Körpənin süddən kəsilməsi zamanı ananın rahatlığını təmin etmək üçün aşağıdakı tədbirləri nəzərinizə çatdırırıq. “Südünüzü qurutmaq” üçün sinənizi sarımayın. Bu, süd kanallarının tıxanması, döş infeksiyası və döşdə şişkinliyə səbəb olan keçmişdə qalmış bir üsuldur.
Əgər xüsusi bir vaxt körpəni əmizdirmədikdə döşləriniz dolur və sizə narahatlıq törədirsə, vəziyyətiniz yüngülləşənə qədər bir balaca südünüzü sağın. Siz südü bir neçə dəqiqə südsağanla və ya əlinizlə sağa bilərsiniz.
Nə qədər az süd sağsanız, bədəniniz bir o qədər tez başa düşəcək ki, daha süd ifraz etməyə ehtiyac yoxdur. Bəzən sadəcə isti duş qəbul etmək işə yarayır. Ümumiyyətlə, dolğunluğu yüngülləşdirəcək bütün üsullardan istifadə etmək olar. Əgər südü sağmamaq sizə narahatlıq vermirsə, lap yaxşı.
Əgər döşdə dolğunluq sizə narahatlıq törədirsə, südü südsağanla və ya əllə sağın. Döşdə dolğunluğu yüngülləşdirməmək, sizin orqanizminiz üçün heç də yaxşı deyil. Əgər döşdən az süd sağılsa, süd ifrazı azalacaqdır. Bundan əlavə az süd sağmaq, narahatlıq hissini yüngülləşdirəcək, süd kanallarının tıxanması, döşdə infeksiya və ya döşdə şişkinlikdən əziyyət çəkmə ehtimalı azalacaqdır.
Aşağıdakı vasitələrdən adətən körpəni süddən ayırma zamanı ananın rahatlığını təmin etmək üçün istifadə olunur:
İbuprofen və ya digər ağrıkəsicilər
Döşə qoyulan kələm yarpağı kompressləri
Bu vasitələrdən adətən körpəni süddən ayırma zamanı süd ehtiyatını azaltmaq üçün istifadə olunur:
Süd ehtiyatını azaldan otlar və ya digər təbii müalicə vasitələri (cəfəri, nanə, adaçayı və s.)
Hamiləliyə nəzarət həbləri, xüsusilə tərkibində estrogen hormonu olan həblər
Sudafed (psevdoefedrin), dekongestant
Süddən kəsmə zamanı ümidsizlik və depressiya
Körpəni süddən kəsdikdən sonar tez-tez ağlamağa meyllilik, kədər hissi və ya depressiya baş verir; bəzi analar həmçinin əhval-ruhiyyə dəyişkənliyi keçirirlər. Bu hisslər adətən qısamüddətli olur və bir neçə həftə içində keçib gedir. Bu, əsasən, hormonal dəyişikliklərlə bağlıdır. Körpəni süddən ayırma zamanı meydana gələn dəyişikliklərdən biri prolaktinin səviyyəsinin düşməsidir.
Süd ifrazını stimulyasiya edən prolaktin, həmçinin qadına əmin-amanlıq, sakitlik hissləri və yüngülləşmə gətirir. Körpənin süddən kəsilməsi nə qədər sürətli olsa, hormonal səviyyədə dəyişikliklər bir o qədər qəfil olur və sizin arzuolunmayan hisslər keçirmək ehtimalınız çoxalır. Körpələrini hazır olmazdan əvvəl (və ya özlərindən asılı olmayan səbəblərdən) süddən kəsmək məcburiyyətində qalan anaların, həmçinin depressiyaya meylli olan anaların, körpəsini süddən kəsdikdən sonra depressiyaya düşməsi ehtimalı daha çoxdur.
Hətta, özünü, körpəsini süddən kəsmək üçün hazır hiss edən və onu süddən tədricən kəsən anaları da itki və hüzn hissi bürüyə bilər. Körpəni süddən kəsmək, onunla fiziki birliyinizin və həyatınızdakı çox xüsusi bir dövrün sonu deməkdir. Yadda saxlayın ki, körpəniz hələ də sizin onun yanında olmağınıza güclü ehtiyac duyur və siz ona yaxınlığınızı artıq başqa yollarla ifadə edə bilərsiniz.
Müəllif: Kelly Bonyata
Mənbə: www.kellymom.com
Tərcümə edən: Xumar Ərşadlı