Kleopatra

Kleopatra

Tarixdə bu adda başqa çariçalar da var. Amma Kleopatra bir dənədi. Fironlardan sonuncusu, siyasət xanımlarından birincisi. Diplomat, poliqlot, riyaziyyatçı. O biri üzü canavar olan bir gözəl… Ağıllı və təhsilli, bəlkə də, dünyanın ən əfsanəvi qadınlarından biri olan Kleopatra insanları məftun eləmək sənətinin sirlərinə yiyələnmişdi. Dünyanın bütün güc-qüvvəti kişilərin əlində olduğundan öz istedadını sevgi-məhəbbət sahəsində məharətlə işlədirdi.

Azyaşlı qardaşı ər kimi

Kleopatra Makedoniyalı İsgəndərin dostu olan Ptolomeyin nəslindəndir. Müharibələrdə qazanc kimi gözəl və sirli Misir torpağını özünə hədiyyə kimi istəyən Ptolomey İsgəndərin ölümündən sonra öz padşahlığına çəkilmiş və bu ölkənin paytaxtını da dostunun şərəfinə Aleksandriya adlandırmışdı. Kleopatranın atası 11-ci Ptolomey Avlet qəddar və hamının nifrət etdiyi bir insan idi. Dünyasını dəyişəndə öz taxt-tacını böyük uşaqları 16 yaşlı Kleopatra və 13 yaşlı Ptolomeyə vəsiyyət edir. Misir adətinə görə, bacı-qardaş nikah bağlayırlar.

Həyatı bahasına bir gecə…

Taxta çıxanda o özünə «Teo Filopator» (yəni atasını çox sevən) rəsmi titulu götürür. Hakimiyətinin ilk illəri 3 illik quraqlıq və 2 illik qıtlıqla yadda qalıb. Kleopatra gözəl təhsil almışdı və bir neçə dildə rahat danışır, fəlsəfəni öyrənmiş, ədəbiyyatla tanış idi və bir neçə alətdə yaxşı çalmağı bacarırdı. Ata-babasından siyasi ağılı miras alsa da, ehtiraslı naturası ona ölkəni lazımi səviyyədə idarə eləməyə mane olurdu. Cisminin odunu söndürməkçün o sarayda çoxlu kişilər saxlayırdı. O vaxtlar bu elə də ayıb sayılmazdı. Müasirlərinin yazdığına görə, Kleopatra öz sevgisinə çox baha, yəni kişinin həyatı bahasına bir qiymət qoymuşdu. Bir gecə Kleopatra ilə keçirməkçün öz həyatını qurban verən divanələr də tapılırdı. Səhəri gün kəsilmiş başlar Kleopatranın sarayının qapılarını bəzəyərdi. Kleopatra (Misir)

Kleopatranın müharibəsi

Azyaşlı qardaşıyla nikahı ona ölkənin idarəsində çox əl verirdi. Amma Ptolomeyi xacə Pofin tərbiyə edirdi. O xalqı Kleopatraya qarşı qiyama qaldıra bilmişdi. Bacı-qardaş, ər- arvad indi ölkəyə olan hüquqlarını qanla sübut eləməyə çalışırdı. Elə bu vaxt səhnəyə Yuli Sezar çıxır. O, bu ölkədən xərac almaqçün hər iki tərəfə qoşunları buraxıb izahat üçün yanına gəlməyi əmr edir. Amma xacə Pofinin kələyi ilə bu əmri Kleopatraya çatdırmırlar. Ptolomey Sezarın qarşısında bacısından şikayət eləməyə çalışsa da, duyuq düşən sərkərdə Kleopatraya da dəvət göndərməyi lazım bilir. Sezarın dəvətini alan Kleopatra paytaxta necə gələcəyini bilmirdi. Gecənin bir aləmi vəfalı nökəriylə birgə şəhərə balıqçı qayığında girir. Nökər onu parça tayı kimi belinə şələləyir. Sonra Sezarın sarayına daxil olub qiymətli yükünü sərkərdənin ayağının altına sərir. Yəqin, bu an xacə Pofinin qorxduğu bir şey baş verir: Sezar Kleopatranın sevgi ovsunu qarşısında dayana bilmir. 19 yaşlı Kleopatranın gözəlliyi qarşısında 52 yaşlı Sezar başını itirmişdi. Hadisələrin belə gedişatını gözləməyən qardaşı Ptolomey hikkəsindən özünü dənizdə boğur, xacə Pofin isə ölkədən qaçır. Tarixə «Kleopatranın müharibəsi» adı altında daxil olmuş bacı-qardaş savaşı belə bitdi.
Aleksandriyada bərqərar olmuş sakitliyi pozmamaqçün Sezar Kleopatranı kiçik qardaşı, xəstəhal 16 yaşlı gənc 13-cü Ptolomeyə ərə verir. O dövrün qanununa görə, qadın ölkəni tək idarə edə bilməzdi. Romada iğtişaşlar baş verir, qan tökülür, amma Sezar heç yerə tələsmir. Borc, maraqlar, vəzifə – hər şey unudulub, hər şey işvəkar çariçanın əlindədir. Vətənini fikirləşib yola düzələndə də Kleopatra onu qaytara bilir: bu dəfə Kleopatra oğlan doğur. Uşağın adını Sezarioni, yəni kiçik sezar qoyurlar.
Romada heç kimin vecinə deyildi ki, Sezarın nə qədər məşuqəsi var. Amma məşuqəsini belə təntənəylə qəbul edən Sezar respublikanı təhqir eləmişdi. Şəhərdə şayiə gəzirdi ki, Sezar Kleopatranın oğlunu varis elan edəcək. Elə bu şayiələr Sezarın ömrünü qısaltdı. Çar öldürüləndən sonra Kleopatra qaçmalıydı…

Siyasi gediş, yoxsa sevgi?

Aleksandriyaya qayıdandan bir il sonra qardaşı vəfat edir. Kleopatranı onun ölümündə suçlu bilsələr də, heç nəyi sübut etmək olmur. Oğlunun qəyyumu kimi o, ölkəni əri olmadan da idarə etmək hüququ qazanırdı. Kleopatra Misirin yeganə padşahı olaraq Sezarionu öz varisi elan elədi.
40 yaşlı Mark Antoni ilə tanış olanda Kleopatranın 29 yaşı vardı. O, Yunanıstan və Kiçik Asiyanı dolaşıb xərac yığarkən onu hər yerdə alqışlayırdılar. Təkcə Kleopatra ona gözlədiyi diqqəti vermirdi. Antoni çariçanı Sezarı öldürənlərlə əlbir olmaqda ittiham edib çoxlu pul qoparmaq fikrindəydi.
Antoninin xasiyyətini əvvəlcədən öyrənən Kleopatra bu görüşə arxası qızılı rəngə boyanmış, gümüş suyuna salınmış avarları olan al rəngli yelkənli gəmidə gəlmişdi. Kleopatra taxta Afroditanın geyimində oturmuşdu. Yanında erot görkəmində balaca oğlanlar və nimfa geyimində qulluqçu qızlar dayanmışdı. Suda hərəkət eləyəndə fleyta və kifaraların sədası gəlir, ətrafa gözəl qoxular dumanı yayılırdı. 10 il sürəcək sevgi macərası belə başladı…
Triumviratın dəvətinə cavab olaraq Kleopatra da onu sarayına çağırdı. Antoni yediyi təamların ləzzətinə görə Misir aşpazına bütün şəhəri, Kleopatraya isə bütün dünyanı bağışlaya bilərdi. Artıq Antoni Kleopatranın ayaqlarının altında idi. Antoni onun iki arzusunu reallaşdırır: Roma Sezarionu varis kimi qəbul edir, Kleopatranın bacısı Arsinoya isə Diana məbədində sirli şəkildə öldürülür.

«Ləzzət teatrı»nın hər gün yenilənən repertuarı

Antoni bütün işlərini atıb çariça ilə Aleksandriyada eyş-işrətlə məşğul olur. İndi Antoninin kobud instinktlərinə uyğunlaşan Kleopatra ehtiras düşkününə, ən əxlaqsız kurtizankaya çevrilir. O içir, söyüş söyür, erotik mahnılar oxuyur, məşuquyla yumruq davasına çıxır. Kobud romalı kiçik qadının şillələrindən böyük ləzzət alırdı. Onlar tez-tez nökər, matros paltarı geyib şəhərin küçələrində qaçışır, yoldan keçənlərlə, sərxoşlarla dava salır, çox vaxt da döyülüb sonra saraya qayıdandan sonra bədənlərinin göyü sağalmamış yeni ağılsızlığın planını çəkirdilər.
Bir dəfə Kleopatra elan edir ki, 10 milyon sestersiya (o dövrün pul vahidi) içəcək. O, qulağındakı tayı-bərabəri olmayan mirvari sırğanı çıxarıb sirkədə əridir və hamının gözü qarşısında bir nəfəsə içir. Antoni belə qadına məftun olmaya bilməzdi. Onu Kleopatranın cəngindən bircə müharibələr qopara bilərdi.
Antonidən artıq 3 uşağı olan Kleopatra müharibələr ucbatından 3 il həsrətdə yaşamalı oldu. Amma Asiya torpağına qədəm qoymağa bəndmiş Antoni yenə də «Nil qırağının sirenası»nı yada salır. Bu dəfə Antonini itirməməkçün Kleopatra navazişini, nazını ikiqat eləyir. O, yemir, içmir, gününü ağlamaqla keçirir və ölümcül məyusluq nümayiş etdirirdi. Amma bu dəfə səfərdən qayıdan Antoni qələbələrini onunla qeyd eləyir. Yeni torpaqlar Romaya yox, Kleopatra və onun uşaqlarına paylanır. Roma Senatı və xalq bunu təhqir kimi qəbul edir. Antoni Kleopatranın sevgisindən başqa heç nəyi düşünmək iqtidarında deyildi. Antoni Kleopatranın profili olan pullar sifariş vermişdi, hətta legionçuların qalxanında da Kleopatranın adı yazılmışdı.
Öz ləzzətləriylə yaşamağa öyrənmiş bu cütlüyü lovğalıq və özünə arxayınlıq məhv elədi. Onlar Romadan gələn təhlükəni elə bil ki, görmürdülər. Anioninin arvadının qardaşı Oktavian Kleopatraya müharibə elan eləyəndə onlar müharibəni başlamamış udacaqlarına əminlikdən məğlub oldular. 50 yaşlı Antoni eyş-işrətdən əldən düşərək qocaya dönmüşdü. Heç qılınc tutmağa da taqəti yoxuydu. Kleopatra isə sərkərdəlik istedadını məhəbbət təcrübəsiylə qarışdırdığından elə bildi ki, dəniz komandanlığını ələ ala bilər. Ona görə sevgilisinin döyüş strateqiyasını anlamayaraq ən lazımlı anda geri çəkilərək döyüşdə məğlub oldu. Başını qatmaqçün şeir yazmağa qurşanan Antonidən fərqli olaraq Kleopatra gələcəyini gözünün qarşısına gətirib öz xilasını düşünürdü.

Lazım gəlsə, Antonini də öldürmək olar

Kleopatra dəniz qırağında öz məqbərəsinin tikintisinə əmr verir. Vaxtı gələndə onu burda bütün cəvahiratıyla birgə yandırmalıydılar. Amma həyat eşqi rahat buraxmırdı. Hindistana getməkçün öz gəmilərini qulların, maşınların, yük heyvanlarının gücü ilə qurudan keçirsə də, Qırmızı dənizə çatan kimi ərəblər bütün gəmiləri yandırırlar. Kleopatra yenə də ruhdan duşmur. Xalqa silah paylatdırır, insanların hərbi ruhunu qaldırmaqçün oğlu Sezarionini əsgərliyə yazdırır. Bütün bunlar köməyə gəlməyəndə o, zəhərlənmək qərarına gəlir. Kleopatraya ağrısız, çapalamasız öldürən zəhər lazımdı. O, ölümə məhkum edilmiş qulların üzərində müxtəlif zəhərləri təcrübədən keçirib, nəhayət ki, özünə layiqini tapır. Kiçik Aspida ilanının zəhəri onu istəyinə daha tez çatdıracaqdı. Ölüm qorxusu hər kəsin həyatının zəhərləyə bilər. Ölümə də meydan oxumaqçün onlar yeni «Ölümə can atanlar cəmiyyəti» yaratdılar. Məqsəd ölümü əhliləşdirmək — ev heyvanı kimi öz əlindən öz fikirlərinlə yedirməklə ram eləmək idi. Kleopatra məzarlıqlarda bayramlar təşkil edir, meyitləri dərmanlayır, balzamlayır, öz əlləriylə içalatını çıxarırdı. O, həyatdan getməyinin hər dəfə yeni ssenarisini yazırdı.
Kleopatra məşuqundan gizli olaraq Oktaviana qiymətli hədiyyələr göndərir. Axı o, həmişə qalibləri sevib. Yaşı 37-ni keçsə də, hələ də öz cazibə qüvvəsinə inanırdı. Üstəlik, qasidin ağzından çıxmışdı ki, Oktavian Kleopatraya çoxdan vurğundu. Lap yaxşı, qoy Avntoni öz başına özü əlac qılsın. Lazım gəlsə, Antonini də öldürmək olar. Kleopatra bilirdi ki, tezliklə Oktavian Aleksandriyaya girəcək və Antonini öldürəcək.

Həyat məğlubları sevmir

Sarayda dəli kimi ora-bura qaçan Antoninin Kleopatranın xəyanətində şübhəsi yoxuydu. Bu vaxt Kleopatranın göndərdiyi nökərlər çariçanın ölüm xəbərini Antoniyə çatdırırlar. Antoni özünü qılıncın üstünə atır. Onun ölüm xəbəri Kleopatranı vicdan əzabı çəkməyə məcbur edir. O, Antonini sağ, ya ölmüş vəziyyətdə saraya gətirməyi əmr edir. Hələ ölməmiş romalı Kleopatranın ağuşunda sevgilisinin öpüşləri altında dünyasını dəyişir. Antonini dəfn edəndən sonra Kleopatra sarayına keçib çar kimi ölməyi qərara alır. Axı Oktavian Kleopatranı əli-ayağı qandalda triumfal arabanın arxasına bağlanmış şəkildə Romaya gətirmək fikrindəydi. Məğlublara qarşı rəhmsiz olan Kleopatra üçün özünü öldürmək çətin deyildi.
…Oktavianın adamları Kleopatranı çara layiq bəzənmiş yataqda ölmüş vəziyyətdə tapdılar. Bir az əvvəl Kleopatranın yanına əncir dolu səbət gətirmiş kəndli girmişdi. Amma ilanı otaqda tapmaq mümkün olmadı. Başqa bir versiyaya görə, Kleopatra zəhəri saç sancağında gəzdirirmiş. Onunla birlikdə hər iki qulluqçunun da ölməsi bu versiyanı təsdiqləyir. Çünki bir ilan 3 nəfəri birdən öldürə bilməzdi.
Kleopatranı Antoninin yanında ədəb-ərkanla basdırırlar. Yuli Sezarın və Kleopatranın oğlu Sezarion taxta namizəd kimi edam olunur.

Kleopatranın gözəlliyi ən axmaq miflərdən biridir

Romantik çalarlar, çoxlu kinofilmlər Kleopatranın əsl simasını anlamağa mane olsalar da, onun ideallıqdan uzaq həqiqi görkəmini təsvir edəcək mənbə yoxdur. Bizim dövrə qədər gəlib çatmış dəmir pullara görə fikir yürütsək, Kleopatra uzun, iti çənəli, buruq saçlı, çapıq alnı, ensiz dodaqları, sivri burnu olan iri gözlü bir qadındır. Antik müəlliflər onun ağlını gözəlliyindən üstün tuturdular. Ona görə balaca — 150 sm-lik boyunu, köklüyünü, yaxşı dantist xidmətinə ehtiyacı olan dişlərini də elə bil görmürdülər. Gözəl Kleopatra obrazı sonradan yaranıb. Ola bilər ki, Kleopatranın gözəlliyi mifdir, özü də ən mənasız əfsanələrdən ən qəribəsi…
Müəllif: Gülnarə Rəfiq
Mənbə Bizim Yol qəzeti
Həmçinin bax: qədim Misir haqqında 
qədim Misir mədəniyyəti
Top