Uşaqlarınızla səfərə çıxmaq istəyirsinizsə

Uşaqlarınızla səfərə çıxmaq istəyirsinizsə

Uşaqlı ailələr üçün səfərə çıxmaq əyləncəli olmaqla yanaşı yorucu və cansıxıcı da ola bilər. Bunun qarşısını almaq üçün uşağın yaşına görə davranışlarını da bilməli, yola çıxarkən qabaqcadan hər şeyi ciddi şəkildə planlaşdırmalısınız.

Tətilinizi harada keçirəcəyiniz barədə qəti qərara gəldikdən sonra növbə ora necə getməyə çatır. Böyük uşaqlar üçün uzun müddət avtomobildə və ya avtobusda səfərə çıxmaq o qədər də problem deyil. Ancaq 2 yaşından aşağı uşaqlarla səfərə çıxarkən təyyarəyə üstünlük vermək məsləhətdir.

Təyyarə ilə səfərə çıxanlar üçün…
Əgər təyyarədə uçarkən ayrı bir oturacaqda oturmurlarsa, uşaqlar pulsuz uça bilərlər. Ancaq təhlükəsizlik baxımından bu o qədər də məqbul sayılmır. Uşaqlı ailələrdə yerlərin seçilməsi də çox mühümdür. Hər şeydən əvvəl giriş-çıxış baxımından rahat olan yerlərə üstünlük vermək lazımdır.

Uçuş zamanı 24 saat ərzində sizə lazım olan hər şeyi yanınızda daşıdığınız çantaya qoymalısınız. Uçuş üçün özünüzlə sendviç tipli yeməklər, ehtiyat paltarlar, uşaq bezləri, zəruri dərmanlar (dərmanlar üçün ayrıca çanta məsləhət görülür), qalxmalar və enmələr zamanı qulaq ağrılarını azaltmaq üçün əmzik (daha böyük uşaqlar saqqız çeynəyə bilərlər), həmçinin kitab və oyuncaq götürməyi unutmayın. Uşağınızın qulağı axırsa, ya da nəfəs yollarında problem varsa, bu barədə həkimlə məsləhətləşsəniz pis olmaz.

Avtomobillə səfərə çıxanlar üçün…
Avtomobillä səfərə çıxmağı qərara alan ailələr üçün əsas məsələ təhlükəsizlik kəmərindən istifadə etmək, uşaqlar üçün hazırlanan xüsusi oturacaqlara üstünlük verməkdir. Əgər uşağınız uzun yola öyrəşməmişsə, onu alışdırmaq üçün qısa səfərlər təşkil etmək olar. Səfər zamanı uşağın darıxmaması üçün onunla söhbət etmək, yol və ətraf mühit haqqında məlumat vermək, nağıl və hekayə danışmaq da olar. Digər tərəfdən, təhlükəsizliyini qorumaq üçün uşağınızın tez-tez oturacaqdan düşməsinə icazə verməyin. Digər tərəfdən, yola çıxmazdan əvvəl yol üçün bir həftə əvvəldən hazırlıq görməyə başlayın.

Özünüzlə götürəcəyiniz əşyaların siyahısını tutun. Hətta mümkünsə, yolda fasilə verəcəyiniz yerləri də müəyyən edin. Oteldə əvvəlcədən yer ayırmaq və hava şəraiti ilə tanış olmaq isə sizi gözlənilməz sürprizlərdən qoruya bilər. Digər tərəfdən, sürücülər də yolda diqqətli olmalıdırlar. Eyni zamanda onlar uşaqların 6 saatdan artıq avtomobildə gedə bilmədiklərini unutmamalıdırlar. Həmçinin, uşağınızın rahatlığını istəyirsinizsə, yola səhər tezdən çıxın.

Tez-tez fasilə verin və fasilə zamanı uşağınızla oynayın. Bir də arxada mütləq bir nəfər uşağın yanında oturmalıdır. Bundan başqa, əgər uşağınızı maşın tutursa, səfərdən əvvəl ona yüngül yeməklər yedirmək və yüngül paltarlar geydirmək lazımdır. Həmçinin, uşağınızı arxa oturacaqda oturda və yola baxmasına şərait yarada bilərsiniz. Digər tərəfdən, kabinəyə hava girsin deyə, arabir avtomobilin pəncərəsini açmaq və lazım gəldikdə, həkimin məsləhət gördüyü dərmanlardan istifadə etmək olar.

Elşən Azadlı
Top