Xarici görünüşün şəxsi həyatda və iş karyerasında rolu

Xarici görünüşün şəxsi həyatda və iş karyerasında rolu

Heç şübhəsiz ki, fiziki xüsusiyyətləri yüksək olan insanlar həyata 1:0 öndə başlayırlar. İnsanlar sözdə yüksək mənəvi dəyərlərin əsas olduğunu desə də, beynimiz insanlara öncə onun yaraşıqlı, gözəl, yoxsa çirkin, kök, yoxsa arıq, alçaq boylu, yaxud hündürboy olmasına görə davranır.
Məsələn, bir kollektivə yeni daxil olduğunuzu düşünün. Bu, bir dost mühiti və ya yeni iş yeri ola bilər. Yeni iş yerinizə ilk dəfə getdiyiniz zaman insanlarda fiziki görünüşünüz və geyiminizlə təəssürat yaratmış olursunuz. Əgər yeni tanıdığınız əks cins sizdən daha yaxşı geyimli və daha yaxşı fiziki xüsusiyyətlərə (məsələn, daha hündür və ya fit bədənə) sahibdirsə, o sizə seks partnyoru kimi baxmayacaq. Buna görə də, sizə qarşı davranışları ya soyuq olacaq, xarici görünüş və karyeraya da sizdən 5 yaş böyükmüş kimi "ərklə" rəftar edəcək. Burada əks cinsin rəftarı onun xarakterinə görə dəyişə bilir: Məsələn, sizə seks partnyoru kimi baxan bir qadın daha çəkingən və məsafəli olduğu halda, digəri sizinlə daha səmimi və rahat davrana bilər. Bir araşdırmaya görə, qadınların 80%-i ilk dəfə gördükləri kişi ilə bağlı avtomatik qərar verirlər ki, kişi onların seks partnyorları ola bilər, ya yox.
Əslində, beynimizin insanlara xarici görünüşə görə rəftarı təkcə əks cins üçün keçərli deyil. Həmcinslərimizlə münasibətlərdə də eyni qayda keçərlidir. Daha yaxşı fiziki xüsusiyyətlərə malik və ya daha yaxşı geyim tərzi ilə seçilən insanlar da əksər halda özləri kimi olan həmcinsləri ilə ünsiyyət qurur, onlara müsbət reaksiya verirlər. İnsanların özləri kimi olanlara müsbət yanaşmaları bir təcrübə ilə təsdiqlənib: Ötən əsrin 70-ci illərində ABŞ-da tələbələr arasında belə bir təcrübə keçirildi. O zaman tələbələr ya hip-hop tərzində, ya da klassik üslubda geyinirdilər. Araşdırmaçılar əvvəlcə klassik üslubda geyinərək tələbələrə yaxınlaşıb, onlardan qəpik pul istəyiblər. Sonra isə eyni proseduru hip-hop tərzdə geyinərək təkrarlayıblar. Nəticədə tələbələrin yalnız öz tərzində geyinən şəxsə pul verdiyi məlum olub.
Fiziki xüsusiyyətləri yaxşı olan birini gördüyümüz zaman, beynimiz avtomatik olaraq bütün müsbət xüsusiyyətlərin (ağıllı, mədəni, savadlı və s.) o insanda olduğuna inanır. Müəllimlər arasında 1968-ci ildə keçirilən bir sorğu da bunu sübut edir. Belə ki, keçirilən sorğuda məlum olub ki, müəllimlərin çoxu yaxşı geyinmiş uşaqların digər şagirdlərdən daha az dəcəllik etdiyinə və daha ağıllı olduğuna inanırlar.
Araşdırmaya görə, 100 milli/saniyə qədər qısa müddət içində necə təəssürat yaranırsa, sona qədər belə qalır. Kanadanın Ontario Universitetinin professoru, sosial psixoloq Bertram Qavron bu qanunu belə açıqlayır: “Təsəvvür edin ki, yeni bir iş yoldaşınızla tanış oldunuz və ilk baxışdan sizdə müsbət təəssürat oyatmadı. Bir neçə həftə sonra onu bir yığıncaqda gördünüz və əslində, yaxşı biri olduğunu düşündünüz. İlk təəssüratınız yanlış olsa belə, onunla bağlı düşündüyünüz müsbət düşüncələr sadəcə o yığıncaq çərçivəsində olacaq. Daha sonra yenə də ilk təəssüratda olduğu kimi düşünəcəksiniz”.
Şəxsi münasibətlərdə olduğu kimi, iş həyatında da xarici görünüş əhəmiyyətli dərəcədə rol oynayır. “Ginnesin Rekordlar Kitabı”na “Tarixin ən böyük avtomobil satıcısı” olaraq düşən Co Cirard bu işdən ildə 200 min dollar qazanırdı. O, sadə bir satıcıdan başqa biri deyildi, amma gördüyü işdə tarixin ən yaxşılarından olmağı bacarmışdı. O, bir müsahibəsində uğurunun sirri barədə danışarkən deyirdi: “Müştərilərə ondan bir şey almaq istəyəcəkləri, onu sevəcəkləri bir satıcı vermək”.
Təkcə yaxşı xarici görünüş tələb edən “Satış meneceri”, “TV aparıcısı” kimi vəzifələrdə deyil, bütün sahələrdə yaxşı xarici görünüşü olanların uğur qazanmaq şansı digərlərinə nisbətən yüksək olur. Ekseter Universitetində aparılan bir araşdırmaya görə, kişilərdə boy uzunluğu 7,62 sm artdıqca, illik qazancları 2 min dollar artır. Qadınların isə çəkisi hər 6,35 kiloqram artdıqca, ortalama gəlirdən 2 min dollar az qazanırlar. Bu o deməkdir ki, 1,82 boyunda bir şəxs, boyu 1,52 olan həmkarına nisbətən 100 min dollar daha çox qazanır.
Sorbon Universitetində həyata keçirilən digər bir araşdırmaya görə, CV-də açıq sinəli fotoları olan qadınların işə götürülmə ehtimalı, digər qadınlara nisbətən 4 dəfə, satış sahəsində isə 5 dəfə artıq olur. Həmçinin, yaraşıqlı olan kişilərin daha çox komanda işlərinə, yaraşıqlı olmayanların isə rəqabətcil işlərə götürüldüyü təsdiqlənib. Araşdırmaya görə, müdirlər 2 namizəd arasında qaldıqları zaman, özlərinə daha xarizmatik gələn namizədi işə götürürlər.
Dak Universitetində 792 şirkət rəhbəri arasında aparılan digər bir araşdırmaya görə, daha dərin səs tonlarına malik insanların daha böyük şirkətə sahib olduqları və daha yaxşı pullar qazandıqları ortaya çıxmışdır. Səs frekansındakı hər 22 Hertz düşüş 440 dollar daha dəyərli bir şirkətə, 187 min dollar daha yüksək bir qazanca və 151 gün daha uzun öz vəzifəsində qalmağa işarə edib.
Bütün bu araşdırmalara əlavə olaraq yaşadığımız cəmiyyətdən də misallar gətirmək mümkündür. Bu, özünü virtual aləmdə — sosial şəbəkələrdə daha çox büruzə verir. Fikir verin, “Facebook”da insanlar xarici görünüşü daha yaxşı olan insanların paylaşımlarını daha çox bəyənir və rəy bildirməyə çalışırlar. Həmçinin, insanlar xoş görünüşlü istifadəçilərin paylaşımlarına digərlərinə nisbətən daha çox müsbət rəylər bildirirlər. Burada təbii ki, həmin şəxsin sosial mövqeyi də rol oynayır.
Çəkdiyimiz bütün nümunələrdə istisna halların da olması mümkündür. Lakin istisnalar ümumi qanunauyğunluğu pozmur.

Mənbə: xanimaz.blogspot.com
Top