Merilin Monronun xoşbəxtlikdən başqa hər şeyi vardı
Onun anası Hollivudda kinomontajçı işləyirdi. Qəribəliyi olan bu qadın nədənsə düşünürdü ki, onun qızı mütləq kino ulduzu olmalıdır. Qızın adını da dövrünün məşhur aktrisası Norma Tolmecin şərəfinə Norma qoymuşdu. Atası uşağın doğulmağını gözləməmiş onları atıb getmişdi. Bircə dəfə atasının məşhur aktyora oxşayan fotosunu görəndən sonra balaca qız hamıya atasının Klark Geybl olduğunu deyirdi. Uşağı başqa ailəyə vermiş anası arabir qızını görməyə gəlirdi. Norma Cin atasını tanımadığı kimi, anasını da xatırlamırdı. Çünki anası nənəsi kimi dəlixanaya düşüb ömürlərini oradaca tamamlamışdılar.
Ömrü boyu tənha qalıb unudulmaq qorxusuyla yaşayırdı. Bunun qarşısını almaqçün saatlarla qrim masası arxasında olurdu. Bu qrimin sirlərini heç kim bilməməliydi. O öz sifətinə bir rəssam kimi yanaşaraq, çatışmazlıqları ustalıqla aradan qaldırmağı bacarırdı. Bu ustalığını özü öyrənmişdi və görkəmini başqa əllərə etibar eləmirdi. Vanna otağının güzgüləri və şüşələrində adətən yaşamağa kömək edən ifadələri pomada ilə yazardı: «Qazana biləcəyindən artığını gözləmə», «Təlaş, vurnuxma adamı öldürə bilər», «Özün həyəcanlanma, amma həyəcanlandır». Onun kədərli həyatı Zoluşka haqqında nağılı xatırladır. Amma kimsə bilmirdi ki, bir neçə il əvvəl özünü sonradan Merlin Monro adlandırmış Norma Cin Mortensonun nə gözəl bədəni, nə məlahəti, nə də fərqli ruhi enerjisi vardı. O öz özünü heykəltaraş kimi öz əlləriylə yapıb. 162 sm-lik boyunda onun çəkisi 60 kq-dan artıq idi. Sinəsinin və ombasının həcmi məlum 90-60-90 standartlardan xeyli artıq idi. Amma başgicəlləndirici cazibəsi olan aktrisanı ilk rollarından tamaşaçı çox bəyənmişdi. Rejissorlar üçün Merlin ən əvvəl gözəgəlimli seksopil qadın idi. Heç kim onda aktrisa istedadı görmək istəmirdi. Teatral studiyanın dərslərinə gedəndə, müsahibələrində ciddi rollar haqqında danışanda bu, hamıda gülüş doğururdu. Onun yeri axmaq melodramlarda, ya da komediyalarda yoldan çıxardan gözəl və axmaq qadın rolları idi.
İndiyədək fotokameranı Merlinin yeganə sadiq məşuqu adlandırırlar. Tanışları deyəndə ki, Monra karyerasını yataqda düzüb-qoşub, yəqin ki, haqlıydılar. 22 yaşında «Kolumbiya Pikçers» kinostudiyasından qovulanda Merlin barda striptizçi kimi işləyib. Amma o, heç vaxt bəyənmədiyi insanlarla yaxınlıq eləməyib. Monro seksin özündən daha çox bədəninin kişilərdə oyatdığı heyranlıq hissindən ləzzət alırdı. Bir dəfə rəfiqəsi Şelli Uinterslə birgə zarafat üçün yoldan çıxarmaq istədiyi kişilərin siyahısını yazmışdı. Az keçməmiş rəfiqəsi təsadüfən həmən siyahıda olanlardan alim Eynşteynin şəklini Merlinin evində tapır. Şəklin arxasında yazılmışdı: «Hörmət, sevgi və minnətdarlıqla». Arzularının əksəriyyəti həyata keçəndən sonra da Merlin yetimxanada körpəykən zorlanması haqqında əhvalatları danışmağı sevirdi. Birinci əri isə deyirdi ki, onlar evlənərkən Merlin bakirə idi. Məktəbi atan Norma 20 yaşlı Cim Daqertə ərə gedəndə ərinin nikahdan kənar 3 qızı vardı. Bir il sonra Cim ticarət donanmasına işə düzələndə Norma aviasiya zavoduna işə gedir. Ərə gedəndən sonra evin təsərrüfat işləri tezliklə onun zəhləsini aparır. Ona görə də ərinin okean səfərinə çıxmasını çox sakit qarşılayır. Jurnal və qəzetlərçün şəkil çəkdirməsi ərinin heç də ürəyincə deyildi. Cəmi 4 il sürən bu nikahı Merlin «cavanlıq səhvi» adlandıracaqdı. Con Kennediyə qədər onun həyatında massajçı və sürücüdən tutmuş müsahibə everdiyi jurnalistlər və hətta Frenk Sinatraya qədər müxtəlif çeşidli insanlar vardı. Kennedi ailəsiylə Merlini elə Sinatra özü tanış eləmişdi. Birinci ledi olmaq arzuları baş qaldırmış Merlinlə ölkə prezidenti «Beverli xilz» mehmanxanasında və Sayt Monika qəsrində gizlincə görüşürdülər. Merlin isə dilini dinc saxlaya bilməyib dost tanışlarına prezidentin yataqda necə də demokratik olmasını danışaraq pıqqıldayıb gülürdü. Aprelin günəşli bazar günlərinin birində dünya Merlin Monronun öz evində ölmüş vəziyyətdə tapılmasından dəhşətə gəldi. Rəsmi versiyaya görə, o, dərmanların dozasının artıqlığından ölmüşdü. Daha sonra başqa bir versiya əmələ gəldi ki, guya onu öldürüblər. Üçüncü versiyada Merlin özünə qəsd eləmişdi.
Beverli-Hilzdəki kiçik, amma rahat mənzilin qapısını artıq 20 dəqiqə idi ki, döyürdülər. Qapı açılanda Hollivudun sevimlisi astanada dayanmışdı. Poçtalyon Norma Cin Bekker üçün dostlarının ad gününü təbrik eləyərək gül göndərdiyini dedi. Xanım «Burda Norma Cin Bekker yaşamır və onun dostları da yoxdur» - deyib qapını çırpdı. Sonra viski tökülmüş stəkanı götürüb «Ad günün mübarək, Merlin» dedi. Həmən günü onu daha kimsə təbrik eləmədi. Merlin növbəti şampan şərabını açmağa getdi. Masada onlarla açıq şampan vardı. Amma o, təzəcə açılmış şampanı sevir.
Prezidentin ad gününü yada salanda dodaqları qaçdı. «Happy birthday, Mr. President» mahnısını necə oxumuşdusa Kennedi qızarıb çaşmış, sonra «Məni səsində bu qədər məlahətlə təbrik edirlərsə, artıq siyasətdən gedə bilərəm» demişdi. Merlin bilirdi ki, ölümündən sonra nəinki prezident, heç kim onu unuda bilməyəcək. 1999-cu ildə «Pleybol» jurnalının sorğusuna görə 20-ci əsrin ən seksual qadını Merlin Monro elan edilib. Bu rütbəni alanda Monro artıq 37 il idi ki, dünyadan köçmüşdü.Kəkələyən, axsayan ulduz
Ailədən ailəyi keçərək böyüyən qızı axırda yetimxanaya verirlər. Burda gələcək Hollivud ulduzunu təkcə bir nəfər, o da anasının yaxın rəfiqəsi görməyə gəlirdi. Anasının rəfiqəsinin qıza yazığı gəlib onu yetimxanadan çıxarıb hamiliyə götürəndə Norma 14 yaşlı qoca, kədərli qarıya bənzəyirdi. Analığı bu qızın özünü təkmilləşdirmə səylərinə valeh olurdu. Qızcığaz saatlarla poza alıb dayana, Marlen Ditrix kimi gülümsəməkçün, Qreta Qarbo kimi başını arxaya atmaqçün saatlarla məşq eləyə bilərdi. Onun ilk qələbəsi kəkələməyindən xilas olmasıdır. Yetimxanada kəskinləşmiş anadangəlmə bu xasiyyətini aradan götürməyə o, 3 ilini sərf elədi. Amma xoşbəxtlik hissi gəlmirdi ki, gəlmirdi. Axşamlar «Şarm məktəbi»nin dərslərinə gedəndə də, səhərlər zavodda işləyəndə də. İlk fotosu da elə həmən zavodda çəkilib. Bu foto jurnal səhifələrinə düşəndən sonra o, çimərlik kostyumları, alt paltarlarının reklamıyla məşğul olurdu. Ciddi məşqlərdən sonra yorğunluğunu çıxarmaqçün soyuq su vannasına girməyə və ayaqlarını güclə sürüyərək özünü yatağa atmağa gücü zorla çatırdı. Amma çevikliyinin sirlərilə maraqlananlara həmişə «Mən hərəkət eləməyi doğulanda, gəzməyi isə 1 yaşında öyrənmişəm. O vaxtdan bəri heç bir dərs almamışam» deyərdi.
Amma onu hamiliyə götürən qadın ərə gedəndən sonra Norma bu evdə də artıq idi. Həm də atalığı onu zorlamağa cəhd eləmişdi. Onun fantaziyalarında tropik adalar, yaxta, saraylar və başgicəlləndirici sevgi macəraları da vardı. Amma yuxularında həmişə eyni səhnəni görürdü. Hər gecə kilsədə hamının gözü qarşısında soyunaraq dinməzcə Merlinin bədən gözəlliyinə heyranlıqla tamaşa eləyən camaatı şoka salırdı. 16 yaşına çatar-çatmaz onu ərə verirlər. Çünki imkansız ailədə bir dənə artıq qarın saxlamaq çox çətin idi.«Özün həyəcanlanma, amma həyəcanlandır»
Yeməyi də qəribə idi. Yeməyə tam etinasız olan bu qadın bəzən gün ərzində təkcə portağal şirəsi içməklə dolana bilirdi. Restoranlardan tünlüyə görə acığı gəldiyini deyərdi. Sürtülmüş yerkökü, çiy yumurta və süd Merlinin sevimli yeməyi olardı. Gün ərzində soyuducunu yüz dəfə açıb ordan bir qırıq pendir götürə, almaya bir dişdəm vura, barmağını yağa batırıb yalaya bilərdi. Ona görə də soyuducuya baxan olsaydı, elə bilərdi ki, bura siçanların hücumuna məruz qalıb.
Dəvət olunduğu yerə geciksə də, həmişə çox təravətli və səliqəli gələrdi. Gözəgörünməz qrimi nə qədər mürəkkəb olsa da, geyimi bir o qədər sadə olardı. Adətən heç kim Merlinin paltarlarının son dərəcə sadə olduğunu hiss eləməzdi. Bəzən əzalarını alt partarında sıxmağın da tam əleyhdarı idi: «Bədən gözəlliyi bir vergidir. Ona nifrət etmək, qayğısına qalmamaq günahdır».90-60-90-dan xeyli uzaq
Merlin özünü təqdim eləməyi bacarırdı. Merlinin əfsanəvi yerişi haqqında söz-söhbətlər hələ də gəzir. Bəziləri deyir ki, onun bir ayağı o birindən qısa olduğuna görə anadangəlmə qüsurunu gizləməkçün xüsusi yerimək tərzi tapmışdı. Başqaları isə deyir ki, Merlin bilərəkdən ayaqqabısının dabanının birini kəsirdi ki, özünü yellətmək effekti alınsın. Andangəlmə şaten olsa da, Merlin həmişə deyirdi ki, qəlbində həmişə sarışın olub. Qalib psixologiyası və bərbərlərin səyi nəticəsində əmələ gələn sarışın obrazı yapdığı kimi davranış və mimika sistemi də yaratmışdı ki, bütün dünya qadınları indiyədək onları kopyalayırlar.Striptizdən Eynşteynə qədər
«Mən diz üstə çox vaxt keçirmişəm»
Amerika beysbolunun ulduzu Co Di Macio ilə evlilik artıq məşhurluğun zirvəsində olan Merlinin obrazına çox yaraşırdı. Bu ərəfədə satışda Merlinin çılpaq şəkillərindən ibarət təqvimin çıxması da elə bil ki, aktrisanın xeyrinə işləyirdi. Bu təqvimi o, pulsuz vaxtlarında çəkdirmişdi. Fotosessiyanın hər saatına 50 dollar verirdilər. Son dərəcə qısqanc olan boksçu arabir çəkiliş meydanında da görünür, bəyənmədiyi səhnənin şahidi olardısa, hərdənbir yumruqlarını evdə də işə salardı. Merlinin ventilyasiya barmaqlıqları arasından əsən küləyin paltarını qaldırması səhnəsinin çəkilişi günü bu biabırçılığı öz gözüylə görəndən sonra həmin axşam Di Macio boşanma haqqında söhbəti özü saldı. Bu evlilik 9 ay çəksə də, Co Di ömrü boyu Merilinə əl tutub kömək edən yeganə insan idi. Merlin «Peyt-Uaytni» dəlixanasından qaçmağa Co Di kömək eləmişdi. Ünsiyyətdə olduğu kişilərdən yalnız o, Merlin Monronu son mənzilə yola salmışdı.
Üçüncü rəsmi əri Artur Millerlə onlar növbəti özünə qəsddən sonra tanış olmuşdular. Bu dəfə o, deyəsən, onun bədənindən başqa özüylə də maraqlanan birisini tapmışdı. Bu dəfə Merlin yəhudi adəti üzrə ərə getdi, axı Artur yəhudi idi. Artur öz yataq otağındı yazı yazmağa cəhd eləyən vaxtlar Merlin çəkilişlər, məşqlər və psixiatr seansları arasında artıq qalan vaxtını Nyu-Yorkda keçirirdi. Şampan içir və Frenk Sinatranın vallarını dinləyirdi. Boş vaxtlarını telefonda danışmaqda və güzgü qarşısında çılpaq bədəninə saatlarla baxmaqda keçirirdi.
Bu evlilik 4 il yarım sürərək Merlinin ən uzun ailə həyatı sayılır. Amma evli olduqları neçə illər ərzində Miller bir sətir də yaza bilməmişdi. Boşanandan sonra yazdığı ilk pyes xüsusi olaraq Merlin üçün yazıldı. Millerlə Merlin Con Kennedi ABŞ-ın perzidenti olan günü boşandılar.Kennedi qardaşları
1954-cü ilin axırında Merlin dəri çəkilmiş qırmızı dəftərçə aldı. Merlin eşitdiklərini heç cür yadda saxlaya bilmirdi deyə, Con Kennedi son dərəcə əsəbləşirdi. O, bura Con Kennedi ilə söhbətlərin bəzi qırıqlarını yazırdı. Dostları ilə söhbətlər, siyasi məsələlərin müzakirəsi geniş auditoriya üçün nəzərdə tutulmasa da, prezidentin həyatının ayrılmaz hissəsi idi. Ona görə yeni dəftərçədə həm prezidentə, həm də ölkəyə qarşı kompromat yığmışdı. Həmin gündəliyi əldə eləməkçün mafiya milyonlar ödəməyə razı idi. Həmin vaxtlar Merlinin başı içməkdən ayılmırdı və arabir ağzından söz qaçırırdı. Alkoqol və narkotik qəbul edən Merlin Monro Kennedi qardaşları üçün böyük problemə çevrilmişdi. Prezidentin 45 illik yubiley gecəsində Merlinin «Ad günün mübarək, əziz prezident» mahnısının açıq-aşkar eyhamla oxumasından sonra Kennedi aktrisadan aralanmağı qərara alır. Çünki gözlənilməz sürprizlər onun prezident platformasına heç uyğun deyildi. Con Kennedi Merlinə ağır olmasın deyə, ayrılmazdan əvvəl qardaşı Robertlə onu tanış eləyir. Merlin isə adəti üzrə yeni evlilik haqqında planlar cızmağa başlamışdı. Robert də başqa kişilər kimi, onun uşağının atası olmaq istəmədi. Sayca 30-cu abortdan sonra növbəti depressiyaya düşən Merlin mətbuat konfransı toplayıb hər iki qardaşla münasibətlərini bütün dünyaya bəyan eləməkdən dəm vururdu. Bu fakt Merlinin özünü zəhərləməsi versiyasına yeni nüanslar gətirərək ölümünün təsadüfi olmaması haqqında şayiələrin yaranmasına təkan vermişdi. Monronun ölümündən sonra həmin qırmızı dəftərçə tapılmamışdı. Son zəngi kimə eləməsi haqqında məlumat da telefon stansiyasından silinmişdi.«Dəlinin çəkiliş meydanında nə işi var?!»
Bir vaxtlar «Foks» studiyası Monrodan imtina eləyəndə «Dəlinin çəkiliş meydanında nə işi var» demişdi. Varlı uşaqların oynadığı meydançada yetimxana uşaqları oynamaq istəyəndə də onları «Dəlilərin yeri bura deyil» deyib qovlayırdılar. Merlin bundan daha dəhşətli söz tanımır. Axı dəlilik də irsi xəstəlikdir. Ölümündən sonra Merlinin meyitini apardıqları morq həmişə qorxduğu iki yerin: yaşadığı yetimxana və dəlixananın arasında yerləşirdi...
Mənbə: Bizim Yol qəzeti
Həmçinin bax: Frigidlik haqqında və Merilin Monro sindromu