Güclü zəriflər

Güclü zəriflər

Qadın böyük qüvvədir. Kişilər bunu çox yaxşı başa düşsələr də, uzun illər ərzində onlar siyasətdə olan zərif cinsin nümayəndələrini heç də ciddi qəbul etməyiblər. Amma tarixən bir çox güclü qadın böyük işlər üçün qabiliyyətinin çatdığını sübuta yetirib. Dünya siyasət tarixinə adlarını qızıl hərflərlə həkk etdirən 10 ən güclü qadını daha yaxından tanıyaq.

Kleopatra (e.ə. 69 – e.ə. 30)
Misir yalnız piramidalar, məbədlər, tarixi abidələr, sfinkslər və miflər ölkəsi deyil. Misir qədim zamanlardan bəri taxt üstündə ciddi mübarizələr aparan, müharibələr edən rəhbərlər ölkəsidir. Bu rəhbərlərdən biri Misir tarixində özünəməxsus yeri olan Kleopatra hakimiyyətə çox gənc yaşda (16 yaşında) gəlir. Amma gənc xanım çiyinlərinə düşən yükün fərqində idi. Çünki yalnız dövləti idarə etməli deyildi, həm də özünü qorumağı bacarmalı idi. Yaxşı təhsil almış, özünə əminliyi ilə tanınan Kleopatranın ətrafdakılar üzərində güclü təsiri vardı. O, Romanı özünə tabe etmək üçün bir-birinin ardınca imperatorları yoldan çıxarmağa çalışır. Onun Yuli Sezar və Mark Antoni ilə olan sevgi macəraları çox məşhur idi. Bu münasibətlər sayəsində o, hakimiyyətini möhkəmləndirir, özünün və varislərinin gələcəyini sığortalayır. Misirli qadın hökmdar ilan sancmasından vəfat edir və sonuncu sevgilisi Mark Antoninin yanında dəfn olunur.

Knyaqinya Olqa (890 – 969)
Knyaginya Olqa tanınmış ailəyə mənsub deyildi, amma buna baxmayaraq, o, böyük Kiyev knyazı İqorun həyat yoldaşı olmağı bacarır. O, daxili intriqaların aradan qaldırılmasına nail olur və sərkərdələrin idarəsində də yaxından iştirak edirdi. Amma mehriban cütlüyün xoşbəxt həyatı uzun sürmür və İqor bir kəndlinin əli ilə öldürülür. Həyat yoldaşının ölümündən sonra Olqanın nifrət və hirsi artır, kəndlilərdən qisas alaraq, onlara işgəncə verdirir. Knyaz İqorun vəfatından sonra atasının yerinə onun oğlu Svyatoslav gəlir, yeni şahzadənin naibi isə, təbii ki, Olqa özü olur. Knyaginya Olqa ölkəni kişilərdən daha yaxşı idarə edirdi. O, xalqını xristianlığa çəkməyə çalışırdı. Knyaginya Olqa ölkənin layiqli başçısı olmaqla yanaşı, həm də yaxşı ana, yaxşı nənə kimi tarixdə məşhurlaşıb. O, tarixə Kiyev dövlətinin ən güclü qadını kimi daxil olub.

 

Çariça Tamara  (1184 – 1213)
Tamara hakimiyyətə çox gənc yaşlarında gəlməsinə baxmayaraq, güclü xarakteri və özünə inamı nəticəsində nəinki hakimiyyəti öz əlində saxlaya bildi, hətta bu inadı ilə ölkəsinin sərhədlərini genişləndirdi, onu möhkəmləndirdi.

Tamara təbiətcə sakit və ətrafdakılara çox da etibar etməyən bir qadın idi. Çünki o, atasını çox gənc yaşlarında itirmişdi, ilk həyat yoldaşı Yuriy isə əhli-kef həyat tərzi keçirirdi. Amma çariçanın ikinci həyat yoldaşı, hələ uşaqlıqdan tanıdığı – David Soslan onun ən güvəndiyi insan, sadiq, sınanılmış dostu idi.  Məhz David Tamaraya dövləti idarə etməkdə və qələbələr qazanmaqda kömək edirdi. Tamara digər hökmdar qadınlardan çox fərqlənirdi, onun  bahalı daş-qaşları, qiymətli əşyaları yox idi, onun əsas sərvəti biliyi və mədəniyyəti idi.

 

Janna Dark (1412 – 1431)
Janna d’Ark özündən əvvəlki qadınların sırasında, təbii ki, ən mistik qəhrəmandır. Orleanlı Janna çox inanclı, qoçaq və uşaq yaşlarından bütün haqsızlıqlara qarşı mübarizə aparan biri idi. Müqəddəs Məryəm ana Jannaya Fransanı düşdüyü bəlalardan xilas etmək vəzifəsini verir. Artıq 17 yaşı olanda Janna IV Karla yaxın olaraq onu mübarizə aparmağa ruhlandırırdı. Məhz bu balaca qızcığazın sayəsində həm Karl, həm də fransız xalqı öz gücünə güvənərək torpaqları uğrunda mübarizə  aparmağa başlayır. Janna Karlın taxta çıxmasın və Orleanı azad etməyə kömək edir və bu zaman britanlara əsir düşür. Əldə etdiklərinin hər birini bu gənc xanıma borclu olan hökmdar isə ona kömək etmir. Orlean gözəlini cadugərlikdə günahlandıraraq ifritə kimi yandırırlar.

 

Roksalana və ya Hürrəm Sultan  (1505 – 1558)
Aleksandra Anastasiya Lisovska, Avropada Roksolana, türk xalqları arasında isə Xürrəm Sultan adı ilə tanınan ukraynalı gözəl Osmanlı dövlətinin 10-cu padşahı Sultan Süleyman Qanuninin həyat yoldaşı və sultan II Səlimin anası idi. Xürrəm Sultan Süleymanın sevimli qadınına çevrilməklə yanaşı, Osmanlı sultanı ilə nikahla evlənmiş ilk avropalı qadın kimi də tarixə düşüb. Xürrəmi indiyədək sultanın həyatında olan qadınlardan fərqləndirən əsas cəhətlərdən biri Sultan Süleyman üzərində təsirə malik olması və bundan öz məqsədləri üçün istifadə etməsi idi. O, sultana 6 uşaq doğaraq nə vaxtsa taxta sahib olmağı planlaşdırırdı. Xürrəm dövlət işlərində də Sultan Süleymana kömək edirdi. O, məscidlər, məktəblər, xeyriyyə binaları və xəstəxanalar tikdirirdi.

 

II Yekaterina (1729 – 1796)
Ümumrusiya İmperatriçəsi Böyük Yekaterina həyat yoldaşı III Pyotru taxtdan salaraq hakimiyyətə gəlir. İmperatriçənin 30 il sürən hakimiyyəti illərində təhkimçi kəndlilərin vəziyyəti pisləşir, insanlar aclıq çəkir. Amma bunun tam əksinə olaraq, qadın hökmdar zadəganların və əhalinin yüksək təbəqəsinin yaxşı yaşaması üçün əlindən gələni əsirgəmirdi. Yekaterinanın hakimiyyəti illərində mənfi hadisələrlə yanaşı, çoxsaylı məktəblərin, institutların, elmi bazaların, akademiyaların və kitabxanaların tikilməsi kimi müsbət hadisələr də baş verirdi. İmperatriçənin özü çox savadlı idi, o, ədəbiyyatşünaslıq və filologiya ilə, tiblə, incəsənətlə maraqlanır, memarlığın inkişafına dəstək olurdu.



Klara Setkin ( 1857 – 1933)
Klara Setkin – alman siyasətçisi, Kommunist Qadın Hərəkatının fəal iştirakçısı, Almaniya Kommunist Partiyasının yaradıcılarından biri və ən əsası, qadınların hüquq müdafiəçisi idi. Klara Setkin 1916-cı ildə məsləkdaşları Roza Lüksemburq, Frans Mering və Karl Libknextlə birlikdə “Spartak Birliyi”ni qurur. Bu birlik 1918-ci ildə Almaniya Kommunist Partiyasına çevrilir.  Klara dövrünün bir çox məşhur siyasətçiləri ilə tanış idi və çox hallarda faşizm və nasizmə qarşı mübarizə aparırdı. Hitler hakimiyyətə gəldikdən sonra isə Setkin Sovet İttifaqı ərazisinə sürgün edilir və elə buradaca 75 yaşında vəfat edir. Klara Setkin 8 Mart Beynəlxalq Qadınlar Günü ideyasının da müəllifidir. Öncələr 8 Mart siyasi hərəkat olsa da, daha sonralar bayrama çevrilir.

 

İndira Qandi ( 1917 – 1984)
Dünyanın ən güclü qadınları sırasında növbəti yer  – Hindistanın Baş naziri, Milli Azadlıq Hərəkatının üzvü, ən nüfuzlu qadın siyasətçisi İndira Qandinindir. Siyasətçi ailəsində anadan olan İndiranın dünyagörüşünün formalaşmasında, təbii ki, atası Cəvahirləl Nehrunın rolu çox böyük idi. II Dünya müharibəsindən sonra siyasətçi qadın xalqı ilə birlikdə azadlıq hərəkatında iştirak etməyə başlayır. 1947-ci ildə Hindistan müstəqillik əldə edir və İndiranın atası Cəvahirləl Nehru Baş nazir vəzifəsinə keçərəkS Milli Hökuməti formalaşdırır. Nehru qızını özünə köməkçi təyin edərək onun siyasi karyerasının başlanmasına təkan verir. Atasının ölümündən sonra İndira ölkədə ən yüksək vəzifəyə təyin olunur. Qandinin idarəçiliyi illərində ölkə birləşir, iqtisadiyyat daha da güclənir. İndira bütün hakimiyyəti illərində dini münaqişə və müharibələrə son verməyə çalışır, amma buna nail ola bilmir və sonda bir terroristin əli ilə öldürülür.

 

Dəmir ledi (1925 – 2013)
Marqaret yersiz zarafatların, əyləncə və oyunlara vaxt ayırmağın mənasız hesab olunduğu ciddi bir ailədə böyüyüb. Məhz bu, Marqaretin gələcəkdə ciddi bir siyasətçi kimi formalaşmasına öz təsirini göstərmişdi. Tetçer Oksford Universitetini  bitirdikdən sonra siyasi karyerasını qurmağa  başlayır. Siyasətdə atdığı ilk addımlar uğursuz olsa da, müəyyən müddətdən sonra o, Mühafizəkarlar Partiyasının əsas üzü, daha sonra isə  Britaniyanın Baş naziri olmağı bacarır. Qadın siyasətçinin gördüyü işlər, qəbul etdiyi qərarlar heç də həmişə cəmiyyət tərəfindən yaxşı qəbul edilməsə də, məhz onun qərarları sayəsində ölkə iqtisadi böhrandan qaça və öz mövqeyini möhkəmləndirə bildi.

 

Angela Merkel (1954)
Kansler Angela Merkel Almaniyada keşiş ailəsində dünyaya gəlib, mühafizəkar mühitdə böyüyüb. Xanım Merkel bir müddət qabaq Almaniyanın qadın jurnallarının birinə öz uşaqlıq arzusu haqda danışıb. Deyib ki, arzusu gimnast olmaq və köndələn tir üzərində müvazinəti saxlamağın sirlərinə yiyələnmək olub. Amma o, çox tez anlayıb ki, bu arzu ona uyğun deyil.

 

Angela Merkel 2005-ci ildən Almaniya Federativ Respublikasının Federal Kansleridir. Daha əvvəllər də yüksək vəzifələr tutan xanım Merkelin hakimiyyəti illərində ölkə iqtisadiyyatı yaxşılaşdı, işsizlik azaldı.

Top