Kombinezon

Kombinezon

“Ən yeni dəbli geyim növü yaratmaq istəyirsənsə geriyə, keçmişə boylan!” Bu kəlmələr ən tanınmış modelyerlərin birinə məxsusdur.
Bu deyimdə böyük bir həqiqət var. Bu gün ən dəbli geyim növlərindən sayılan kombinezonlar da, heç şübhəsiz, keçmişə bir baxışdan, bir nəzərdən yaranıb. Kombinezonlar nə qədər müasir görünsə də, onların mənbəyi-kökü XVIII-XIX əsrə gedib çıxır.
Ağır sənayenin, xüsusilə də qara metallurgiyanın inkişaf etdiyi ölkələrdən biri olan Amerikada xüsusi fəhlə geyimləri meydana gəldi. Bu geyim növünün adı kombinezon idi.
Kombinezon “kombinə” sözündən yaranmaqla pencəklə şalvar birləşdirildiyi anlamına gəlir . Sonralar bu geyim növü fabrik və zavodlardan bayıra çıxdı. Onların müasir növləri meydana gəldi. Cins parçaların peyda olması ilə kombinezonlar yüksəliş nöqtəsinə çatdı. 1930-cu ildə əvvəlcə uşaqlar üçün yaradılan bu geyim formasına sonralar böyüklər də ortaq çıxdı. İkinci dünya müharibəsində bu tip geyimlər hərbiçilər üçün istifadə olunmağa başladı. Belə kombinezonların əsas üstünlükləri müxtəlif ciblərin bolluğu ilə seçilirdi. Birləşdirilmiş pencək və şalvarların ciblərinin hamısı bir geyimdə toplanmışdı. Daha sonralar isə, ipək və atlaz kombinezonlar dəbə mindi.

Kombinezon tipli geyimdən istifadə edənlərin xüsusi diqqətə və zövgə malik olması gərəkdir. Şux qamətli xanımlara kombinezon çox yaraşır. Amma bu kombinezonlar yüngül parçalardan tikilməlidir.
Dolu bədənli xanımlar isə kətan və pambıq parçalı kombinezonlardan istifadə etsələr, yaxşıdır.
Kombinezon bəstəboylu xanımları qismən qamətli göstərə bilər. Amma xanımlara kombinezonun bir çatışmayan cəhətini də xatırlatmaq lazımdır. Belə geyimlər xanımlara əl-üz yuyan otaqlarda çətinlik yarada bilər. Ona görə kombinezonlardan çox ustalıqla istifadə etmək lazımdır. Əgər kombinezon sizə burada narahatlıq yaradırsa, onu dərhal çıxardın.

Bu mövsümdə dar ətəkli kombinezonlar da çox dəbdə olacaq. Amma onu hər yerə geyinib getmək olmaz. Yerini bilmək vacibdir.
Qısa kombinezonların müxtəlif aksesuarlara ehtiyacı olur. Belə kombinezonların üstündən kofta və pencəklər geyinmək olur. Belə kombinezonların rəngi tünd olsa, daha da yaraşıqlı görünə bilər. Ümumiyyətlə, kombinezonların rəngi cəlbedici və göz oxşayan olmalıdır. Platforma və kabluklu ayaqqabılara üstünlük vermək lazımdır. Kombinezon hər bir dəbli xanıma yaraşa bilər. Bir şərtlə ki, onu zövglə seçib geyinə bilərsiniz.
Beləliklə, sizə daha bir qədim və yeni dəb növü olan kombinezonları geyinməyi məsləhət görürük. Hər bir hava şəraitindən sizi qoruya bilən və ətrafdakıların nəzərini cəlb edən kombinezonlara üstünlük verin.
Top