Erkən nikah və yaranan problemlər

Erkən nikah və yaranan problemlər

Təhsil almaq hüququ hər bir vətəndaşa şamil edilsə də nədənsə son zamanlar ailələrdə uşaqların təhsil almalarına müəyyən məhdudiyyətlər qoyulur. İctimai təşkilatların hazırladıqları hesabatlarda qeyd olunur ki, əsasən Lənkəran, Masallı, Lerik və Astarada, o cümlədən Bakıətrafı kəndlərdə Nardaran, Balaxanı və s.də qızların təhsildən yayınma halları mövcuddur. Əsasən ibtidai təhsil alan qızlar sonrakı mərhələdə valideynlərinin təhriki ilə təhsildən yayınır. Belə qızlar ev işləri ilə məşğul olur və yetkinlik yaşına çatmadan ərə verilir. Bir cox hallarda isə onların vaxtından əvvəl işləməsi hallarına da rast gəlinir. Qızları məktəbdən kənarlaşdırarkən onların rəyi nəzərə alınmır. Qızların 4, 5 və 6-cı siniflərdən məktəbdən çıxarılması və 13, 14 yaşlarında nişanlanması, 14-15 yaşdan etibarən ərə verilməsi bəzi bölgələrdə yerli ənənə hesab olunur. Azərbaycan Respublikasında qızların erkən yaşda ərə veilməsi qanunla yasaqlanıb. Bu yöndə digər normativ hüquqi aktlar qəbul olunub. Bütün bunlara baxmayaraq qızların erkən yaşlarında təhsildən yayınması heç də müsbət hal kimi qəbul olunmur. Bir müddət əvvəl UNİCEF-in Azərbaycanda həddi-buluğa çatmayanlar arasında nikahların sayının artması ilə bağlı hesabatında bildirilir ki, Azərbaycanda aparılan araşdırmalar bu təbəqədə hər səkkiz nəfərdən birinin on səkkiz yaşına çatmamış evləndiyini və ya ərə getdiyini göstərir. . UNİCEF son dövrlərdə qızları tez ərə vermək adətinin dirçəlməsinin iki səbəbini görür. Birinci səbəb, belə demək mümkünsə, mədənidir: yaşı 18-i xeyli keçmiş qız bəzi regionlarda artıq qarımış hesab olunur. Buna görə valideynlər qızlarını erkən ərə vermək istəyir. İkinci səbəb isə güzəranla bağlıdır. Valideynlər hesab edir ki, uşaqları tez evlənsələr, daha yaxşı həyat şəraiti qura biləcəklər. UNİCEF bildirir ki, nəticədə erkən nikah və yeniyetmələr arasında hamiləlik hallarında kəskin artım müşahidə olunur. Bakı Kəndlər Birliyinin sədri Nəsir Ağayev son dövrlər Bakı kəndlərində qızların təhsildən yayınmasının hicab məsələsi ilə heç bir əlaqəsi olmadığını dedi. Qeyd etdi ki, ümumilikdə azyaşlı qızların məktəb yayınması iqtisadi çətinliklərlə başlıdır. N.Ağayev Avropa mədəniyyətinin Azərbaycan ailəsinə mənfi fəsadları barəsində də danışdı. Qeyd etdi ki, televiziya ekranlarında yayımlanan verilişlər az yaşlı qızların psixologiyasına mənfi təsir göstərir. Bu isə onların 15 yaşından sonra neqativ hərəkətlər etməsi ilə nəticələnir. Bəzən valideyn bunu qarşısını almaqda çətinlik çəkir.
Top