Ulu əcdadlarımızın ilk geyimi jilet olub. Eramızdan əvvəl müxtəlif heyvan dərilərindən hazırlanan jiletlər insanları mağaralarda soyuqdan qoruyub. Əsrlər keçdikcə bu geyim növü müasirləşib, dəbdən-dəbə minib və bu gün dəbin ən pik nöqtəsinə çatıb.
Jiletin xüsusiyyətlərindən biri bədənin əsas əzalarını soyuqdan qorumaq və qolları işlək saxlamaqdır. Bu da ilk illər daha çox ovçular, balıqçılar və müxtəlif qış idman növləri ilə məşğul olan idmançılar üçün nəzərdə tutulmuşdur. Sonradan jiletlər dəb aləminə ayaq açdı.
Bu gün dəb aləmində jiletin müxtəlif növləri mövcuddur. Dəri, xəz, toxunma jiletlər, sadəcə dəst kostyumun jileti, köpürdülmüş jiletlər və s.
Uzun müddət dəb aləmində jilet aksessuar kimi qəbul olunurdu. Son illər isə dizaynerlər bunu ayrıca bir geyim növü kimi təqdim edir. Ən çox sevilən isə bu mövsüm uzun jiletlərdir. Hər jilet məxsus olduğu xalqın milli elementləri ilə bəzədilir. Məsələn, azərbaycan jiletlərinin hamısında buta elementlərini görmək olar.
Son dövrlər jiletlərin qollarına, ciblərinə, yaxalığına müxtəlif xəzlər tikilir. Jiletlər eləcə də müxtəlif muncuqlarla, iri düymələrlə, daş-qaşlı bantlarla, lentlərlə və müxtəlif bəzək əşyaları ilə bəzədilir. Bu da onlara əlavə bir yaraşıq və gözəllik gətirir.
O ki qaldı rənglərə, jiletlər müxtəlif rənglərdə ola bilər. Əsas rəngləri qara və gümüşüdür. Süd rəngi, qəhvəyi, qum, narıncı, boz jiletlər də dəbdədir. İndi isə sizə tanınmış dizayner və modelyerlərin hansı jiletin nə ilə və necə geyinməli olduğunu bildirən fikirlərini təqdim edirik:
1. Təbii dəri jileti qum rəngli uzunboğaz çəkmə və kəmərlə geyinmək olar.
2. Uzun jiletlər toxunma yun şort, yubka, tunika paltar, eləcə də köynəklə uyğun gəlir.
3. Adətən ipək donların üzərindən geyinilən uzun jiletlər bu mövsüm yenidən gündəmdə olacaq.
4. Yun dərili qara jilet hər bir geyimlə uyğun gəlir.
Əziz dəb həvəskarları, soyuq havalarda sizin ən yaxın qoruyucunuz jiletlərdir. Qarderobunuza bir nəzər salın, əgər orda belə jiletlər yoxdursa, zövgünüzə uyğun olan jiletləri almağa tələsin.