Naxışlı paltar

Naxışlı paltar

Hər bir mövsümün öz naxışı, öz ornamenti, öz bəzək gülləri var. Saya geyimlər nə qədər gözəl-yaraşıqlı görünsələr də, onların hər mövsümdə xüsusi naxışlara, bəzəkli güllərə  ehtiyacı var.
Yay mövsümünün əsas bəzəyi şübhəsiz ki, güllü-çiçəkli naxışlardır.
Bu naxışlar geyimlərə xüsusi formada vurulur. Bunların bir çox növləri var: basma, tikmə, toxunma, boyama və sair.
Şübhəsiz ki, hər bir xalqın geyim növlərində milli ornamentlərdən istifadə olunur. Çox vaxt geyimdə hər hansı bir naxışı görəndə, onun hansı xalqa mənsub olduğu o dəqiqə aydınlaşır. Bu sırada şərq ornamentləri xüsusi üstünlük təşkil edir.

naxışlı etnik paltar,milli paltar,milli geyim

Azərbaycanda isə, geyimlərə vurulan naxışların əsas özəyini butalar təşkil  edir. Hər hansı bir milli geyimimizi götürün, orda bu və ya digər formada butalardan istifadə olunmasını görəcəksiniz.
Slavyan geyimlərində isə, naxışları əsasən donların ətəyinə düzürlər. Orta Asiya xalqlarında isə,  məxməri naxışlardan istifadə olunur.
Gəlin indi baxaq, görək bu naxışlar kimlərə necə yaraşır.

naxışlı etnik geyim

Şübhəsiz ki, naxışların donlara vurulması heç də xaotik şəkildə olmamalıdır.
1. Naxışlar əsasən xanımlara yaraşır.
2. Kişilərin də özünəməxsus geyim naxışları var ki, bu bir ayrı mövzunun söhbətidir.
3. Miniatür, bəstəboylu xanımlara xırda güllü donlar yaraşır.
4. Ucaboy xanımlara isə uzunsov, iri güllü, naxışlı donlar məsləhət görülür.
5. Girdə sifət xanımlara isə, çarpaz naxışlı bəzəklər yaraşır
6. Şaquli naxışlı şalvar, yubka geyinmiş xanımlar hökmən çarpaz naxışlı köynək-tunik-jaket tipli üst geyimlərdən istifadə etməlidir.

milli geyim,etnik paltar,naxışlı geyim

Unutmayın, hər naxışın arxasında bir xarakter və ən əsası bir milli geyim növü durur. Bu da sizin xarakterinizin əsas atributlarından biridir.
Naxışlı, bəzəkli donları geyinin - ömrünüz də naxışlı və bəzəkli olsun!

Printlər

Printlər müxtəlif naxışlı donlar deməkdir. Təbiətdə nə qədər naxış varsa, bunların hamısı geyimlərdə öz əksini tapır.
İri və xırda naxışların bir biri ilə kontrast təşkil etməyinə hökmən diqqət yetirmək lazımdır. Əgər iri naxışlı koftalar geyinirsizsə, yubkalar başqa naxışda olmalıdır. Yoxsa sizə diqqət yetirənin gözləri bu naxışlar arasında bərq vura bilər. Belədə sizin fakturanız itə bilər.

Dolubədənli xanımlar, iri naxışlı donlarla ehtiyatlı olun. Əyninizə belə iri naxışlı donları geyinməklə, daha kök görsənə bilərsiniz. Burda hökmən balansı gözləyin. Bu cür geyimlərlə aksessuarlara da xüsusi diqqət yetirin. Xüsusi kəmər və ayaqqabılardan istifadə edin. Belə aksessuarlarda əyninizdəki naxışlı donlardan kiçicik bir element olsa, kifayət edər.
Belə naxışlı geyimlərdə kombinə olunmuş donlardan daha çox istifadə etmək lazımdır.
Bu geyimlərdə hər bir insanın zövgü də xüsusi rol oynayır. Bundan əlavə, hər fəslin də öz printləri var.
Xanımlar, çalışın zövglə geyinəsiniz. Naxışlardan ovqatınıza görə, fəslə görə istifadə edin.


Bizim milli geyimlərdə ən çox işlənən naxış növü butalardır. Butalar tək-tək, qoşa-qoşa, həm də üç-üç, bəzən daha çox  istifadə olunur. Üçlük butalar bir növ çiçək ləçəyini də xatırladır.
Son illər bəzi geyimlərimizdə tək qərənfil və yaxud qərənfil ləçəkləri də tikilməyə, toxunmağa başlanıb. Heç şübhəsiz ki, qərənfil hüznlü xanım rəmzidir. Ancaq bənövşə kimi boynu bükük deyil. Şax, qamətli və məğrurdur.
Bəzi geyim elementlərində qərənfil ləçəklərindən, qərənfil gülündən istifadə etmək bir növ qəhrəmanlığa, rəşadətə bir çağırışdır...
Əvvəllər də geyimlərimizdə müxtəlif güllərdən istifadə olunub. Məsələn, ətəyi üç güllə bəzənmiş xanım donları, jiletlər, gödəkçələr, pencəklər buna gözəl misaldır. Bunların rəngi ağ gül, qırmızı gül və bir də sarı gül olardı. Son iyirmi il isə bu güllərin içindəki qırmızı gül, məhz qərənfil gülü olur.
Müstəqilliyi, azadlığı uğrunda təkcə xalq, millət döyüşmür, onun milli geyimləri, donları, naxışları, butaları da mübarizə aparır. Belə geyimlərdə millətin həm qadını, həm kişisi çox qürurlu görünür.
Əziz xanımlar, milli geyimlərlə təkcə zahirən yox, həm də daxilən azad insan olmaq olur. Çalışın hər zaman  hər yerdə, hətta dəbin özündə belə azad olasınız. Çünki, Azadlıq gözəllik deməkdir.
Həmçinin bax: Qadın paltarlari (müxtəlif modellər)
Mənbə: İctimai Televiziya

Top