Xoruldama nə ilə təhlükəlidir?

Xoruldama nə ilə təhlükəlidir?

Statistikaya görə, yuxu zamanı yatanların 45 faizi xoruldayır. Müşahidələr həmin prosesin kişilər arasında daha çox yayıldığını göstərir.
Xoruldamanın səbəbi, onun nədən qaynaqlandığı barədə Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva bildiribki “Xoruldama yuxu əsnasında hava axını boğazdan sərbəst keçə bilmədikdə yaranır və yuxuda tənəffüs dayanması xəstəliyinin əlaməti sayılır. Ağız və burun boşluğundakı hava yolunda daralma nəticəsində qəribə səslər çıxır. Xoruldama burun tutulmasıyla müşahidə olunan müxtəlif xəstəliklərin əlaməti olmaqla yanaşı, bir çox fiziki qüsurlar nəticəsində əmələ gələ bilər. Dar, uzun və ya çox ətli damağı olanlar hər zaman xoruldayır. Boğaz divarlarının darlığı, şişkinliyi, axıntılı olması, xüsusilə də bəlğəmlə tutulması zamanı da xoruldama baş verir. Xoruldama nə ilə təhlükəlidir?
Boğazın badamcıq və onun arxasındakı boğaz divarlarının arası bəzən çox dar olur. Damaq badamcıqlarında yüngül iltihab zamanı şişkinlik olur və onun qarşısını almaq üçün qarqara etmək lazımdır. Dil qüsurları, çənə darlığı və sinir sisteminin çatışmazlığı da xoruldamaya səbəb olur”.
Xoruldamağın bir çox tipinin müalicə edilən olduğunu bildirən həkim-terapevt deyib: “Xorultu çox zaman artıq çəkisi olanlarda müşahidə edildiyi üçün ilk növbədə çəkini azaltmaq, normal nəfəs almaq üçün idmanla məşğul olmaq lazımdır. Yuxu və sakitləşdirici dərmanlar yatmazdan əvvəl qəbul edilməlidir. Yatmazdan 4 saat əvvəl spirtli içki, 3 saat əvvəl isə ağır yeməklər yeyilməməlidir. Həddindən artıq yorğunluq da xoruldamaya səbəb olur.
Xoruldamağın müvəqqəti olaraq qarşısını almaq üçün böyrü üstə uzanmaq məsləhət görülür. Yatağın baş hissəsinin 10 santimetr yuxarı olması da xoruldamanı azaldır. Bunların heç biri təsir göstərmədikdə mütləq həkimə müraciət etmək lazımdır. Lor həkimlərin rəyinə əsasən, xoruldama bəzən cərrahi müdaxilələr, bəzən digər xəstəliklər fonunda əmələ gəldiyinə görə həmin xəstəlikləri müalicə etdirmək lazım gəlir, çünki o bir sıra xəstəliklərin əlaməti kimi meydana çıxır. Uşaqlardakı xoruldama əsasən badamcıq və boğaz əti əlaməti ola bilər. Xoruldamalar hava yolundakı daralmalarla əlaqədardır. Əgər daralma çox ciddidirsə, hava yolu tamamilə bağlana bilər, yaxud yuxuda tənəffüsün dayanması ilə nəticələnər.
Hava yolu daralması müxtəlif səbəblərdən baş verir. Çəki artımı bütün toxumalarda yağ yığılmasına səbəb olur. Buraya ağız və boğazdakı toxumalar da daxildir. Həmin proses polisomnoqrafiya cihazı vasitəsilə müayinə edilir. Nəfəs borusu və ətrafdakı yumşaq toxumalarda daralma olarkən xoruldama yaranması qaçılmazdır. Spirtli içkilərdən istifadə edilməsi də xoruldamaya səbəb olur. Gecə spirtli içki içdikdə boğaz arxasındakı yumşaq toxumalarda boşalma yaranır və xorultunun daha da güclənməsinə aparıb çıxarır. Xoruldama qocalıqla əlaqədar olaraq da yarana bilər. Yaşlı kişilərdə boğaz toxumasının yumşalması xoruldamaya səbəb olur. Xoruldama şiddətli angina, dil böyüməsi, piylənmə, alt çənə problemləri, xroniki bronxit, allergiyalar, xroniki sinusit və xroniki rinit xəstəliklərindən sonra da meydana gələ bilər”.
Həkim bildirib ki, xoruldama ictimai həyatda başqalarını narahat etməklə yanaşı, ölümə də səbəb ola bilər. Xoruldama bədənin istirahətetmə müddətini azaldır, çünki xorultu dərin yuxu fazasına keçməyə imkan vermir. Dərin yuxu fazasına keçmədən isə istirahət etmək mümkün deyil.

Mənbə: Saglamolun.Az
Top