Bir çoxumuz barmaqlarımızı şaqqıldatmağa vərdiş etmişik. Çoxumuz “sümüklərim boşalıb, kalsium çatışmır” deyə buna səbəb gətiririk və eşidilən həmin səsin sümüklərdən çıxan səs olduğunu düşünürük.
Ən çox və asanlıqla şaqqıldayan yerlər oynaq yerləridir. Bu tip oynaq yerlərində, misal olaraq, barmaqlarda iki sümüyün birləşdiyi yerdə bir bağlantı kapsulu var.
Barmaqlarınız gərilərkən bu kapsul da gərilir. Bu kapsulun içində sümüklərin hərəkəti zamanı onları yağlayan bir maye var. Mayenin tərkibində ərimiş halda oksigen, karbondioksid və nitrogen qaz qabarcıqları var. Barmaqlarımızı şaqqıldadarkən mayenin təzyiqi azalır və qaz qabarcıqları partlamağa başlayır.
Buna görə barmaqlarımızı şaqqıldadarkən eşidilən sümüklərin deyil, bu qabarcıqların partlamasının səsidir.
Partlayan qabarcıqlar nəticəsində qazlar bu mayeni tərk edir və maye daha da genişlənir, oynaq yerlərinin hərəkət qabiliyyətini artırır.
Eyni barmağınızı ikinci dəfə şaqqıldatmaq üçün gözləməlisiniz. Çünki qazların yenidən mayeyə daxil olması bir az zaman alır.