Bu yazıda Kanadada yaşayan və yenicə işə girmiş gənc bir türk qızın iş yeri ilə bağlı dostları üçün ilk təəssüratlarını yazdığı bir məktubdan bəhs ediləcək. Elektron poçtu vasitəsilə göndərilmiş bu məktubu eynilə diqqətinizə çatdırıram:
“Salam dostlar,
Burada iş həyatının, demək olar, bütün elementləri bizdəkindən fərqlidir. Bu şirkətdə müdirlərin şəxsi otaqları yoxdur. Onlar da bizimlə bərabər bir-birilərindən arakəsmələrlə ayrılmış kiçik otaqlarda otururlar. Müdirlərin heç katibələri də yoxdur: yalnız bütün idarəyə xidmət edən ümumi bir katibə var. Rəhbər işçilər qonaqlarını özləri qarşılayırlar. Çünki qonaq qarşılamaq üçün ayrıca bir işçi yoxdur. Surətçıxarma və faksların göndərilməsi kimi xidmətlər də ayrıca şəxslərə həvalə olunmayıb. Kimə nə lazımdır, buyurub özü yerinə yetirməlidir. İcazə almaq üçün ərizə yazmağa ehtiyac yoxdur. İşin çıxıbsa, istədiyin zaman iş yerini tərk edir, çalışma vaxtlarını özün müəyyən edə bilirsən.
Məsələn, hər hansı səbəbdən işə bir saat gec gəlmisənsə, həmin gün işdən sonra əlavə bir saat işləyirsən.
Əsas giriş qapısında və laboratoriyaya daxil olarkən elektron şifrəli kartlardan istifadə edilir. Maaşlar ayda bir dəfə deyil, iki həftədən bir verilir. Bundan əlavə hər bir əməkdaş iki həftədən bir rəhbərliyə işi barədə hesabat xarakterli proqram təqdim edir. Burada görülmüş və görüləsi işlər barədə məlumat verilir. Tapşırılmış işin yerinə yetirilməməsinin səbəbləri, yaxud bu işi yerinə yetirmək üçün nələrə və ya kimlərə ehtiyac duyulduğu həmin proqramda öz əksini tapır.
İldə və hər rübdə bir dəfə “əsas prinsiplər” adı altında bir forma doldurursunuz. Bu sizinlə müdiriyyət arasında bir növ müqavilə rolunu oynayır. Gələcək karyeranız barədə planlarınız, eləcə də növbəti il (rüb) ərzində görəcəyiniz işlərin qısa xülasəsi bu sənəddə yer alır. Əlbəttə ki, qeydləriniz aydın, başadüşülən və ölçüləbilən olmalıdır.
Fəaliyyət tərziniz və hərəkətləriniz də nəzərə alınır və ölçülür. Məsələn, bir işi yerinə yetirmək üçün nəyi necə və nə vaxt edəcəyinizi özünüz müəyyənləşdirirsiniz. Və rübün sonunda fəaliyyətinizi qiymətləndirirsiniz. Bunun üçün iş yoldaşlarınıza anket paylayırsınız və onlardan xahiş edirsiniz ki, sizin iş tərzinizə qiymət versinlər. Nəticədə çatışmazlıqlarınızdan xəbərdar olursunuz və hansı cəhətlərinizi inkişaf etdirməyin səmərəli olacağını öyrənirsiniz.
Kağıza qənaət etmək üçün, demək olar, bütün müraciətlər və işgüzar ünsiyyət kompyuter vasitəsilə həyata keçirilir. Bütün texniki sənədlər internet səhifəsində elektron formada mövcuddur. Hamı öz işi ilə bağlı sənədləri əldə edə bildiyi kimi, başqalarının işlərinə və layihələrinə də “müşahidəçi” statusu ilə nəzər yetirə bilir. İstənilən məlumat və sənədlər web-səhifədə yerləşdirilir. İşə yenicə girmiş birisi lazımi məlumatı əldə etmək üçün bütün səhifəni ələk-vələk eləmir. Ona verilmiş şifrə ilə özünə lazım olan materiallara birbaşa giriş əldə edə bilir. Demək istədiyim odur ki, burada məlumat gizlədilmir!
İctimai yerlərdə – liftdə, dostların arasında və ya yemək zamanı layihələr haqqında danışmaq qadağandır. Şirkətə aid məlumat əldə edə bilərsiniz, amma bu məlumatlar rəqiblərinizə sızma ehtimalı olan yerlərdə dilə gətirilməməlidir. Layihə rəhbərləri hər toplantıdan sonra həmin layihə ilə bağlı irəliləyişləri və problemləri internet şəbəkəsilə digər işçilərə də çatdırırlar. Ümumiyyətlə, şirkət daxilində ünsiyyət internet vasitəsilə gedir.
Hər həftənin beşinci günü, saat 16:00-da, bizim dillə desək, xudmani bir yeyib-içmək olur. Şirkətin bütün işçilərinin iştirak etdiyi bu kiçik ziyafətdə işə yeni götürülənlər hamıya təqdim olunur və onlara köynək, çanta, papaq kimi hədiyyələr verilir. İşçilər çalışdıqları ixtisas sahəsini çox rahatlıqla dəyişə bilirlər. Yəni əgər birisi şirkətə başqa sahədə daha səmərəli ola biləcəyini hesab edirsə, rəhbərlik nəinki ona mane olmur, hətta bu təşəbbüsü alqışlayırlar.
Kanadada ən çox xoşuma gələn bir cəhət də heç bir işin yarımçıq qalmamasıdır. Məsələn, biri printerdən istifadə etdikdən sonra printerin rəngi qurtarırsa, həmin an ona lazım olmasa belə, o, kartrici dəyişir. Boyum çatmadığı üçün bir dəfə yanımdakı uzun boylu birisindən xahiş etdim ki, şkafın üstündəki kağızı mənə versin. Həmin şəxs onu mənə verdikdən sonra eyni vəziyyətlə başqalarının da qarşılaşa biləcəyini nəzərə alaraq, yuxarıdakı bütün sənəd və qovluqları şkafın aşağı gözünə yığdı.
Əgər sizə bir şeyin qadağan olunduğu deyilibsə və siz qulaqardına vurub onu eləmişsinizsə, kimliyinizdən asılı olmayaraq, sizə cəza verilir. Hər işə nəzarət edilir, heç nə boş-boşuna, söz olsun deyə söylənilmir. Hamı öz işini layiqincə yerinə yetirməyə çalışır və başqa cür davranmağı ağlına belə gətirmir. İş yerində başqalarına yardım edib-etməməyinizə, başqalarının işinə necə təsir etdiyinizə və iş fəaliyyətinizə də nəzarət edilir. Şirkətdə geyim sərbəstdir: kim necə istəyir, nəyi istəyir geyinir.
Hələlik bu qədər, özünüzə yaxşı baxın”.
Mənbə SƏMƏRƏLİ İŞ HƏYATI kitabı
Müəllif SƏLİM ÖZDƏMİR