Hamilə qadınlar niyə turş meyvələr istəyir?

Hamilə qadınlar niyə turş meyvələr istəyir?

«Hamilə qadınların qida seçimində kreativlik axtarması yersizdir. Sağlam, təbii qidalara üstünlük vermək lazımdır”.

Pediatr Vaqif Qarayev bildirib ki, regionda yetişən meyvə və tərəvəzlərə, gündəlik menyumuzda olan qidalara genetik olaraq uyğunlaşmışıq:

»Həmin məhsullarla qidalanmaq lazımdır. Başqa ölkələrin mətbəxinin, müxtəlif tərkibli yeməklərinin bizə dəxili yoxdur. Qadınlar çox vaxt həkimin dediyi deyil, özlərinin haradasa gördükləri, qarşılaşdıqları qidaları yemək istəyirlər.

Hamiləlik qadın orqanizmi üçün ciddi tibbi, bioloji, psixoloji baxımdan yükdür. Öz pasiyentini müayinə edən ginekoloqlar hər müayinədə hamilə qadının qida menyusunu ona deyir. Buna əməl etmək lazımdır. Analar bətnindəki körpəni və özünü normal qidalandırmalıdır. Bunun üçün maddi məsələlər və ananın məsuliyyəti xüsusi önəmlidir. Ananın qida, yuxu, hərəkət, hava rejimi uşaq üçün vacibdir. Azərbaycan torpağında yetişən nə varsa, hamilə qadın üçün hətta dərmandır.

Bəzən hamilə qadınların turş meyvələr istəməsi normaldır. Bu, təbabətə aid bir şey deyil, amma ürəyi istəyirsə, qadında sırf psixoloji diskomfort yaradacaq. Buna görə, hamilələr bu cür qidaları istəyirsə, qış aylarında xüsusilə alça kimi meyvələri başqa alternativlə əvəz etmək lazımdır. Nə səbəbdən olur, olsun stress hamilə üçün heç bir halda olmamalıdır”.

Qadınların hamiləlik zamanında məlumatlı olmasına diqqət çəkən pediatr vurğulayıb ki, internetdən, mediadan, sağlamlıqla bağlı məlumatları əldə etmək olar:

«35-40 il bundan əvvəl anaların əksəriyyəti təhsilsiz idi. İnformasiya üçün tək həkimlər var idi. İndi bu məsələlərin hamısı aradan qalxıb. Necə olur ki, analar internetdən hər məlumatı əldə edir, amma öz sağlamlığı üçün vacib olanlarla maraqlanmır. Həkimlər nə qədər məsləhətlər versə də, əksərən buna laqeyd yanaşırlar. Lakin hər kəs aldığı təhsili özünə faydalı şəkildə istifadə etməlidir. 

Sosial şəbəkələrdə çox zaman ciddi olmayan məlumatlar da paylaşılır. Bəziləri bunu yumor olsun deyə yazır, amma düşünmürlər ki, bunu oxuyub, tətbiq edən insanlar da ola bilər. Nəticədə problemlər ortaya çıxar. Ona görə, hər yayılan məlumata etibar etməmək, qeyri-ciddi paylaşımları oxumamaq lazımdır”.

sherg.az
Top