Janna d'Ark- fransızların ölməz qəhrəmanı (1412 - 1431)

Janna d'Ark- fransızların ölməz qəhrəmanı (1412 - 1431)

Fransa su üzərindəki quru bir yarpaq kimi sonu bilinməyən bir istiqamətə sürüklənməkdəydi.
Yaxın adamları ilə birlikdə bir qəsrə sığınan kral nə edəcəyini bilmirdi. Əslində onun belə bir vəziyyətdə əlindən gələ biləcək bir işi də yox idi. Fransa ingilislərin ayaqları altında inləyir, ölkə ingilislər üçün kölə kimi çalışırdı. Kralın ingilislərə qarşı savaşa girə biləcək güclü bir ordu təşkil etməsi üçün nə ərzağı, nə də silah-sursatı vardi.
15-ci əsrin 20-ci illərində yüzillik müharibələrə meydan olan Avropa hər gün qılınc səsləri ilə oyanaraq yüzlərlə qurban verirdi. Nəhayət, 1420-ci ildə İngiltərə kralı V Henri ilə Fransa kralı VI Karl (Charles) arasında Trua şəhərində sülh anlaşması imzalandı. Bu anlaşmaya görə, Fransa İngiltərənin tabeçiliyi altına keçirdi. Anlaşma imzalanandan az sonra hər iki kral müxtəlif səbəblərdən dünyasını dəyişdi. Bundan sonra İngiltərədə 2 aylıq körpə olan VI Henri kral elan edilir və ona qəyyumluq edənlər faktiki olaraq ölkəni idarə etməyə başlayırlar. Tacın 2 aylıq körpəyə keçməsi xəbəri Fransada həm üzüntü, həm də qəzəblə qarşılanır. Fransanın yeni kralı VII Karl ölkəsinin 2 aylıq bir körpənin tabeçiliyində yaşamaq niyyətində olmayacağını bildirərək İngiltərə ilə yenidən müharibəyə başlayır.
Buna cavab olaraq, İngiltərə Fransadakı yardımçılarının, burqundiyalıların dəstəyi ilə adıçəkilən ölkənin yarısını işğal edir. Qeyd edək ki, İngiltərənin ikiaylıq kralının hamisi cəsarətli sərkərdə və siyasətçi, kralın dayısı hersoq Bedford idi. O dərhal fransızlara cavab zərbəsi endirərək onları pərən-pərən saldı. İngiltərə və onların vassalları olan burqund ordusu əvvəlcə Luara şəhərini ələ keçirdilər. 1428-ci ildə isə onlar Orlean şəhərinə yaxınlaşaraq onu mühasirəyə aldılar. Amma ingilislər gursulu La Louirr çayı qarşısında uzun müddət donub qaldılar. Ona görə də ingilis komandanlığı müharibənin davam etdirilməsi üçün çayda suyun səviyyəsinin azalmasını gözləməyi qərara aldı. Bu da Fransanın tam şəkildə ingilislər tərəfindən işğal edilməsinə mane olaraq, qarşı tərəfə döyüşlərə daha yaxşı hazırlaşmaq fürsəti verir.

Buna paralel olaraq, VII Karl tacqoyma mərasimi keçirmək və bununla da xalqı öz ətrafında birləşdirmək istəyir. Tacqoyma mərasimi isə o dövr Fransanın adət ənənəsinə görə yalnız Reymsdə keçirilə bilərdi. Ancaq Orlean və digər iri şəhərlər kimi, Reyms də İngiltərənin işğalı altında idi. Belə bir vəziyyətdə Fransa kralı VII Karlın tacqoyma mərasimi keçirmək üçün Reymsə getməsi və qarşıdan gələn döyüşlərdə ingilisləri məğlub edə bilməsi inandırıcı görünmürdü. Necə deyərlər, Fransanı ingilis əsarətindən yalnız möcüzə qurtara bilərdi. Amma insanların hər yerdən ümidləri kəsilərək ingilis işğalı altında pərişan yaşadıqları bir vaxtda gözlənilmədən ortaya Janna dâArk çıxdı...

Savaş uşağı

O,1412-ci il, yanvar ayının 6-da Fransanın şimal-şərqində Meze çayının kənarında yerləşən Domeremi kəndində anadan olmuşdu. Onun atası - lap qədimlərdən kənddə yaşayan və əsas peşələri əkinçilik olan Jak d'Arkla anası İzabelin 5 uşağı vardı. Ortancıl övladları olan Janna ailənin adi uşaqlarından biri idi. O, tay-tuşları kimi, kiçik yaşlarından ailəyə gücü çatan işlərdə köməklik edirdi, kənddəki həmyaşıdları kimi, o da gənc yaşlarında ərə gedərək ərinə çoxlu uşaqlar doğacaq və bununla da vəzifəsini bitirərək dünyadan köçüb gedəcəkdi. Onu o dövrdə həmyaşıdlarından fərqləndirən tək bir amil vardı. Bu da d'Arkın dinə böyük hörmət bəsləməsi və bu məsələdə özünü kilsənin qızğın tərəfdarı kimi göstərməsi idi. Sonralar kilsəyə olan bu sevgisinə görə yaxın yoldaşlarından biri onu “Tanrının və Həzrəti Məryəmin xidmətçisi“ adlandırmışdı.
Heç kim bu cılız qızcığazın gələcəkdə qəhrəmanlıq göstərəcəyinə və döyüş meydanlarında ad-san qazanan cəngavərlərin və məşhur sərkərdələrin bacara bilmədikləri müqəddəs bir vəzifənin öhdəsindən gələ biləcəyinə inanmırdı. Amma hər şey birdən-birə dəyişdi... Janna d'Arkın uşaqlıq illəri Fransa ilə İngiltərə arasında davam edən 100 illik müharibənin ən qızğın vaxtına təsadüf etmişdi. 1415-ci ildə İngiltərə kralı V Henri Fransa ordusunu məğlub edərək, ölkəni işğal etdi. Bundan sonra ölkədə ingilislərin vassalları olan Dofinlərin və Burqon əsilzadələrinin hakimiyyəti dövrü başladı. Burqonlara məxsus quldur dəstələri tez-tez Fransa kralına sadiqliyi ilə tanınan Domeremi kəndinə hücum edərək əllərinə keçəni öldürür və evləri talayırdılar. Belə bir qorxulu uşaqlıq dövrü yaşayan Janna müharibənin və məğlubiyyətin bütün ağrılarını öz üzərində hiss etmişdi. İngilis işğalını özünə dərd edərək yaşayan balaca qızcığaz (Janna d'Ark) kilsədə Allaha dualar edərək, yerlərin və göylərin sahibindən Fransanın xilası üçün yardım istəyirdi...

Ona missiya verilir

Bu dualarınmı və ya başqa şeylərin təsirindənmi o, 12 yaşında ikən qarabasmalar görməyə başladı. Sonralar, özünün də dediyi kimi, guya Tanrı Həzrəti İsanın həvariləri vasitəsilə onunla danışırdı. Bu qarabasmalar zamanı o, parlaq bir işıq görür və Müqəddəs Mikael və Müqəddəs Katerina (Cahtherine) ilə təmaslara girirdi. Bu isə o dövrdə rast gəlinən bir iş deyildi: O ya dəli olmuşdu, ya da görücü idi. Amma hər halda onda digər həmyaşıdlarında olmayan bəzi şeylərin olduğu şübhəsiz idi. Amma o Tanrı ilə nələrdən danışırdı? Təbii ki, Fransanın gələcək taleyindən. Janna, əvvəlcə, özü bu barədə heç kimə danışmırdı. Lakin onun ətrafındakıların dediklərinə görə, Tanrı Jannadan Fransanın işğaldan azad edilməsini və ölkə kralının vəliəhdinin taxta çıxarılmasını istəyirdi. Üstəlik, Tanrı bu missiyanın həyata keçirilməsini d'Arkın üzərinə qoymuşdu. Dini həssaslığı onu ən cüzi günahlar işləməkdən xilas etmişdi və onun bu halı qarşısında, adətən müəyyən günahlar işləməyi özlərinə ayıb hesab etməyən din xadimlərini belə, çaşbaş salmışdı. Qarabasmalar zamanı Tanri ilə görüşdüyünü söyləyən Janna bunu əvvəlcə gizli saxlayırdı.

Janna DarkLakin 1428-ci ildə onun dediyinə görə, Tanrıdan bunu ətrafındakılara açıb danışmaq və ətrafına tərəfdarlar toplamaq barədə göstəriş aldı. Bundan sonra o, ətrafına tərəfdaşlar toplamaq üçün müqəddəs missiyasından bəhs edən məktublar yazaraq, vəliəhd VII Karla və digər insanlara göndərməyə başladı. Amma o bununla kifayətlənməyərək 1429-cu ilin fevral ayında Domeremi kəndi yaxınlığındakı Vokulyeredə yerləşən kral ordusunun kapitanı Roberu de Borikura müraciət edərək, müqəddəs missiyası barədə ona məlumat verdi və kralla görüşmək arzusunda olduğunu söylədi. Borikur ona yardım etməyi qərara aldı və əvvəlcə, krala məktub yazaraq ona məsələ barədə məlumat verdi. Bunun ardınca isə o, Jannaya kişi paltarı geyinməsini əmr etdi və onu bir neçə silahlı əsgərin müşayiəti ilə mühasirədə olan Orlean şəhərindən 150 kilometr məsafədə yerləşən Åžinon qəsrində yaşayan kralın yanına göndərdi. Həmin dövrdə Karl de Pontieu (Charles de Ponthieu) ölkəni öz ardınca ingilislərin üzərinə apara biləcək bir lider deyildi. Fransa su üzərindəki quru bir yarpaq kimi sonu bilinməyən bir istiqamətə sürüklənməkdəydi. Yaxın adamları ilə birlikdə bir qəsrə sığınan kral nə edəcəyini bilmirdi. Əslində onun belə bir vəziyyətdə əlindən gələ biləcək bir işi də yox idi. Fransa ingilislərin ayaqları altında inləyir, ölkə ingilislər üçün kölə kimi çalışırdı. Kralın ingilislərə qarşı savaşa girə biləcək güclü bir ordu təşkil etməsi üçün nə ərzağı, nə də silah-sursatı vardi. Belə bir vəziyyətdə özünü Janna d'Ark kimi təqdim edən cavan bir qızdan krala məktub gəldi. Məktubda yazılmışdı: “Mən Tanrının elçisi Janna d'Arkam. Siz mənə (mənim rəhbərliyim altına) bir ordu verin, mən də sizə Fransanı verim“.
Aldığı məktubdan çaşbaş qalan Karl Jannaya dərhal yanına gəlməsini və onunla tanış olmaq istədiyini bildirdi. Janna isə, yuxarıda qeyd etdiyimiz kimi, kapitan Borikurun məsləhəti ilə paltarını dəyişdirərək kişi paltarı geyindi və silahlı əsgərlərin müşayiəti ilə atını kralın sığındığı qəsrə sürdü. Bu arada isə ətrafındakılar krala bu qızın ingilis casusu və ya ən pis halda şeytan ola biləcəyi barədə xəbərdarlıq etdilər. Yeri gəlmişkən, onu da xatırladaq ki, orta əsrlər Avropasında qadınların cadu vasitəsilə şeytanla əlaqəyə girdiyi barədə təsəvvür formalaşmışdı. Nəticədə sonralar minlərlə qadın bu iftiraların qurbanlarına çevrilərək odda diri-diri yandırılmışdılar. Başqa vaxt olsaydı, bəlkə də, VII Karl Jannanı şeytan hesab edəcəkdi. Ancaq indiki halda onun itirəcəyi bir şey yox idi. Ona görə də kral ətrafındakıların məsləhətlərinə fikir vermədən Janna ilə görüşmək istəyindən vaz keçmədi. VII Karl: "Əgər bu gənc qız dediklərində səmimidirsə, onda o dindarlığı və Fransaya olan sevgisi ilə bütün Avropanı silkələyərək ayağa qaldıra bilər",- demişdi.

Kralla üz-üzə və ya imtahan

Kral hər ehtimala qarşı Janna ilə görüşdə onu sınamaq qərarına gəldi. Bu məqsədlə o, yerində etibar etdiyi adamlardan birini oturtdu, özü isə Janna ilə görüşdə iştirak edənlərin arasına qatılaraq maraqla bu gənc qızın nə edəcəyini gözləməyə başladı. Janna kralın hüzuruna çıxdı və kral taxtında vəliəhd kimi oturan adamı süzdü. Dərhal da hiss etdi ki, bu, heç də kral deyil və onu, deyəsən, imtahana çəkirlər. Əvvəlcə, buna əhəmiyyət verməmək və qarşısına qoyulan missiya barədə məlumat vermək istədi. Ancaq daxilindən gələn bir səs: “Belə etsən, sənə inanmayacaqlar“, - deyə onu silkələdi. Yalnız bundan sonra o, tütrək bir səslə taxtda oturan adama: “Siz yaxşı bir adama bənzəyirsiniz, amma kral deyilsiniz. Lütfən, izin verin kralın özü ilə danışım“, - dedi. Onun bu sözlərindən görüşdə iştirak edənlərin hamısı şok vəziyyətinə düşdü. Sonra Janna görüşdə iştirak edənlərə baxaraq, kralı tanıdı və bütün diqqətini toplayaraq yalvarıcı səslə nə üçün onun yanına gəldiyini bir daha təkrar etdi. Karl onun bu sözlərindən sanki sehrlənmişdi və qarşısındakına inanmaq istəyirdi. Lakin ətrafındakılardan biri bunu görərək: “O, bakirə olduğunu da iddia edir, haradan bilək ki, doğru söyləyir“, - dedi. Orta əsrlərin Fransasında əxlaqı dəyərlərin ciddi bir əhəmiyyət daşımadığı və qadınların mənəvi saflığının ayaqlar altına atıldığı bir vaxtda gənc qızların bakirə qalması ağlasığmaz bir iş hesab edilirdi. Ona görə də kral məsələnin araşdırılması barədə göstəriş verdi. Amma rahib qadınlar tərəfindən yoxlanıldığı zaman Jannanın doğru dediyi üzə çıxdı.

Bundan sonra isə din adamları onu müqəddəs vəzifəsi ilə bağlı sorğu-suala tutmağa başladılar və qızdan möcüzə göstərməsini tələb etdilər. Jannanın onlara cavabı isə çox sərt oldu: “Fransızlar ingilislər tərəfindən zülm altında inləyərkən sizlər - Allaha xidmət etdiklərini söyləyənlər məndən möcüzə göstərməyi tələb edirsiniz. Mən gənc bir qızam. Hələ əməlli-başlı döyüş görməmişəm və özümü düşmənlə savaşda sınaqdan çıxarmamışam. Mən buraya gələnə kimi düşmən işğalı altında olan 2500 kilometrlik bir yol keçdim. Məgər bu sizin üçün yetərli deyilmi? Siz mənə bir ordu verin, mən sizə möcüzəni Orleanda göstərim“, - dedi. Onun bu sözlərindən sonra kral gənc qızın yalan danışmadığını dərhal anladı... O, sövq-təbii hiss etmişdi ki, özünü Allahın elçisi olduğunu söyləyən və üzərinə müqəddəs bir missiya qoyulduğunu israrla deyən qızın komandanlıq etdiyi ordu ruh yüksəkliyi ilə düşmənlə ölüm-dirim savaşına girəcək. Ona görə də kral ömründə əlində əməlli-başlı qılınc düşmənlə üz-üzə gəlməyən bir qıza ordunun komandanlığının tapşırılması barədə dərhal əmr verdi. Amma ordu yox idi. Buna baxmayaraq, qısa bir müddətdə minlərlə fransız həvəslə Jannanın yanına axışdı. Onlar son nəfəsə kimi Jannanın rəhbərliyi altında düşmənlə döyüşməyə hazır olduqlarını bəyan etdilər.

“Əgər tutduğunuz torpaqları azad etməsəniz, onda bu gün çox qan töküləcək"

Ordunun başına keçdiyi gündən bir əlində Fransanın bayrağı, digər əlində isə qılınc at üstündə səngərdən-səngərə şığıyan və düşmənini dəhşətə gətirən Janna sanki qələbələr üçün doğulmuşdu. Bəzən ayaqlarına və əllərinə oxlar sancılırdı, lakin o, bunları sanki hiss etmirdi və döyüşün ən qızğın yerlərinə atılaraq əsgərləri düşmən üzərində qələbələrə ruhlandırırdı. Döyüşdən əvvəl Janna ingilislərə belə bir məzmunda məktub göndərirdi: “Əgər tutduğunuz torpaqları azad etməsəniz, onda bu gün çox qan töküləcək. Amma inanın, bu axıdılan qanlar bizim qanımız olmayacaq“.
Zəfər zəfər dalınca gəlirdi. Bir il ərzində Janna 'Arkın rəhbərliyi altında fransız ordusu düşmən əlində olan Orleanı, Patayı, Truanı və digər şəhərləri azad etdi. 1429-cu il, iyul ayının 16-da Janna 'Arkın başçılıq etdiyi ordu, nəhayət, Reymsi azad etdi. Reymsi azad etdikdən sonra Janna Karlı tacqoyma mərasimi keçirməyə razı saldı. 1429-cu il, iyul ayının 17-də Reymsdə təntənəli tacqoyma mərasimi keçirildi və VII Karl taxta çıxdı. Kral dərhal 'Arka və ailəsinə əsilzadə titulunun verildiyini bəyan etdi. Sevinən az olmadı. Amma 'Arkı ən çox əsgərləri sevirdilər. Onlar üçün Janna əfsanəvi bir qəhrəman idi və ona görə də onlar düşmən üzərinə ac pələnglər kimi atılaraq onları pərən-pərən salırdılar.

Janna xəyanət nəticəsində ingilislərin əlinə keçir...

Taxta oturmasına görə Jannaya minnətdar olduğunu gizlətməyən kral VII Karl hələ ondan daha böyük qələbələr gözləyirdi. Belə ki, Fransa hələ tam şəkildə ingilislərdən azad edilməmişdi. Ölkənin əsas şəhərlərindən olan Paris düşmən əlində idi. Janna da tezliklə Parisi azad etmək arzusu ilə yaşayırdı. Lakin taxta çıxandan az sonra VII Karl dəyişməyə başladı və o, düşmən əlində qalan torpaqları savaş yolu ilə deyil, dinc danışıqlar vasitəsi ilə azad etmək niyyətinə düşdü. Ona görə də kral Parisi azad etmək istəyən Jannaya lazımi qədər yardım göstərmədi və ona kömək üçün əlavə hərbi qüvvələr göndərmədi. Janna bütün bunlardan çox üzülmüşdü. O, Karlı: “Tanrının istəyini yerinə yetirməyə mane olmaqda“ günahlandırmağa başladı. Karl da Jannanın ordu və xalq içində olan nüfuzundan narahat olmağa başlamışdı. Ona görə də o, Jannanın aradan götürülməsini istəyirdi. Buna görə də Janna xəyanət qurbanı oldu.

Əvvəlcədən də fransızları ingilislərə sataraq onlarla əlbir olan burqundlular Kompanye meşəsi ətrafında gedən döyüşlər zamanı Jannanın azsaylı ordusu ilə döyüşə girdilər. Lakin Janna bu döyuşdə də düşməni məğlub edərək qalaya girdi. Lakin burqundlular qalanın qapılarını bağlayaraq, onun ardınca fransız əsgərlərinin içəriyə daxil olmasına imkan vermədilər. Mühasirədə az qüvvə ilə döyüşən Janna burqundluların əlinə keçdi. Burqundlular, əvvəlcə, kralın onlara müraciət edərək, Jannanı pulla alacağını düşünürdülər. Lakin VII Karl Jannanın azad edilməsi üçün heç nə etmək fikrində deyildi. Belə olan halda burqundlular, 10 min livr pula Jannanı ingilislərə satdılar. İngilislər fransızlara gözdağı vermək üçün onun edamını bir şouya çevirdilər.

Jannanı ingilislərə satılan yepiskop Pyerin başçılıq etdiyi ruhanilərdən ibarət məhkəmə 1431-ci ildə Ruan şəhərində iclasını keçirdi. Məhkəmə Jannanı “şeytan“ adlandıraraq, onu cadugərlikdə və kişi paltarı geyinməkdə günahlandırdı və ona ağır cəza kəsilməsini tələb etdi. Əvvəlcə, Janna özünü cəsarətlə müdafiə etdi və əleyhinə qaldırılan iddiaların yalan olduğunu cəsarətlə ifşa etdi. Lakin sonra keşişlərdən birinin təsiri altında günahlarını etiraf etdi. Məhkəmə belə olduğu halda, onu ömürlük həbs cəzasına məhkum etdi. Amma sonra yenə də onun ölümünü istəyən ingilislərin göndərdiyi keşiş Jannanı aldadaraq ondan yalnız Allah qarşısında cavabdeh olduğunu deməsinə və bunun doğru ola biləcəyinə onu inandıra bildi. Belə olanda, Janna yenidən günahsız olduğunu söylədi. Bu da Janna üzərində yenidən məhkəmə qurulmasına səbəb oldu.

Məhkəmə onun tonqalda yandırılması barədə qərar qəbul etdi. Amma bütün bu iddialar o qədər mənasız idi ki, ingilislər özləri də bunu gizlində etiraf edirdilər. Amma bu gülünc iddiaların müəlliflərindən biri də ingilislərə fransızları satan yepiskop Pyer Cauchon idi. Lakin o da Jannanın öldürülməsini istəmirdi. Keşiş Jannanın ömürlük həbs edilməsinin tərəfdarı idi və bununla bağlı qərarını da ingilis ağalarına bildirmişdi. Lakin ingilisləri Jannanın sağ qalması qane etmirdi və onlar adı sağlığında ikən əfsanələrə dönən qəhrəman qızın edam edilməsində israrlı idilər. Bunu görən kilsə məhkəməsi Jannaya münasibəti dəyişdirdi və o, kafirlikdə suçlandırılaraq haqqında edam hökmü çıxarıldı. 1431-ci il, may ayının 30-da Ruandakı köhnə bazarda qurulan tonqalda bu qəhrəman qızı yandırdılar. Janna son anadək özünü mətanətlə apardı və bu dəhşətli edamı mərdliklə qarşıladı. Onun bu mətanəti edam hökmünü həyata keçirənləri belə, heyrətə salmışdı.

Kilsə Janna dArkı müqəddəslər sırasına daxil edir

Kral VII Karl bundan sonra 1435-ci ildə Arras şəhərində çətinliklə də olsa burqundlularla separatçı sülh anlaşması imzalaya bildi. 1436-cı ildə isə sərkərdə və dövlət xadimi Bedford vəfat etdi. Onun vəfatından sonra ingilislər uğursuzluq zolağına düşdülər. Bundan istifadə edən VII Karl ingilislərə zərbələr endirərək, onları Fransadan qovmağa başladı. 1453-cü ildə Bordo azad edildi. Bundan sonra ingilislər Kale şəhəri və ətrafı istisna olmaqla, bütün Fransanı tərk etdilər. VII Karl yalnız bundan sonra Jannanı xatırladı və onun göstərişi ilə 1455-cı ildə kilsə məhkəməsi işə yenidən baxaraq, Janna 'Arkın günahsız olduğunu elan etdi. 1909-cu ildə kilsə Janna 'Arkı müqəddəslər sırasına daxil etdi. 1979-cu ildə isə Fransa hökuməti hər il may ayının ikinci bazarının Janna 'Ark günü elan edilməsi barədə qərar qəbul etdi.

Mənbə: Zaman qəzeti

Top