Ağcaqanadlar bizi niyə sancır?

Ağcaqanadlar bizi niyə sancır?

Yay günlərində ağcaqanadlar gecələr yatmağa imkan vermir. Nə qədər qovsaq da, bu həşəratlar sonda öz istəyinə nail olur. Səhər yuxudan oyananda isə bədənimizdə ağcaqanadların qoyduğu xoşagəlməz izlər qalır. Bəs niyə ağcaqanad bizi sancır? Əlbəttə, bu səbəbsiz deyil. 

Alimlər ağcaqanadların daha çox kimi sancdığı ilə bağlı araşdırmalar aparıblar. Müəyyən edilib ki, bəzi insanlar ağcaqanadların daimi hədəfi olduğu halda, bəzilərinin yanından heç uçmurlar da.

Çünki ağcaqanad yalnız onun ehtiyacını ödəyə bilən insanları seçir. Ağcaqanadların sizi sancıb-sancmayacağını bədəniniz müəyyən edir. Əgər cəlbedici bədən qoxunuz varsa, hədəf olmağınız qaçılmazdır.

Bədəninizdə qoxunuzu müəyyənləşdirən genlər var. Dişi ağcaqanadlar havaya qarışan qoxunu izləyərək hədəfi tapır. 


Güclü iybilmə qabiliyyətinə malik olan ağcaqanadların yalnız dişi cinsində olanları insanın qanını sorur, erkəkləri isə ağac şirəsi ilə kifayətlənir. Dişi ağcaqanadlar yumurta qoyduqda orqanizmini gücləndirmək üçün bitki şirəsi ilə yanaşı, insan qanına da ehtiyac duyur və bunu canı bahasına olsa belə, həyata keçirir.

Bunun üçün onlara insanın hərarətini, rütubət və qoxusunu müəyyən etmək lazım gəlir. Nəfəs alıb-verərkən, burnumuzdan karbon qazı buraxmaqla, onları özümüzə cəlb edirik. Bu səbəbdən də onlar sancmazdan əvvəl qulağımızın dibində vızıldayır. Eşitdiyimiz səs isə onların qanadlarının sürətli hərəkəti nəticəsində yaranır.
Top