Ana südünün saxlanılma və istifadə qaydaları

Ana südünün saxlanılma və istifadə qaydaları

İşgüzar analar və ya öz uşaqları üçün ana südünü sağan bütün analar südü ən təmiz və ən təhlükəsiz qaydada saxlamalıdırlar. Südü hər hansı bir təmiz qabda saxlamaq mümkündür: plastik, şüşə və ya uşaq qabları. Saxlanılma temperaturu və müddətinə dair göstərişlər bir şəraitdən digərinə doğru çox fərqlənir. Biz sizə tədqiqatlara və sağlam düşüncəyə əsaslanan qaydaları məsləhət görmək istəyirik.

Otaq temperaturu
Yenicə sağılmış ana südünün otaq temperaturunda 8 saat ərzində saxlanılması mümkündür. Əgər süd daha uzun müddət saxlanılmalıdırsa, bu zaman o, soyuducuya qoyulmalıdır. Əvvəl soyudulmuş südü otaq temperaturunda bir saatdan artıq saxlamaq olmaz.

Soyudulmuş süd
Ana südü soyuducuda 3-5 gün müddət ərzində saxlanıla bilər. Əgər siz bu müddət ərzində südü istifadə etməyəcəksinizsə, onda onu buz dolabına qoyun. Siz “təzə” südü soyudulmuş südə əlavə edə bilərsiniz. Lakin “təzə” südü soyudulmuş südə əlavə etməmişdən öncə onu soyudun. Ana südü son istifadə tarixindən köhnədirsə, həmin süd atılmalıdır.

Əgər soyuducuda son istifadə müddətinə çatmış ana südü varsa, onda onu daha uzun müddət istifadə etmək məqsədilə buz dolabına qoya bilərsiniz.

Donmuş süd
Ana südü dondurucu kamerada 6 aya qədər, buz dolabında isə 12 aya qədər saxlanıla bilər. Dondurucu kamera sizin orada qoyduğunuz dondurmaları bərk saxlayırsa, deməli o kifayət qədər soyuq temperaturludur. Onun temperaturu 200C-dir. Süd dondurucu kameranın elə hissəsində saxlanılmalıdır ki, kameranın qapısının açılıb bağlanması südün temperaturunun dəyişməsinə səbəb olmasın. Əgər plastik süd torbaları istifadə edilirsə, onlardan iki-iki istifadə edilməli və ya onun əzilməməsi və cırılmaması üçün qorunmalıdır.



Siz “təzə” südü dondurulmuş südə də əlavə edə bilərsiniz. Təzə südü əvvəl dondurulmuş südə əlavə etməmişdən öncə onu soyudun. Həmin konteynerin son istifadə müddəti orijinal südün istifadə müddətindən hesablanacadır.

Südü əmizdirmə miqdarında dondurmaq daha yaxşı üsuldur. Əgər siz döşünüzü sağmağa yeni başlamısınızsa, uşağınız üçün düzgün miqdarı bilə bilməzsiniz. Başlanğıcda 2-3 oz miqdarında dondurun. Siz uşağınızın 24 saat ərzində qəbul etdiyindən artıq miqdarda süd əritmək istəmirsiniz. Siz lazım olduğundan çox götürə bilərsiniz, lakin sağılmış südü atmalı olsanız, bundan narahat olacaqsınız. Sizin övladınızın əmzikli şüşədən nə qədər süd əmdiyinə dair təcrübəniz yaranandan sonra həmin miqdarda süd dondura bilərsiniz.

Əridilmiş süd
Süd ilıq su ilə dolu fincanda və ya ilıq axar suyun altında saxlanılmaqla bir neçə dəqiqə ərzində əridilə bilər. Sonra isə həmişəki üsulla isidilə bilər. Heç vaxt südü bədən temperaturundan artıq isti etməyin. Südü əritmək və ya isitmək üçün heç vaxt mikrodalğalı sobadan istifadə etməyin. Əmizdirmədən sonra əmzikli şüşədə qalan süd mütləq atılmalıdır. Əridilmiş süd 24 saatdan sonra atılmalıdır. Əridilmiş südü yenidən dondurmayın.

Südün daşınılması
Əgər siz südü iş yerində sağmısınızsa, siz onu ya soyuducuda ya da portativ soyuducu çantada soyutmalısınız. Soyuducu çanta südü evə aparmaq vasitəsi kimi istifadə edilə bilər. Araşdırmalar göstərmişdir ki, yenicə sağılmış ana südü otaq temperaturunda bir neçə saat ərzində (bəzi araşdırmalarda bu müddət 8 saat göstərilmişdir) saxlanılması mümkündür, ona görə, əgər südü soyutmaqda çətinlik çəkirsinizsə, onu otaq temperaturunda bir neçə saat saxlayın və sonra imkan olan kimi onu soyuducuya qoyun.

Bisfenol A
Ana südünün müxtəlif növ plastik məmulatlardan Bisfenol A ilə çirklənməsinə dair son mülahizələrə əsasən süd polikarbonat konteynerlərdə deyil, şüşə, polietilen (sərt plastikin şəffaf olmayan növü) ya polipropilen (ana südünün saxlanılması üçün xüsusi olaraq hazırlanmış qablar) konteynerlərdə saxlanılmalıdır.

Müəllif: Vergie Hughes( RN, MS, IBCLC, FILCA) əmizdirmə məsləhətçisi, “Lactation Education Resources” proqram direktorudur.
Tərcümə edən: Mirzəyeva Ülviyyə, «VİBaby» layihəsinin Koreya/Ingilis dilləri üzrə tərcüməçisi.
Top