Monoton bir yazı

Monoton bir yazı

Firdovsinin 30 il ərzində yazıb qurtardığı Şahnamədə belə deyilir:
Burada çox qaldığım üçün dəyərsizləşdim mən,
Suyun hovuzda çox qalanda iyləndiyi kimi.
Dəyərli adamlar da bir yerdə çox qalanda qiymətləri aşağı düşür.
“Təbdili-məkan, yəni yer dəyişmək xeyirlidir”, – deyirlər. Həmişə eyni yer, eyni sifətlər, eyni iş, eyni qayğılar… Eynilik bezginliyə səbəb olur. Adam əgər bir işdən bezibsə, o işə yeni rəng, yeni motiv qatmalıdır. Yer dəyişmək hərəkət etmək deməkdir. Hərəkətdə isə bərəkət vardır. Hərəkətsiz qalmaq bərəkətsiz qalmaqdır. Bir yerdə çox qalan su iy verir. Orqanizmin çox hissəsinin sudan ibarət olduğunu nəzərə alsaq, insanın hərəkətsizliyi onun da bezməsinə, üzülməsinə və bir yerdə “kif atmasına” gətirib çıxarır. Daim hərəkətdə olan Yer kürəsinin üzərində qalmaq üçün insan da hərəkət etməlidir. Elə bütün dərdlərimizin dərmanı da ağıllı hərəkət etməkdə deyilmi?
Müasir dövrdə insanların ən çox qarşılaşdıqları problemlərdən biri də yeknəsəqlik, monotonluqdur. Həmişə eyni tempdə davam edən və daim təkrarlanan bir işin insanda yaratdığı yorğunluq və bezginlik vəziyyətinə monotonluq deyilir. Monotonluğun əsas səbəbləri sırasında görülən işin xüsusiyyətləri, iş yerindəki ab-hava, işçinin monotonluğa qarşı həssaslığı və onun psixoloji vəziyyəti göstərilə bilər. İsveçdə saat zavodunda aparılmış tədqiqatlar çox sadə işlərin monotonluğa və nəticədə psixoloji yorğunluğa səbəb olduğunu təsdiqləmişdir. Kanadanın Statistika Mərkəzi də eyni faktı təsdiqləyir. Mərkəzin araşdırmaları göstərmişdir ki, insanlar daha çox çətin işləri xoşlayırlar. Çünki çətin işlər onunla məşğul olanın həmin işə daha çox əhəmiyyət verməsinə səbəb olur və nəticədə monotonluq yaşanmır.
Bu sahədə ilk ciddi tədqiqatlar 1-ci dünya müharibəsi zamanı aparılmışdır. Çünki müharibə təşkilatçılıq və səmərəli əmək bölgüsü tələb edirdi. Müharibədən sonra ingilis psixoloqlar monotonluq mövzusunu daha dərindən tədqiq etməyə başladılar. Əmək bölgüsünün istənilən səmərəni verməməsinin əsas səbəbi monotonluq problemidir. Məşhur iqtisadçı Adam Smit monotonluq nəticəsində işçilərin yaradıcılıq qabiliyyətlərini itirdiklərini və səmərililiyin aşağı düşdüyünü deyir. Eyni zamanda, iş prosesində ağıl və zəkasından istifadə etməyən insanların tədricən bu zehni bacarıqlarından da məhrum olduqları qeyd edilir. Ruh ancaq işin zənginliyi ilə, ondan alınan zövqlə inkişaf edə bilər.
Mənbə SƏMƏRƏLİ İŞ HƏYATI kitabı
Müəllif SƏLİM ÖZDƏMİR
Top