düşmüş, sürtülmüş, amma təmiz olmalı idi. Pinti görkəm və dəcəllik qranjerin vizit kartıdır.
Qranjın vətəni Amerikanın Sietl şəhəri sayılır. Bu cərəyanın daha bir keyfiyyəti də var, yaranan hər yeni əsər nə qədər çirkab gəzdirsə də çoxlarının deyə bilmədiyi həqiqətləri ifadəli vasitələrlə yaddaşlara köçürür. 20-ci əsrlə birgə qranj musiqi, qranj sənət ortadan çıxmağa baslasa da o unudulmadı. Gənc nəslin psixoemosional dəyişmələrindən yaranmış qranj elə bil ki, gənclik dövranını yaşayan bəşəriyyətin yeni görkəmidir. 14-15 yaşlı uşaqlar aqressiv olduğu və sosiuma qarşı etiraz etdiyi kimi qranj bütün dünyanın zənginlik, pafosa qarşı rişxəndi, məsğərəsidir. Küçə uşaqlarının dünya görüşü də sənətdə istiqamət yaradırsa kimsə deyə bilməz ki, mən qranj görməmişəm. Görmək istəyirsizsə sadəcə ətrafınıza baxın. Dünyaya çirkin baxışlarla baxmağı keçmişdə insana icazə vermirdilər. Elə indi də cəmiyyətin kütləvi şəkildə daxili çirkabını bayıra tökməsi etirazlar yaradır. Deyək ki, dünyaya çirkin baxışlarla baxmağı hər kəs bacarmaz. Kişilər qadına çirkin münasibətdə ola bilir, işdə kolleqalara qarşı rəqabət, paxıllıq keçirmək , ağzı söyüşcül olmaq olar, amma hər kəs bu çatışmazlığını gizlətməyə çalışır. Qranjı yaşlı nəsil heç sevməz. Bu günlərdə metroda yaşlı bir kişi cavan oğlanı qarşısına qoyub ona «həyat dərsi» keçirdi: «Səhərdən sənə baxram, o qədər gözəl görünürsən ki. Üzünü səliqəylə qırxmısan, keçi saqqalı kimi saqqal saxlamırsan. Əyin-başın da yaxşıdı. Yoxsa ki, dizləri cırıq şalvarlar geyirlər, adam xəcalət çəkir. Bizim vaxtımızda şalvarında yamaq olanlar utana-utana gəzirdi. Şalvarımız cırılsaydı utandığımızdan yerə girərdik. Amma indi yamaq nədi, cırıqla cəzirlər və parçanın arasında bayıra boylanan tüklərindən də utanmırlar. Bax indi de görüm, hansı yaxşıdı?». Qocanın cənginə keçmiş, amma özünü abırlı aparan oğlan deyə bilmədi ki, mən sizin kimi yaşamaq istəmirəm. Onun cavabı baxışlarında yazılmışdı. O, klassik geyinsə də həyata bütün cavanlar kimi cəsarətli, məhz çirkin baxışlarla baxırdı.
Alternativ həyat tərzi olmasa cavanlar məhv olar. Onlar validenləri kimi olmaq istəmir. Çünki ambisiyaları var, dünyanın altını üstünə çevirəcəyini düşünür. 5-10 il keçmiş valideynlərinə iki damla su kimi bənzəyəcəyini heç ağlına gətirmədən bu gün hər sözə, hər hərəkətə etiraz edir. Qranj üslubunu yaxşı anlamaq üçün pasport şəklini götürün. Orda yəqin ki, ciddisiz, kostyum, hətta qalstuk da geymisiz. Bu şəklin qıraqlarını didik-didik edib köhnəldin, günün altında bir neçə gün saxlayıb bozardın, sonra yağlı əllərlə orda izlər salın, altı yaş kofe fincanın şəklin üstünə qoyub, axırda şəklə bir neçə damcı mürəkkəb damcıladın. Damcıları hündürdən buraxsaz effekt daha yaxşı alınacaq. Bax bu, sizin hazırki həyatınızdır. Redaktəsiz, bəzəksiz, olduğu kimi. Biz həyatımızla da belə rəftar edirik. Amma şəkil çəkdirməyə gedəndə geyinirik, ya da kameranın tuşuna gələndə gülümsəməklə səmimi olmaqdan qaçırıq.
Belə çıxır ki, qranj həyatın gerçək üzüdür. Çirkab dolu, emosialardan doymuş, həyatın axarından bozarmış, parlaqlığını itirmiş. Günü qarğışla başlayan, gecəsi söyüşlə bitən həyatınıza zorla rəng qatası olsaz ağ-qara fotonu rəngli flamasterlə rənglənmiş kimi görünəcək. Hər yeni çirkin münasibət kofe fincanından betər iz salır, yuyulması müşkül olan mürəkkəblə həyatınıza istəmədiyiniz məqamları bitdə-bitdə qeyd edirlər, cınqırınız çıxmır. Bircə onu anlaya bilmirəm ki, qranj yapan cavan yazarları niyə qəbul edə bilmirsiz. Onlar ki, sizdən daha səmimidir?..