Buruq saçlar necə yaranır?

Buruq saçlar necə yaranır?

Buruq saçlara sahib olmaq bir çox insanın xəyalıdır. Hətta bu səbəblə bir çox adam gözəllik salonlarında günlərini keçirirlər. Bu məqsədlə saçlara maşa kimi bir çox dəyişik əməliyyatlar tətbiq olunur. Buruq saçlı insanlar isə bu cür əməliyyatlara ehtiyac duymadan, saçlarının buruq olmasını təmin edən mexanizmə doğuşdan sahibdirlər. Saçın düz və ya buruq olmasını təmin edən ən əsas faktor isə gendir. Saç formasını çox böyük bir nisbətdə genetik şifrələrimiz təyin edir.

Buruq saç geni, düz saç geninə hakimdir. Buna baxmayaraq ətrafımızda gördüyümüz insanlar daha çox düz saçlı olur. Saçın növü, çoxlu allel genlər tərəfindən müəyyən edilir. Allellər dediyimiz anlayış fərqli xüsusiyyətlərə sahib bir genin alternativ forması və ya formalarıdır. Yəni bu dəyişik alleller sayəsində saçın tipi çox dəyişik formalarda ola bilər. (Düz və buruq saçdan başqa buna dalğalı saç forması da daxildir.) Buruq saç Afrikada çox məşhur olmasına baxmayaraq, ağbəniz insanlar arasında görülmə nisbəti yalnız 15 faiz ətrafındadır.

Digər bir faktor isə saç follikullarının quruluşudur. Saçın yerləşdiyi, inkişaf etdiyi hissə follikuldur. Edilən son araşdırmalara görə, bu folikulların quruluşu saçın formasına da təsir edir. Əgər follikulların forması simmetrikdirsə (yumru), saç follikuldan düz çıxır. Əgər C-şəklində və ya yastıdırsa, buruq; ovaldırsa, dalğalı olur. Və ən son faktor da saçda olan keratin zülalıdır. Keratin daxili və xarici səthlərində saxladığı yüksək nisbətdəki hidrofob amin turşulardan ibarət olan, suda həll olmayan, lifli quruluşda olan güclü və elastik bir zülal növüdür. Keratinə eyni zamanda yüksək miqdarda Sistein amin turşusu da daxildir.

Saçdakı bu amin turşularının R qruplarının (yan qruplar – sulfid atomları daxildir) bir-birinə yaxın olmaları vəziyyətində, saça qıvrım şəkil verən kovalent disulfid rabitələri meydana gəlir. Keratin zülalları da bir-birlərinə disulfid rabitəsi bağlanırlar. Saçda nə qədər çox disulfid “bağı” olarsa, saç o qədər qıvrım olar. Saçın follikul quruluşuna da bağlı olaraq, simmetrik follikuldan çıxan düz saçda bu amin turşularının R qrupları yaxınlaşıb disulfid “bağı” əmələ gətirə bilmədiklərindən, saç düzlüyünü qoruyar. Lakin buruq saçın yastı olan folikulları, bu amin turşularının R qruplarını bir-birinə yaxınlaşdırıb arada disulfid bağlarının meydana gəlməsinə icazə verdiyindən saç buruq hala gələr.

Buruq saça fen çəkib düzləşdirdiyimizdə nə baş verir?
Buruq saça fen çəksəniz, saça sıx bir şəkildə istilik tətbiq etmiş olarsınız və bunun sayəsində saçın quruluşundakı kimyəvi bağlar (disulfid bağları və hidrogen bağları) qırılar.

Perma əməliyyatında da eyni vəziyyət etibarlıdır. Saç uyğun bir şəkildə sarınar. Saça içində bir maddə ehtiva edən (bu maddə çox vaxt sulfidril -SH qrupu olur) bir məhlul istiliklə birlikdə tətbiq olunur. Bu maddə disulfid bağlarını, nəmli istilik də hidrogen bağlarını qırar. Müəyyən bir müddət sonra bu maddə saçdan uzaqlaşdırılır, disulfid köprülərindən geriyə qalan Sistein qalıqları özbaşına disulfid və hidrogen bağları yaratsın deyə başqa bir maddə tətbiq olunur. Beləcə, saç istənilən formada burulur. Bu iki vəziyyət də müvəqqəti olmaqla birlikdə, əgər bu əməliyyatlar çox tətbiq olunarsa və saç çox istiliyə məruz qalarsa, saç qalıcı olaraq zərər görə bilər. Bu da saçın orijinal şəklinə dönməməsi və saç quruluşunun zərər görməsi deməkdir.



Fen çəkilmiş bir saçı islatdığımızda niyə qıvrılar?
Hidrogen bağları, disulfid bağları qədər güclü olmamasına baxmayaraq yenə də saçın qıvrılmasında təsirli qüvvədir. Bu bağlar saçınızı hər yuyub qurutduğumuzda, bir-birinə qonşu keratin zülalları arasında qırılar və yeniləri meydana gələr.

Hidrogen bağları; keratin proteinlerindəki molekullar ilə su molekulları arasında zəif bir qarşılaşma olduğunda meydana gələr. Beləcə, iki keratin zülalı da bağlanıb bir araya gələr. Keratinlər arasında bu bağ nə qədər çox olarsa, saç da o qədər qıvrılar. Yəni su molekulları saç təfindən hopdurular və hidrogen rabitəri yarandığından düz saç burular.

Tərcümə: Şıxəmməd Əyyubov
Redaktə etdi: Lalə Yusifova
Top