İstərdim bu günlər ölkəmizə xaricdən idxal olunan və kifayət qədər populyar olan bir şey haqda danışım. Bu, stress çarxı adlanan oyuncaqdır. Hər kəsdə, uşaqda, yeniyetmədə, gəncdə, orta nəsildə görmək olar bu oyuncağı. Maraqlıdır, baxıram ki, bu “stress çarxı” (spinner) deyilən zad ən çox uşaqlarda və yeniyetmələrdədir. Elə deyilənə görə bunu icad edən qadın da öz uşağı üçün edib.
Uşaqların həyatına oyun vasitəsilə “stress” termini soxulur. Stress artıq onlar üçün bir oyundur. Bu zadla oynamaq üçün uşaq artıq özünü stress içində tapmalıdır, yamsılamalıdır. Süni stress, süni depressiya, süni kədər… və ardınca süni intiharlar.
Bizdə hər şeyin bir süjeti var: Dəb və Yamsılama
Mövzu diqqətimi çəkdiyi üçün mütəxəssisə üz tutdum. Saytımızın dəyərli yazarı, Psixoloq Rübabə xanım bu haqda fikirlərini bölüşdü:
Bu oyuncağın adını eşidəndən, maraqlanmağa başladım. Çünki adı psixoloji termin-stresslə bağlıydı.İlk öncə şəxsi prizmamdan yanaşmaq və mütəxəssis kimi zərərlərini, faydalarını anlamağa çalışdım. Öyrəndim ki, “Stress çarxı”nı ABŞ-ın Florida ştatında 62 yaşlı qadın Katerin Hettinger ixtira edib. O, 7 yaşlı qızını əyləndirmək üçün hələ 20 əvvəl bunu düşünmüşdü. Qadın əzələ problemləri olduğundan uşağı ilə oyun oynaya bilmirdi. Uşağı ilə bərabər o da bu oyuncaq vasitəsilə əzələlərini hərəkət etdirirdi. Hətta 2005 -ci ilə qədər bu ixtirası üçün patent də alırdı. Hal-hazırda ABŞ- ın bir çox ştatlarında, İngiltərədə və Ərəb əmirliklərində bu oyuncağın istifadəsinə qadağa qoyulub. Müəllimlər oyuncağın uşaqların diqqətini dağıtdığını bildiriblər. Qonşu Türkiyədə isə bizdə olduğu kimi son zamanların ən dəbdə olan oyuncağıdır.
Fırlanan əşyalar əsasən uşaqların diqqətini cəlb edir. Yelləncəklər, müxtəlif atraksionlar uşaqları özünə çəkir. Uşaqkən hamı bir dəfə də olsa küləyin firlatdığı çərpələnglə oynayıb. Uzun müddət fırlanan əşyalara isə autizm problemli uşaqlar baxır. Onlar ya yellənir, ya fırlanır. Bu əşyayla vəziyyətlərini yüngülləşdirirlər. Diqqət defisiti, hiperaktiv, autist uşaqlar bu çarx vasitəsilə diqqətlərini müəyyən müddət bir yerə cəmləyə bilirlər. Buna baxmayaraq, uzun müddət istifadə onlara da zərərdir. Bəzi insanlar uşaqlarda stress olurmu?-deyə soruşurlar. Stress ola bilər. Lakin uşaqlar stressdən deyil, oyun boşluğundan stress çarxıyla oynayırlar. Saadəcə, baş qatırlar.
Bu oyuncağın stress azaltmasıyla bağlı heç bir elmi məlumat yoxdur. Əksinə, istədikləri kimi fırlanmayanda əsəbləşirlər. Normal uşaqlarda asosiallıq yaradır, diqqəti dağıdır, uzun müddət fırlatdıqda baş gicəllənmə, ürəkbulanma verir. Kiçik əşya olduğundan daim özləriylə gəzdirir, hər yerdə istifadə edirlər. Bu, asılılığa gətirib çıxarır. Bu baxımdan təsbehlə müqayisə edilir, hətta “müasir zikr” adlandırılır. Bu gün bu çarxın istifadəsi, bu qədər geniş yayılması ancaq biznes məqsədi daşıyır. Qiməti 3-25 manat arası olan “stress çarxı” valideynləri “stress”ə salır. Psixoloqlar illərdir stressin fəsadlarından danışır, aradan qaldırmaq üçün kifayət qədər metod və vasitələrdən istifadə edirlər.
Valideynlər həddən artıq reaksiya verər, qadağalar qoyarsa, uşağın marağı daha da artacaq. Adı münasibət göstərilərsə, qısa müddət oynayıb, marağı keçəndən sonra bir kənara atacaq.
Hazırladı: Vüsaləddin Rüstəmov