Dünyanın ən yaxşı kişisi

Dünyanın ən yaxşı kişisi

Bu günlərdə mətbuatda ağlamalı və gülməli olan bir məlumat oxudum. Sən demə, məşhur futbolçu Devid Bekhem dünyanın ən yaxşı kişisi imiş. İndi bilmirəm, Bekhemi kim dünyanın ən yaxşı kişisi seçib, amma mən bu seçimlə razı deyiləm. Çünki hər bir qadının sevdiyi onun üçün dünyanın ən yaxşı kşisidir. Bir də axı Bekhem nə edib ki, ən yaxşı kişi adını qazanıb? Bir sözlə, bu avropalılar qəribə olurlar. Onlar Elton Conu cəngavər adlandırandan sonra, bütün titulları gözümdən düşüb və mənimçün qarantiyasızdır.
Yeri gəlmişkən, deyim ki, bu avropalılar bir dəfə də Merilin Monronu gözəlliyinə görə minilliyin qadını seçmişdilər. Sən demə, bu minilliyin qadınının ayağının biri o birindən qısa imiş. Boyu isə 1.56. Üstəlik, bütün alt paltarlarına silikon qoyurmuş. Orasını-burasını silikonla, balaca pambıq döşəklərlə dombaldan Merilin Monronu da minilliyin qadını kimi qəbul etmədim. Məncə, minilliyin qadını Salatın Əsgərova idi. O, güllənin içinə ayaq stə gedəndə öləcəyini fikirləşmədi. Məncə, minilliyin qadını Üzeyir Hacıbəyovun anası seçilməli idi ki, o, bəşəriyyətə belə bir dahi bəxş etmişdi. Merilin Monro isə eyni vaxtda Kennedi qardaşlarını yataqda razı salmaqla bəşəriyyətə əxlaqsızlıqdan və bədənini satmaqla irəli getməkdən başqa heç bir şey vermədi. Əslində Merilin Monro hətta ölümündən sonra bəşəriyyətə yaydığı bu əxlaqsılığa görə məhkəməyə verilməliydi. Çünki dünyanın bütün şou əhli indi Merilinin bu üsulundan istifadə etməklə özünə milyonlar yığır, varidat toplayır. Biri baş nazirə qoşulub İngiltərədə istirahət edir. Sonra da ərə gedir. Biri başqa bir nazirin həm özünə, həm də oğluna seksual xidmət göstərməklə milyonlara sahib çıxaraq forslanır. Nə olsun? Bir dəfə şou proqramlarından birində Nadir Qafarzadəni, Samir Bağırovu, Bilal Əliyevi ilin ən yaxşı kişi müğənnisi seçmişdilər. Mənə elə gəlir ki, Azərbaycanın ən yaxşı kişi müğənnisi Baloğlan Əşrəfovdur ki, digər kişi oxuyanlarımızdan fərqli olaraq prezident seçkilərində ağzını çuval kimi açıb, “yaşa, prezidentim, yaşa, xalqınla baş-başa” deyib, ətimizi tökmür. Kişi kimi dayanıb, kişi kimi də oxuyur. Mən isə bu köşəmi sözün əsl mənasında dünyanın ən yaxşı kişisinə ittihaf edirəm. Bu isə AZƏRBAYCAN KİŞİSİDİR.
Bu kişi başının üstündəki qapazı iri, qüdrətli əlləri ilə kənara itələdiyi üçün daim təqib olunur. Bu kişi balasına bir tikə çörək qazanmaq xatirinə başının üstündəkilərin “əyil” komandasını vecinə almır. «Ac qal, kişi kimi yaşa» ideyasını hər şeydən üstün tutur. Bu kişinin obasının, elinin üstünü qara buludlar alanda özünü oda-közə vurub, silahını əlinə alır. Bu kişinin gözündə qorxu yoxdur, düşmən acizdir. Onun beynində “öldürərlər” fikri yoxdur. O, əsl kişidir və “öldürərəm” fikri qəlbinə hakim kəsilib. AZƏRBYCAN KİŞİSİ qadının çılpaq bədənini hərraca qoyub, pul qazanmaq üsulundan xəbərsizdir. Onun üçün qadını müqəddəsdir və yalnız onun özünə məxsusdur. Yəni ümumi deyil.
Azərbaycan kişisi-Həsən Məmmədov
AZƏRBAYCAN KİŞİSİ bir kəlmə sözə bütün həyatını qurban verər. Azərbaycan adlı məmləktdə AZƏRBAYCAN KİŞİSİ bütün bu dəyərlərini Atlant dünyanın sütununu çiynində saxladığı kimi saxlayır. Bəli, bu dəyərləri saxlamaq çox əzablıdır. Amma şərəflidir. Bilirəm, bu sözlərim kimlərinsə xoşuna gəlməyəcək. Deyəcəklər ki, bəs Dubayın türmələrində yatan 5 min azərbaycanlı qadın kimə məxsusdur? Bəs ölkə başçısının qarşısında baş əyib, əlindən öpmək istəyənlər kimə, hansı millətə məxsusdur? Mən isə deyirəm: bunların qanı təmiz deyil. Bunlar zatıqırıqlardır. Əsl AZƏRBAYCAN KİŞİSİ sözünü dediyinə, haqqını tələb etdiyinə görə türmədə yatmaqdan qorxmadı. Döyülməyindən, parça-parça edilməyindən qorxmadı. Və qorxmur da.
Devid Bekhhemə qalınca, o,  hələ gedib arvadı Viktoriyanın əyninə paltar geyindirsin, sonra gəlib kişilikdən danışsın.

Müəllif: Arzu Abdulla [email protected]
Mənbə: Bizim yol
Top