Qadın cazibəsi və onun sirləri - 2

Qadın cazibəsi və onun sirləri - 2

Gözəllik ondursa, onun doqquzu cazibə, yalnız biri dondur.
Zahirən çox gözəl olan bir qadın cazibəsinin olmaması səbəbindən xoşa gəlməyə, bəyənilməyə və ya mənfi bio-dalğalar yayması səbəbindən özünə qarşı acıq, nifrət, qəzəb, hətta ikrah doğura bilər. Bunlar çox incə məqamlardır. Təəssüf ki, əksər qadınlar zahiri gözəlliyin qayğısına çox qalsalar da, buna bir elə əhəmiyyət vermirlər. Bu isə incə olduğu qədər də çətin və mühüm məsələdir.
Kimsədə güclü müsbət cazibənin mövcudluğu fitrət məsələsi ola bilər. Lakin istədiyi, arzuladığı və çalışdığı halda bu üstünlüyə hər bir qadının da malik olması mümkündür. Təbii ki, bu birinci növbədə xanımların intellekt səviyyəsinin artmasını tələb edir. Yalnız güclü mütaliəsi olan xanımlar zəngin söz ehtiyatına və fikir bazasına malik olur.
Mükəmməl fikirlər mükəmməl həqiqətlərin anlaşılmasına şərait yaradır. Zəngin söz ehtiyyatı isə yaranan və duyulan fikirlərin anlaşılması, özünə ifadə edilməsi üçün əhəmiyyətlidir. Qeyd olunan bu ideal vəziyyətdə olan xanım özündən güclü müsbət enerji ixrac etməyə qadirdir. Bu zaman onun gözəl bədən üzvləri özü barəsində həm də bio-enerji saçaraq ətrafdakıları cəzb edə və özü barəsində yüksək dozada xoş duyğular oyada bilər.
Təəssüflər olsun ki, müsbət cazibənin zahiri gözəllikləri tamamlayan, artıran və ya adi vəziyyəti də gözəllik səviyyəsinə qaldıran bir məfhum olduğunu dərk edən heç də bütün xanımlar ona mühüm əhəmiyyət vermir, buna çalışmır, bəlkə də bunun çətinliyindən qorxur, çəkinir və ya buna cidd əməl olunmasını əhəmiyyətsiz sanırlar. Onlar cazibənin daha çox süni vasitələrlə oyadılmasına üstünlük verirlər. Süni vasitələr daha asan olduğu üçün məqbul hesab edilir.
Bu sıraya süni gözəllik vasitələri olan ənnik-kirşan və müxtəlif boyalardan, pereparatlardan istifadəni, kosmetik cərrahiyyə əlavələrini daxil edə bilərik. Bu vasitələrdən istifaə edən xanım karandaşla gözü bir qədər uzadır, altının rəng çalarını artırır, hətta linza salaraq gözün rəngini də dəyişir. Yapışdırılan uzun kipriklər də əlavə gözəllik qazandırmağa qadirdir. Amma ilk baxışdan xoş görünsə də, ilkin cazibəsi güclü olsa da, az sonra bunun süni vasitələr olması aşkar edilir və yaradılmış cazibə qüvvədən düşür. Hər bir xanımın müxtəlif əlavə vasitələrdən istifadə etməsi müəyyən həddə olarsa, bəlkə də məqbul sayıla bilər. Bu həm də bir etiket norması olaraq qəbul edilir. Üzünə qətiyyən pudra, krem və digər vasitələr vurmadan, dodaqlarına, gözünə, qaşına azacıq təravət vermədən, saçını gözəl daramadan, qulaqlarına sırğa, barmaqlarına üzük taxmadan, yaraşıqlı paltar geyinmədən məclisə daxil olan xanım özü barəsində xoş duyğu oyada bilməz. Lakin bu öz həddini aşdıqda oyadılan duyğu da əslində xoş olmayacaq, gülüş və ya ikrah doğuracaq.
qadın cazibəsi
Qadının öz gözəlliyinə olan inamı da ona qarşı xoş münasibət doğura bilər. Bu halda gözlənilməli olan çox incə bir hədd də var ki, o keçildikdə bu inam xüdpəsəndlik, lovğalıq və təkəbbür kimi qəbul ediləcək, mənfi rəy doğuracaq. Ümumi xoş cazibə üçün ən münasib və ən sadə keyfiyyət xanımın xoşrəftar və şirindil olması, üzündə təbii təbəssüm ifadəsi formalaşdıra bilməsidir. Bu da daxilən gəlməli, süni olmamalıdır. Daxilən gəlməsi üçün isə... Kamil insan özünün pis ovqatını, dərdini, kədərini, problemlərini, ağrısını biruzə verəsi, bunu başqalarına da sirayət etdirəsi deyil. Bununla və daim ahu-zar, qarğış-nalə etməsi və ya özünü tərifləməsi ilə kimsə rəğbət qazana, ətrafına daha çox dost, qohum sirdaş toplaya, müsbət cazibə saça bilməz, insanlar ondan qaçar, tez uzaqlaşarlar. Bəzən insanın barəsində danışılan pis fikirlər də onun mənfi mifini formalaşdırır, cazibəsini zəiflədir. Bu səbəbdən insanlar, xüsusən də qadınlar özləri barəsində müsbət rəy yaratmağa da diqqət verməlidirlər. Bu isə yaxşı əməllərdən doğduqda təbii və güclü olur.
Müsbət rəy qadının təbii bəzək əşyaları qədər dəyərlidir. Xanımın özü barəsində formalaşdıra bildiyi müsbət fikirlər başqaları, xüsusən də əks cins tərəfindən xoş qarşılanmasının əsasını təşkil edir. Bu isə yüksək mədəniyyət, estetik zövq, dərin zəka və saf əxlaq məsələsidir. Bunlar daxili gözəllik keyfiyyətləridir. Qadının məhz daxili gözəlliyi zahirə güclü bio-enerji saçır, onun aurasını təmiz, parlaq, şəffaf və buna görə də onu bütövlükdə cazibədar edir.
Savadlı, intellektual, mədəni, estetik zövqü mükəmməl, dini inancı saf, əxlaqı təmiz olan qadın özü barəsində heç vaxt hədyan fikir doğurmayacaq, özünə qarşı hörmət, ehtiram və rəğbət yaradacaq. Rəğbət isə məhəbbət yaradan ilk amildir. Göründüyü kimi, bu amillər həm də yüksək insani keyfiyyətlər olaraq təqdir edilir və güclü müsbət cazibə doğurur. Hər bir insanın, xüsusilə də qadınların müsbət cazibəyə böyük ehtiyacı var. Təəssüf ki, özündən yüksək cazibə saçmağın əhəmiyyətini dərk edən bəzi qadınların daxili-əxlaqi keyfiyyəti də yüksək olmadığı üçün bu cazibəni mənəvi cəhətdın deyil, bədənlərinin müəyyən erotik yerlərini qabarıq göstərmək və ya döşləri, dodaqları, ətraf yanları serikon vasitəsilə şişirtmək, qaşları tatuyaj etməklə yaratmağı düşünürlər.
Sinəsini açıq, kürəyini dekolte, baldırlarını yarıq paltarlar geyinməklə göstərən, eləcə də kosmetik cərrahiyə vasitəsilə qabardanlar bu yolla əksər kişilərin diqqətini cəlb edə bilirlər, amma onların nəzərində heç də pak əxlaqlı sayılmırlar. Doğan son nəticə yalnız erotik münasibət yarada bilər ki, qadının bu məqsədlə dəyərləndirilməsi onun çox ucuz tutulması deməkdir. Belə görüntü estetik yox, həzz, əyləncə və ötəri təsir bağışlayar. Bu heç zaman hörmət-ehtirama bərabər tutulmaz və cazibəsi çarpayıda bitər. Qəsdən öz fərqli yerişi, şux duruşu, işvəli hərəkətləri, qaş-göz süzməsi, lətafətli səsi ilə cazibəli görünmək istəyən qadınlar da az deyil. Lakin hər şey təbii olduqda daha gözəl və daha uzunömürlü olur. Bu isə yalnız daxili gözəlliyin qayğısına qalmaqla, mənəvi zənginliklə mümkündür. Qeyd olunduğu kimi mükəmməl gözəlliyə malik olan qadının qarşısına çıxan bəxti də, qisməti də, hadisələr və təsadüflər də gözəl olacaq. Bu da həyatın yazılmamış bir qanunudur. Bəli, qadınlar fitrətən gözəl xəlq olunmuşlar. Lakin onlar bəhs etdiyimiz incə məqamlara və saf əxlaqa əməl etdikdə daha gözəl qəbul edilir, daimi rəğbət, böyük məhəbbət və təbii ehtiram qazanırlar.

Müəllif: Hafiz Mirzə
Həmçinin bax: Qadın cazibəsinin sirləri-1
Top