O SSRİ-nin ən yüksək mükafatlarına sahib idi. Lakin onun barəsindəki məhkəmə qərarı Polyakovun əsl fəaliyyətini üzə çıxardı...
General Polyakovun dosyesini təqdim edirik:
Dmitri 1921-ci ildə Ukraynada doğulub. 1939-cu ildə artilleriya məktəbinə daxil olub. II Dünya Müharibəsi zamanı Ukrayna və Qərb cəbhəsində vuruşub, Qırmızı Ulduz medalına layiq görülüb. Müharibəni mayor rütbəsində başa vurub. Daha sonra Frunze adına ali hərbi akademiyanı bitirib. SSRİ Müdafiə Nazirliyinin Hərbi Baş Kəşfiyyat İdarəsində işləyib.
1951-1955-ci illərdə podpolkovnik hərbi rütbəsi ilə BMT-nin hərbi ştab komitəsində SSRİ nümayəndəliyinin tapşırıqlar üzrə zabiti kimi ABŞ-da çalışıb. Bu dövrdə onun oğlu dünyaya gəlib. Xəstə övladının əməliyyatı üçün ona 400 dollar lazım olub, lakin bu pulu tapa bilməyib. Bu məqsədlə Hərbi Baş Kəşfiyyat İdarəsinin generalı Sklyarova müraciət edib. Lakin bunun da xeyri olmayıb və övladı tezliklə ölüb.
1959-cu ildə polkovnik rütbəsində geri qayıdarkən rəsmi vəzifəsi SSRİ-nin hərbi işlər üzrə nümayəndəsi olsa da qeyri-rəsmi vəzifəsi ABŞ-dakı sovet kəşfiyyatının rezidenti idi.
1961-ci ildə ABŞ-ın Federal Təhqiqatlar Bürosuna əməkdaşlıq təklifi edib. Birinci görüşü zamanı ABŞ kəşfiyyatına 6 sovet casusunun adını verib. FTB-də ona “Silindr” ləqəbi verilib.
1961-ci ilin 26 noyabrında FTB əməkdaşları ilə görüşü zamanı KQB və Hərbi Baş Kəşfiyyat İdarəsinin 47 kəşfiyyatçısının adını açıqlayıb.
19 dekabr 1961-ci ildə ABŞ kəşfiyyatı ilə üçüncü görüşü zamanı qeyri-rəsmi Sovet kəşfiyyatçılarına dəstək verən şəxsləri tanıdıb.
1962-ci ilin 24 yanvarında ABŞ kəşfiyyatına Hərbi Baş Kəşfiyyat İdarəsinin daha bir qrup əməkdaşının siyahısını təqdim edib. Həmçinin bu görüş zamanı Hərbi Baş Kəşfiyyat İdarəsinin Nyu-Yorkda “verbovka” etdiyi şəxslərin siyahısını da FTB-yə çatdırıb.
“Silindir” 1962-ci ilin 29 martında ABŞ kəşfiyyatı ilə görüşü zamanı sovet diplomatları ilə əməkdaşıq etdiyi şəxslərin fotosunu təqdim edib.
Moskvaya qayıdandan sonra Hərbi Baş Kəşfiyyat İdarəsinin III idarəsinin böyük zabiti kimi Nyu-York və Vaşinqtondakı fəaliyyət onun sərəncamına verilib. ABŞ-a üçüncü ezamiyyəti zamanı SSRİ səfirliyinin hərbi attaşesinin köməkçisi vəzifəsində oturmağı planlaşdıran Polyakov Mərkəzi Kəşfiyyat İdarəsinə SSRİ Baş Qərargahının telefon nömrələri, personalı haqqında informasiya ötürüb.
Sonradan Polyakovun adı ABŞ mətbuatında məhkəmə işi ilə əlaqəli olaraq hallanmağa başlayıb. Hərbi Baş Kəşfiyyat İdarəsi bundan şübhələnərək agentini 1969-cu ildə Moskvaya qaytarıb. O, həmçinin Hərbi Baş Kəşfiyyat İdarəsində Asiya, Yaxın Şərq və Afrikadakı kəşfiyyat işlərinin kuratoru təyin edilib. Eyni zamanda SSRİ-nin Birmadakı rezident əlaqələndiricisi vəzifəsində çalışıb.
Bir müddət sonra isə Hərbi Baş Kəşfiyyat İdarəsində idarə rəisi vəzifəsinə irəli çəkilib. 1973-cü ildə Hindistanda rezident əlaqələndiricisi olub, 1974-cü ildə general-mayor rütbəsi alıb. 1976-cı ildə Moskvaya qayıdıb.
1980-cı ildə səhhəti ilə əlaqəli olaraq təqaüdə çıxıb. Təqaüdə çıxdıqdan sonra general Polyakov bütün əməkdaşların şəxsi işlərinə giriş imkanı əldə edib. Buna səbəb onun Hərbi Baş Kəşfiyyat İdarəsinin kadrlar şöbəsində muzdla işləməsi olub.
ABŞ kəşfiyyatı generala Amerikaya gəlməyi təklif etdikdə isə “Məni gözləməyin. Mən heç vaxt ABŞ-a gəlməyəcəm. Mən bu işləri sizə görə etmirəm, vətənimə görə edirəm. Mən rus kimi doğulmuşam və rus kimi də öləcəyəm” cavabını verib.
General 1986-cı ilin iyulun 7-də həbs edilib. 1987-ci ilin 27 noyabrında SSRİ Ali Hərbi Məhkəməsi onun haqqında güllələmə qərarı çıxarıb. 15 mart 1988-ci ildə güllələnib.
Onun haqqında məhkəmə hökmü və hökmün icrası 1990-cı ildə ortaya çıxıb. Buna səbəb SSRİ-nin birinci katibi Qarbaçovla ABŞ prezidenti Ronald Reyqan arasında keçirilən görüş zamanı Reyqanın Polyokovun həbsdən azad olunması və ABŞ-da həbs edilən SSRİ kəşfiyyatçısı ilə dəyişdirilməsini təklif etməsi olub. Lakin artıq həmin vaxt Polyakov güllələnmişdi.
Rəsmi versiyalara görə, Dmitri Fedoroviç Polyakov KQB-nin verbovka etdiyi amerikalı kəşfiyyatçılar Oldriç Emsom və ya Robert Xanssenomun verdiyi informasiya əsasında ifşa edilib.
Açıq informasiyalara görə, könüllü olaraq ABŞ kəşfiyyatına işləyən “Silindr” 19 sovet kəşfiyyatçısı, eləcədə sovet kəşfiyyatı ilə əməkdaşlıq edən 150-yə yaxın əcnəbi haqqında informasiyanı ötürüb.
Bundan başqa, Polyakov SSRİ kəşfiyyatının 15 000 agenti haqqında ümumi informasiyanı Qərb kəşfiyyat orqanlarına təqdim edib.
Onun Amerika kəşfiyyatına təqdim etdiyi məxfi sənədlərin ümumi həcmi 25 yeşik olub.
Mənbə: publika.az