«Versace» – əsası 1978-ci ildə Canni Versaçe tərəfindən qoyulmuş, parça və paltarların istehsalı və satışı ilə məşğul olan Italyan firması.
Canni Versaçe 2 dekabr 1946-cı ildə İtaliyada anadan olub. Anası Françeska peşəkar dərzi idi və işə gedərkən balaca Cannini də özü ilə aparardı. Görünür, elə saysız-hesabsız paltarların arasında keçirdiyi uşaqlıq illəri böyük modelyerin gələcək müqəddəratını həll etmişdi. Canni o illəri xatırlayaraq deyirdi: «Mən peşəkarlığıma və ustalığıma görə anama borcluyam».
Lakin anasının onunla münasibəti heç də ürəkaçan deyildi. Ailənin kiçik uşağı Canninin özündən başqa böyük qardaşı Santo, bacısı Donatella da var idi və anası bütün diqqətini onlara ayırırdı. Canni isti ana baxışı gözləyir, Françeskanın hər addımını izləyirdi. Ən böyük arzusu isə heç olmasa onun köməkçisi olmaq idi. «Bilmirəm, bəlkə də həyatımın və yaradıcılığımın mənası ancaq onun diqqətini çəkmək idi» – sonralar Versaçe belə xatırlayırdı.
Nəhayət ki, Canni ilk arzusuna çatdı və atelyedə anasının köməkçisi oldu. Lakin o, qəbul olunmuş formada paltar tikməklə məşğul olmaq fikrində deyildi. Vaxt keçdikcə Versaçe fantaziyalarını dəbə tətbiq edərək sərbəst işə başladı. Bununla kifayətlənməyən Canni, son yeniliklərdən xəbərdar olmaq üçün dünya modasının mərkəzi Londona, Parisə moda nümayişlərinə də gedirdi.
Bir dəfə atelyeyə Canninin həyatını birdəfəlik dəyişdirən zəng gəldi. Versaçenin qeyri-adi istedadını eşidən Milanın varlı iş adamlarından biri, ona himayəçilik etmək qərarına gəlmişdi. Canni belə bir şansı qaçırmamaq üçün fikirləşmədən Milana – yeni taleyinin görüşünə getdi. Gənc Italyan dizayneri Canni Versaçenin «Dünya Moda Aləmi»nə gəlişi belə başlandı. O zaman onun 24 yaşı vardı və gələcək üçün iddialı planlar qururdu.
Canni 1978-ci ildə «Gianni Versace» moda evini yaradaraq, rəhbərliyi bacısı Donatellaya və qardaşı Santoya təklif edir. Bir il sonra o, Milanda «Versace» markası ilə ilk kolleksiyasını təqdim edir. Kolleksiya Italiya ictimaiyyəti tərəfindən bəyənilir.
Canni «Versace» markasını bəzəyən Meduza başını firması üçün nişan seçir. O, seçimini belə izah edir: «Bu bilərəkdən seçilmişdir. Çünki Meduza qədim Yunan klassikasında gözəlliyin və cazibənin rəmzi hesab olunur. O, gözəlliyin və sadəliyin əsl mənada iflic və hipnoz edən sintezidir». Həqiqətən də, Versaçenin paltarları gözəlliyi, sadəliyi və dəqiq biçimi ilə insanları cəzb edir.
Versaçe materiallarla təcrübə etməkdən – dəri ilə incə ipəyi, krujevanı və cinsi birləşdirməkdən qorxmurdu…
«Versace» podiumlarda «partlayış» edərək, 80-ci illərdə «Dünya Moda Aləmi»ndə lider oldu. İllik gəlir artıq 900 milyon dollara çatmışdı! Dünyada «Versace»nin 165 mağazası fəaliyyət göstərirdi.
Modelyerin fantaziyaları təkcə moda ilə məhdudlaşmırdı. Versaçe ətirləri, saatları, çini qabları, dekorativ kafelləri, aksessuarlar, teatr üçün kostyumlar, rekvizitlər və hətta «Versace» üslubunda interyerlər hazırlanırdı.
Moda aləmində «öz sözünü» deməkdən çəkinməyən Versaçe, şəxsi həyatında baş verənləri də cəmiyyətdən gizlətmirdi, əksinə…
Qəribədir, Canni gözəl qadınları tərənnüm etsə də, heç vaxt onlara sahib olmamışdı. O, homoseksual olduğunu və kişi ilə yaşadığını da gizlətməmişdi. Amma, qadın psixologiyasının incəliklərini fantaziyası ilə yaratdığı paltarlarda necə də gözəl tərənnüm edirdi. Elə onun üçün də, çox qadınlar etiraf edirlər ki, Versaçenin paltarlarında özlərini kraliça kimi hiss edirlər.
Kim bilir, məşhur modelyer hələ neçə-neçə «qəlbləri titrədərdi», əgər o səhər… həmin nəhs səhərdə – 1997-ci ilin 15 iyununda Canni Versaçe Mayami-Biçdəki imarətində idi. Təzə jurnal almaq üçün küçəyə çıxmışdı. Qayıdarkən gözlənilmədən açılan atəş, 50 yaşlı modelyerin həyatına son qoydu…
FTB-nin casusları qatilin şəxsiyyətini və yerini müəyyənləşdirəndə artıq gec idi. Çünki qatil Endryu Kyunenen qətldən 9 gün sonra Cannini vurduğu silahla özünü də öldürmüşdü…
Taleyin qəribə təsadüfüdür. Endryunun əynində «Versace» firmasının istehsalı olan alt paltarı olub. Bəlkə də təsadüf deyil, iki şəxsin ölümünə səbəb, elə «Versace» brendi idi...
Bu gün moda evində həyat davam edir. «Versace» 100% ailə biznesidir: səhmin 30%-i Santoya, 20%-i Donatellaya, qalan 50%-i isə Donatellanın qızına məxsusdur. Hər şey bölüşdürülüb… bir Canni Versaçe xatirəsindən başqa… o xatirə ki, Madonna, Demi Mur, Helli Berri, Klaudiya Şiffer, Naomi Kempbell, Sindi Krouford və digər tanınmış simaların qəlbində əbədi yaşayacaqdır…
Müəllif: Şahnaz Abdullayeva
Mənbə: Nefertiti jurnalı