Mahnı bəstələyən, şeir, roman yazan məmurlar

Mahnı bəstələyən, şeir, roman yazan məmurlar

Azərbaycanda məmurların ədəbi yaradıcılıqla məşğul olması yeni xəbər deyil.
Nazirlər, deputatlar, eks-məmurlar arasında siyasi və idarəçilik fəaliyyəti ilə paralel, ədəbi yaradıcılıqla da məşğul olanlar az deyil. 
Ədəbi yaradıcılıqla məşğul olan məmurların bir qismini təqdim edir:
Siyahımıza ilk olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan başlayaq. Azərbaycanda populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların musiqisi Kamaləddin Heydərova məxsusdur. O, mahnılarını «Kamal» imzası ilə bəstələyir, hətta bir neçə hit mahnının müəllifidir. Özbək müğənnisi Nəsibə Abdullayevanın ifa etdiyi «Nigaranam» mahnısı bunlardan ən məşhurudur.
2009-cu ildə bəstəkar Kamalın «Sənə güvəndiyim dağlar» adlı albomu buraxılıb. 4 diskdən ibarət albomdakı mahnılardan ikisinin sözləri Leyla Əliyevaya, digərləri isə şair Baba Vəziroğluna məxsusdur. Müəlliflərin birgə ərsəyə gətirdikləri mahnılar və onların ekran görüntüləri CD və DVD şəklində yerləşdirilib. Disklərin üz qabığında «Səndən nigaranam», «Yenə yaz gələcək», «Xalq Heydər söyləyəcək», «Ayrılığa dözmərəm» mahnılarının adları yazılıb. Disklərdəki mahnılar xalq artistləri Flora Kərimova, Alim Qasımov, Yalçın Rzazadə, İlhamə Quliyeva, Aygün Kazımova və Zülfiyyə Xanbabayevanın, əməkdar artistlər İlqar Muradovun, Aygün Bəylərin, müğənni Röyanın və başqalarının ifasında yazılıb.

Azərbaycanın tanınmış bəstəkarı və müğənnisi Polad Bülbüloğlu siyasəti və incəsənəti birlikdə daşıyan tanınmışlardandır. Hazırda Azərbaycanın Rusiyadakı səfiri olan Polad Bülbüloğlu Azərbaycanın və Türkmənistanın Xalq artisti adlarını alıb.
Hüseyn Abdullayev də bəstəkardır. Onun bəstələri Zakir Əliyev, “Şeron” qrupu, Aygün Bəylər, Eyyub Yaqubov, Röya Ayxan, Zülfiyyə Xanbabayeva və s. müğənnilər tərəfindən ifa edilib. “Həyat davam edir”, “İnstrumental musiqi”, “Mənim ölkəm”, “Dörd fəsil”, “Dostum”, “Xatirələr”, “Tarixin sınağı” kimi mahnıların müəllifi məhz Hüseyn Abdullayevdir. Həmçinin Zakir Əliyevin ifasında “Vətən həsrəti”, Aygün Bəylərin ifasında “Ana”, Eyyub Yaqubovun ifasında “Nədən”, Röya Ayxanın ifasında “Sənə görə”, “Şeron” qrupunun ifasında “Bu da keçər”, Röyanın “Səninəm”, Zülfiyə Xanbabayevanın “Səninlə” adlı musiqiləri də Hüseyn Abdullayevə məxsusdur.
Milli Məclisin deputatlarından bir çoxunu şeirləri, ədəbi, bədii yaradıcılığı ilə tanıyırıq.
Deputat Qənirə Paşayeva ədəbi yaradıcılıqla məşğul olur. Hətta bir neçə il əvvəl müğənni Elza Seyidcahanın deputatın şeirlərinə musiqi bəstələməsi müzakirələrə səbəb olmuşdu. Qənirə xanımın indiyə qədər bir neçə kitabı da dərc edilib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, deputat  Novruzəli Aslanov isə Novruz Aslan imzası ilə həm də bəstəkar olaraq tanınır. O, xeyli sevilən mahnının müəllifidir.
Milli Məclisin üzvü Musa Quliyev də siyasətdən kənar məşğuliyyəti ilə maraqlı deputatlar siyahısındadır. Musa Quliyev ixtisasca həkimdir, siyasətlə yanaşı, Musa Urud təxəllüsü ilə şeirlər də yazır. O, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 10-dan çox ədəbi, bədii kitabın müəllifidir.
Qarabağ müharibəsindən bəhs edən “Dolu” romanı ilə daha da məşhurlaşan deputat Aqil Abbas da ədəbi yaradıcılığı siyasətlə paralel yürüdən millət vəkillərindən biridir. O, ixtisasca jurnalist olduğuna görə, yazı-pozu məkanında öz sözünü demiş şəxslərdəndir. Aqil Abbasın nəsr əsərlərinin daha çox adı çəkilir.
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanovdan da bəhs edək. Gözəl şeirlərin müəllifi olan C. Qurbanov bu fəaliyyəti üçün həmkarlarının da təqdirini qazanıb. O, ustad Aşıq Şəmşirin nəvəsidir.
Bakı Metropoliteninin sabiq rəisi, hakim Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının rəhbəri Tağı Əhmədovun ədəbiyyat həvəskarı, şeir yazması barədə bəziləri məlumatlıdır.
Qeyd edək ki, Tağı Əhmədov “Tağı Sadiq” imzası ilə şeirlər yazır. Tağı Sadiqin yazdığı şeirlərə bir sıra mahnılar bəstələnib və həmin mahnılar tanınmış müğənnilər tərəfindən bu gün ifa olunmaqdadır. Belə mahnılara kliplər də çəkilib. Bir sözlə, incəsənət, ədəbiyyat sahəsində «Tağı Sadiq» imzası yetərincə tanınıb, məşhurlaşıb...
2009-cu ildə sözləri Tağı Sadiqə, musiqiləri tarzən Zamiq Əliyevə məxsus olan “Vurulmuşam” və “Tarzən” adlı albom-disklər buraxılıb.
Hakim Yeni Azərbaycan Partiyasının şərəfinə çəkilən “YAP partiyası” musiqili klipində də musiqi Zamiq Əliyevə, sözlər Tağı Sadiqə məxsusdur.
Musiqi sahəsinin bəzi simaları Tağı Sadiqi incəsənətin yaxın dostu, himayədarı, nəğməkar şair adlandırırlar. Tağı Sadiqin yazdığı «Qısqanıram», «Dilin dediyini ürəyim demir», «Olaydı», «Ceyranım», «Odlanıram mən», «Gözləməsin» kimi şeirlərə də mahnılar yazılıb, kliplər çəkilib.
 
Mənbə: modern.az
Top