Görkəmli şərqşünas alim, istedadlı pedaqoq, incə qəlbə malik insan, gözəl övlad və həyat yoldaşı, fədakar ana… Qısa, lakin mənalı ömür sürmüş Aida İmanquliyeva yaddaşlarda belə qalıb.
Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru, professor Aida İmanquliyevanın xatirə günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.
Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakı şəhəri 132 nömrəli orta məktəbi qızıl medalla bitirib və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsinə qəbul olunub.
1962-ci ildə universiteti bitirəndən sonra bu təhsil müəssisəsinin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspirantı olub, həmçinin keçmiş SSRİ EA Asiya Xalqları İnstitutunun aspiranturasında təhsil alıb. 1966-cı ildə namizədlik dissertasiyasını müdafiə edən Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq İnstitutunda əmək fəaliyyətinə başlayıb. O, istedadı, zəhmətsevərliyi sayəsində kiçik elmi işçidən baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinədək yüksəlib.
1989-cu ildə Aida İmanquliyeva Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edib və çox keçmədən bu ixtisas üzrə professor adı alıb.
Üç monoqrafiya (“Mixail Nüaymə və “Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri”) və 70-dən çox elmi məqalənin müəllifi Aida İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru idi. Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən “Asiya və Afrika ölkələri xalqları ədəbiyyatları” ixtisası üzrə müdafiə şurasının sədri olub. Azərbaycan şərqşünaslıq elmini keçmiş SSRİ məkanında və onun hüdudlarından kənarda layiqincə təmsil edib.
O, elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrlar hazırlanmasına böyük diqqət yetirirdi. Rəhbəri olduğu Ərəb filologiyası şöbəsində qısa müddətdə 10-dan çox namizədlik dissertasiyası müdafiə edilmişdi.
Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olan Aida İmanquliyeva uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, Azərbaycan Dövlət Universitetində ərəb filologiyası fənnindən mühazirələr oxuyub.
Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Onun çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının həmin aspektdə tədqiqi üçün mühüm zəmin yaradır. Bir alim kimi Aida İmanquliyevanın maraq dairəsi geniş və çoxşaxəli idi. Amma onun çoxsaylı elmi araşdırmalarının əsas tədqiqat obyekti ərəb məhcər ədəbiyyatı olub. Aida İmanquliyeva ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən görkəmli, ən sanballı tədqiqatçısı idi. Bunu nəinki Azərbaycan və keçmiş sovet ərəbşünasları, hətta Avropa şərqşünasları belə etiraf edirlər.
Əhatəli elmi fəaliyyəti ilə yanaşı, Aida xanımın gözəl, nümunəvi ailəsi olub və o, cəmiyyət üçün ləyaqətli övladlar tərbiyə edib. Həyatını elmə həsr edən böyük qızı Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Bu ailənin ikinci qızı – Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və ISESKO-nun xoşməramlı səfiridir. Milyonların məhəbbətini qazanmış Birinci vitse-prezident Mehriban Əliyevaya məsuliyyət hissini, hər bir işin əvvəlindən maksimum nəticə əldə etməyə çalışmağı, özünə tələbkar və intizamlı münasibəti anası — nəcib, parlaq, prinsipial, istedadlı, məğrur, son dərəcə gözəl bir xanım olan Aida İmanquliyeva aşılayıb.
Mehriban xanım deyir: “Onun böyük sevən ürəyi, incə və səxavətli qəlbi var idi. Anamı itirdiyim vaxtdan artıq 27 il ötür. Onun yoxluğunu hər zaman hiss edirəm”.
Aida xanımın xatirəsi ürəklərdə əbədi yaşayır. Əsərləri dönə-dönə oxunur, təhlil və tədqiq edilir, tərcümə olunur, yenidən işıq üzü görür. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də aktuallığını qoruyub saxlayır, gənc nəsillər görkəmli şərqşünas alim Aida İmanquliyevanın əsərlərinə daim müraciət edirlər.
Mənbə: azedu.az