Gözəllik subyektiv anlayışdı. Estetikada bu məqsədlə anılan qurbağa məsəlini çoxları bilir. Erkək qurbağadan soruşurlar ki, dünyada ən gözəl kimdi? O da deyir ki, dünyanın ən gözəl məxluqu beli yaşıl, qarnının altı ağ, gözləri pırtlaşıq dişi qurbağadı.
Bəyəm belə deyil? Bir az ədəbsiz çıxmasın, aparın o qurbağaya Culiya Robertsi göstərin, beli yaşıl sevgilisini buraxıb, Hollivud gözəlçəsinin dalınca düşəcək? Yox, yenə də yox. Yəni gözəllik gerçəkdən subyektivdi.
Cəlaləddin Rumi yazır ki, Leyli və Məcnunun bərk gedən zamanında bu eşq haqda sohbətlər gedib çıxır xəlifənin qilağına. Xəlifə Leylini gətizdirir baxsın görsün bu nə biçim gözəldi ki, Qeysi Məcnun eləyib? Kişinin oğlu atasını belə tanımır. Başında quşlar yuva qurub. Emanasiya elədiyi pozitiv enerjinin nəticəsində ceyran başını aslanın qıçının üstünə qoyub yatır. Bu aşiq adını belə unudub. “Kimsən, adın nədi?” deyə soruşanlara: “Adım Leylidi” deyir. Leylini gətirirlər. Xəlifə baxir ki, bu, adi bir qızdı, fövqəladə bir gözəlliyi yoxdu. “Yahu, sən adi bir qızsanmış!” deyəndə Leyli deyir: “Sən ayıqsan, ağlı başında olanın eşqdən danışması haramdı. Sən Leyliyə Məcnunun gözü ilə bax”.
Həri. Bu gözəlliyin subyektivliyi az qala şəksizdi. Amma gözəlliyin ümum tərəfindən qəbul olunan kriteriyaları da varmış. Alimlər və cahillər fiziki gözəlliyin kriteriyalarını zaman-zaman müəyyən etməyə çalışıblar. Söhbəti bir az da sadələşdirək. Konkret bir sektoru – qadın gözəlliyini götürək. Mən təzəlikcə bilirəm ki, Şərqdə qadın gözəlliyinin kriteriyaları, intim münasibətlər haqda nə qədər kitablar yazılıbmış. “Bahnamə” adlanıb bu kitablar. “Bah” könül deməkdir. Nəsrlə olanı da olub, nəzmlə olanı da. İbn Sina kimi nəhəng şəxsiyyət də bu mövzuya baş vurub. Bu qisimdən Şərqdə ən məşhur əsəri isə Nəsrəddin Tusi yazıb. “Bahnameyi-padişah” adlanan bu əsər farscadır. Yazılandan iki yüz il sonra türkcəyə çevrilib və çox populyarlaşıb.
Uzun əsrlər ən çox oxunan kitablar sırasında olub. Maraqlı cəhətlərdən biri də odur ki, kitabda hər yeni abzas “Ey oğul, bil ki...” deyə başlanılır. Tusi oğluna belə xitab edir: “Ey oğul, indi sənə arvadların gözəllik əlamətləti haqqında danışacam. Bu əlamətlərə malik olan qadın qadınların ən gözəli deməkdir. Bu əlamətlər nə qədər az və əksik olarsa, qadın da o qədər az gözəl olar”… Və o da maraqlıdır ki, kitabda sırf şəhvətlə bağlı məsləhətlər çoxluq təşkil edir. İntim əlaqələrlə bağlı məsləhətlər verilir.
“Arvadnamə” adlı bölmədə yazılır:
*arvadın dörd nəsnəsi qara gərək: saçı, qaşı, kirpiyi və gözünün giləsi
*dörd nəsnəsi qırmızı gərək: dili, dodağı, yanaqlari və ovurdları
*dörd nəsnəsi yuvarlaq gərək: üzü, gözü, topuqları və biləkləri
*dörd nəsnəsi uzun gərək: boynu, burnu, qaşı və barmaqları
*Və dəxi arvadın başı nə böyük nə də kiçik ola.
*Boynu nə uzun, nə də qısa ola. Və əti də dəyirmi ola.
*Və bənizi ağ ola və ya qaz bənizli ola. Və bədəni də pəmbə ola.
*Və saçı sıx və uzun ola. Zira saç arvadın üz suyudur.
*Və güldüyü vaxt gözəl ola. Zira arvadın gülüşünün xoşluğu başqa xüsusiyyətlərindən öndə gəlir.
*Və gözlərinin qarası çox ola. Qaşları da çatılmış ola.
*Və yeridiyi zaman… əti tərpənə.
*Və xasiyyəti dadlı ola, sözü dadlı ola, özü də yumşaq xarakterli ola.
*Bax ey oğul, bu yazdığımız şərtlər hansı arvadda varsa, demək, o, gözəlliyin kamilliyinə çatıb.
18 bölmədən ibarət bu kitabda çox məsələrə aydınlıq gətirilib. Amma sırf etik səbəblərdən onlara işarə etməyi belə məqsədəuyğun saymırıq.
Mənbə: Bizim Yol qəzeti