«Yaxşı qızlar əsəbləşəndə ağlayırlar, pis qızlar içirlər, ağıllı qızlar isə mağazaya alış-verişə yollanırlar...»
Psixoloqların sözlərinə görə, tibbdə bu xəstəliyin bir neçə adı var. Daima nəsə yeni bir şey almaq istəyənlərin xəstəliyi şopomaniya, şopoqolizm, şopinqparanoya və onyomaniya adlanır. Bu cür insanların hər şeyləri olsa da, onlar daim alış-verişə ehtiyac duyurlar. Bu həm psixoloji, həm də nevroloji bir problemdir.
Psixoloq Azad İsazadənin fikrincə, şopomaniya adlı xəstəlik daha çox qadınlarda təzahür edir. Onlar daim mağazalardan nəsə almaq istəyirlər. Belə insanlar hətta sonuncu qəpiklərini belə mağazada xərcləməkdən çəkinməzlər.
«Bu, həqiqətən də, xəstəlikdir. Şopomaniya elə bir həddə çata bilər ki, narkotikdən əziyyət çəkən insanlar tək, bu insanlarda da bir növ asılılıq yaranar. Əslində, loru dildə desək, bu, bir „mağaza xəstəliyi“dir. Bu cür insanlar mağazaya daxil olarkən gördükləri hər şeyi almaq istəyirlər», — A.İsazadə bildirdi.
«Mən mağazada alış-veriş edərkən bütün dərdlərimi unuduram. Əhvalım düzəlir, hətta depressiyadan belə çıxıram. Alış-veriş məni sakitləşdirən yeganə vasitədir», — bunlar 20 yaşlı həmsöhbətim, Bakı Dövlət Universitetinin tələbəsi Fidan Quluzadənin sözləridir.
"Ən qəribəsi isə bundadır ki, elə şopoqoliklər var, lazımi əşyaları alırlar. Digərləri isə tamamilə gərəksiz əşyalara bütün pullarını xərcləyirlər. Misal üçün, mağazaya bir cüt ayaqqabı almağa yollanan insan, geriyə beş cüt ayaqqabı ilə qayıda bilər", — A. İsazadə dedi.
Psixoloq şopoqoliklər arasında kolleksiya yığanların olduğunu da qeyd etdi: «Yəni kimsə çanta həvəskarıdırsa, bu cür insan gördüyü bütün çantaları almaq istəyəcək. Əslində, rastına çıxanı almaqdansa, bu cür olmaq daha yaxşıdır».
Psixoloq S.Allahyarova isə şopomaniyanın xəstəlik olmadığını iddia edir.
"Şopomaniya, əslində, xəstəlik deyil. Bu, qadınların zəifliyidir. Əslində, gündəlik həyatımızda da biz mağaza qabağından keçərkən istədiyimiz bir şeyi gördükdə onu almağa can atırıq. Hər bir qadın endirim sözünü görəndə istər-istəməz mağazadan nəsə almamış çıxmır. Sadəcə, şopoqoliklər digərlərindən fərqli olaraq, mağazalar qarşısında daha acizdirlər.
Şopoqolizm xəstəliyinin əsas simptomu: stres zamanı ən azı bir əşya olsa belə, onu almaq! Mağazaya daxil olarkən şopoqoliklər onları əhatə edən bütün problemlərdən, gündəlik qayğılaran azad olurlar.
Tənhalıq hissi və yorğunluq sanki bir anda unudulur. Onlar özlərini dünyanın ən xoşbəxt insanları hesab edirlər. Evdə alınan əşyalardan yer tapılmasa da, şopoqolik daim yeni bir şey almaq istəyir.
Əvvəla, insan özü şopoqolik olduğunu dərk etməlidir. Əks halda, bu xəstəlikdən, çətin ki, canını qurtara bilsin.
«Mağazaya daxil olarkən başa düşməlisiniz ki, siz lazımsız bir əşya alırsız. Bu heç də sizin əlçatmaz bir arzunuz deyil. Evdən çıxarkən özünüzlə ancaq yolpulu götürün, ən azı bir neçə həftə bunu etməyə cəhd göstərin. Ancaq bu cür öz nəfsinizə qarşı çıxa bilərsiniz. Mağazaya getməmişdən əvvəl siyahı tutun. Lazım olanları yazın və əlavə heç nə qeyd etməyin. Əgər mağazada sizin xoşunuza nəsə gəlibsə, çalışın, onu dərhal almayın. Bir neçə saat fikirləşin, bəlkə sonra bu əşyanın sizə lazım olmadığını başa düşəcəksiniz. Bu vasitələr kömək etmədikdə isə artıq psixoloqa müraciət etməlisiniz», — A.İsazadə dedi.
Şopomaniyadan əziyyət çəkən insanların doxsan faizi qadınlardır. Ən çox alınan əşyalar isə kosmetik vasitələr, ayaqqabı, geyim, zinət əşyaları və s.-dir. Alimlərin fikrincə, bu xəstəliyə dünyada insanların on faizi düçar olub.
Depressiyada olan insanların bir çoxu alış-veriş edərək bu haldan çıxa bilirlər. Bəzən alış-veriş belə vəziyyətdə olanlara hətta tövsiyyə olunur. Amma unutmaq olmaz ki, həddən artıq canfəşanlıq bir dərddən qurtulub, o birinə düçar olmağa şərait yarada bilər.
Müəllif: Türkan Nadirqızı
Mənbə: www.milli.az/news/society/106435.html