Yay fəslinin dəbdə olan vasitələrindən biri də ağcaqanad və digər həşəratlar əleyhinə nəzərdə tutulan dərmanlardır.
Bu günə kimi məişətdə məxsusi olaraq ağcaqanadlara qarşı bir neçə «sınanmış vasitə» tətbiq olunsa da, etriaf etməliyik ki, onların heç biri xüsusi kimyəvi tərkibli dərmanlar qədər effektiv olmayıb.
Ağcaqanad əleyhinə dərmanların müxtəlif növləri və fərqli istifadə qaydaları var. Son vaxtlar bunların içərisində ən çox üstünlük veriləni isə xüsusi qabda enerji şəbəkəsinə qoşulan dərmanlardır. Bəs istifadəsi xeyli asan olan və ağcaqanadları bir göz qırpımında məhv edən bu vasitələr insan orqanizminə necə təsir göstərir? Hansı növ dərmanlar daha ziyanlıdır? Mövzu ilə bağlı ekspertlərin fikirini öyrəndik.
Həkim-terapevt Məlahət Abbasova deyir ki, həşəratlar əleyhinə olan dərmanlar insan orqanizminə bir o qədər də zərərli təsir göstərmir: «Amma əgər evdə körpə uşaq varsa, məsləhətdir ki, bu dərmanlardan mümkün qədər istifadə olunmasın. Çünki körpə uşaqların immun sistemi möhkəmlənməyib. Bu dərmanlar uşaqlarda ürəkbulanma, başgicəllənmə, qusmaya səbəb ola bilər. Böyüklərdə immun sistemi güclü olduğuna görə bu dərmanlar zərərli hesab olunmur. Allergiyası olan şəxslər də bu dərmanlardan istifadə edərkən ehtiyalı olmalıdırlar. Ağcaqanad dərmanları orqanizmdə allergiyanın güclənməsinə səbəb olur. Ümumiyyətlə götürdükdə, istifadə formasından asılı olmayaraq, bütün növ həşərat dərmanları orqanizm üçün zərərli hesab oluna bilər».
M.Abbasova bildirdi ki, bu dərmanlardan mümkün qədər az istifadə etməyə çalışmaq lazımdır: «Həşarat əleyhinə olan dərmanların kimyəvi tərkibi tam müəyyən olunmayıb. Ona görə də bütün ehtimalları nəzərə alıb mütləq özümüzü qorumalıyıq. Valideynlərə məsləhətim odur ki, uşaqların otağında bu dərmanlardan qətiyyən istifadə etməsinlər. Çox vacib olduqda isə yaxşı olar ki, bu dərmanlar uşaq yatmazdan 3-4 saat əvvəl istifadə edilsin. Bir şeyi də nəzərə almaq lazımdır ki, dərman istifadə olunan zaman uşaqlar otaqda olmamalıdırlar. Ümumiyyətlə, məsləhətdir ki, dərman enerjidə taxılı olarkən otaqda heç kim olmasın. Çünki bu dərmanların həm də bakteriativ təsiri var».
kaspi.az