Sual: Niyə bu qədər həssas və duyarlı olmuşam? Bu həssaslıq nədən yaranıb, hardan qaynaqlanır? Bunu paylaşmaq mümkündürmü?
Oşo: Bütün uşaqlar həssas doğular, olduqca həssas. Lakin, toplum, dünyada həssas insanların olmağını istəməz. O, daş ürəkli insanlar istəyir. O, işçilər istəyir, əsgərlər istəyir. O, ürəyini gözardı edən hər cür “sərt” insanı istəyir. Toplum, professorlar istəyir, intellektuallar istəyir, elm adamları istəyir. Onlar ürəkləri haqqında, öz həssaslıqları haqqında heç nə bilməyənlərdir. Əgər, duyarlı və həssassınızsa, bu, şükür etməli bir şeydir. Bəlkə də, qadın duyarlı və həssas olmaqda kişidən daha bacarıqlıdır. Çünki, qadın əsgər olmayacaq, ondan insanları öldürməsi gözlənilməyəcəkdir. Bir qadın kişidən daha həssasdır. Çünki, toplum, onu önəmli olan hər məsələdən kənar etmişdir, bəlkə də gözardı etmişdir. Beləliklə, şükür ki, kişi canavara çevrilərkən, qadın hələ insan olaraq qala bilmişdir.
Kişinin bütün dünyası öldürmək ya da öldürülməkdir. Bütün həyatı, fikri bacardıqca çox silah əldə etməyə yönəlmişdir. Belə görünür ki, II Dünya müharibəsi ona bəs etməyib və III Dünya müharibəsinə hazırlaşır. Unutmayın ki, cəbhədə bir əsgər ölərkən, bir ata ölür, oğul ölür, bir ər ölür. Kişilər döyüşür, bir-birlərini öldürürlər, acısını qadın çəkir. Buna görə də, yüzillər boyu, acı çəkdikcə, üzüntüyə, zövqə, acıya və məmnuniyyətə qarşı daha duyarlı, daha həssas olurlar. Buna görə də, “Niyə bu qədər həssas olmuşam?” deyə soruşmayın. Həssas doğulmusunuz və bu sizin doğuşdan haqqınızdır. Həssas hiss etməyəndə soruşmalısınız ki, mən niyə həssas deyiləm? Həssaslıq (duyarlılıq), ilahiliyin, ilahi olmağın təbiətidir.
Əsrin ən yaxşı yazarlarından biri sayılan, Corc Bernard Şounun hekayəsini sizə danışım. Bir adam, usta, sənətçi, yazıçı Bernard Şounun evinə görüşməyə gələrkən, Bernardın bağçasında o qədər çox gözəl güllər olduğunu görür ki, inana bilmir. Yazıçının evinə çatanda isə otaqda tək bir gül belə olmadığını görüb təəccüblənərək soruşur: “Bağçanda o qədər gözəl çiçəklərin var, demək olar ki, lap bolluqdur, niyə bir azını toplayıb evində güldanlara qoymamısan?” Usta cavab verir: “Mən uşaqları da çox sevirəm, onlar da hər çiçək qədər gözəldirlər, amma evimi bəzəmək üçün başlarını kəsmirəm. Çiçəklər açacaq, yağmurda rəqs edəcəklər, günəşdə, küləkdə… Onlar orda canlıdırlar. Və mən qəssab deyiləm. Mən özüm insan, canlı, həyat qaynağı ola-ola bir çiçəyi kəsə bilmərəm. Və otağımda cəsədlər istəmirəm.” O haqlı idi. Və o həssas, duyarlı adam idi, həm də çox duyarlı. “Həssaslığım nə ilə bağlıdır?” deyə soruşursunuz. O, ən içinizdən gələndir. Qıraqda, uzaqda, fərqli bir yerdə qaynaq axtarma. Bu sənin təbiətindir.
“Həssaslığı paylaşmaq mümkündürmü?”
– Təbii ki. İnsanlarla əl sıxışdığınızda bunu görə bilərsiniz, bir ağacın ölü budağı ilə əl sıxışır kimi hiss edərsiniz. Həyat yox, istilik yox, bir enerji yox. Bunu da yaşamış ola bilərsiniz; Elə bir adamla görüşərsən ki, elə bir adama toxunarsan ki, ondan bir enerji axışı olar. Enerjiləriniz arasında bir transfer reallaşar. Bir istilik, bir sevgi. Və bir səmimiyyət hiss edərsiniz. Bax bu tip insanlar, onlarla birlikdə olarkən, demək olar, bəsləndiyinizi, qidalandığınızı hiss edərsiniz. O quru budağa bənzəyən adamlarla oturduğunuzda isə sömürüldüyünüzü, enerjinizin əmildiyini hiss edərsiniz. Həssaslıq, özünüzə yeni bir səyahətin başlanğıcıdır. Qorxmayın. Siz yüksəyə və daha yüksəyə çıxmağa davam edin. Daha da çox, diqqətli həssas olun. Ümid edirəm, bu sizə insanlığın ən gözəl parlaqlığını gətirəcəkdir.
Oşo
Tərcümə edən: Nərmin Heydərova