Arterial təzyiq haqqında yanlış fikirlər

Arterial təzyiq haqqında yanlış fikirlər

İnsanların bir çox hissəsi arterial təzyiqin artmasını ciddi simptom kimi hesab etmirlər və bu səbəbdən özündə təziyiqin artmasını müşahidə etdikdə həkimlərə müraciət etməyə tələsmirlər.

Lakin bu çox səhv yanaşmadır. Məhz arterial təzyiqin artması insult və infarkt kimi ağır pozulmaların ilk səbəbidir. Statistikaya əsasən, 100 infarktdan 68-i, 100 insultdan isə 75-i məhz təzyiqin yüksəlməsi fonunda inkişaf edir.

İnsanlar arasında arterial təzyiq ilə bağlı bir çox həqiqətə uyğun olmayan əfsanələr  yayılmaqdadır. Məsələn,

— Arterial təzyiqi olan insan özünü qorumalı, uzanmalı, yatmalı, az hərəkət etməlidir ki, təzyiq qalxmasın. Bu tam yanlış fikirdir. Bəli, həddən artıq fiziki yükləmələr hipertoniyadan (tibbi dildə — «arterial hipertenziya») əziyyət çəkən insanlar üçün ziyanlıdır. Lakin belə yükləmələr hətta tam sağlam insana da ziyan gətirə bilər.

Sağlamlığını qorumaq istəyən insan mütləq fiziki aktiv olmalıdır. Hətta infarkt keçirmiş insanlara reabilitasiya (bərpa) dövründə həkimlər xüsusi fiziki məşğələlər təyin edir.

Hərəkətsizlik isə əksinə mübadilə proseslərin pozulmasına, damarlarda xolesterin yığınların əmələ gəlməsinə və artmasına, bədən çəkisinin artmasına, qanda durğunluğun yaranmasına, ürəyin daha zəif işləməsinə səbəb olur.

Azhərəkətlilik hipertoniya xəstəliyin daha ağır keçməsinə gətirib çıxardır.

— Bir çox hipertoniyadan əziyyət çəkən insanlar fikirləşir ki, müəyyən həbi qəbul etməklə arterial təzyiqi daim normada saxlamaq mümkündür. Lakin bu belə də asan iş deyil. Effektli dərmanın seçimi uzun və çətin prosesdir. «Təzyiq dərmanları» çoxdur və hər bir  xəstəyə dərman fərdi şəkildə həkim tərəfindən seçilir. Bir çox hallarda vaxt keçdikcə dərmanı, onun dozasını, qəbul rejimini dəyişmək lazım olur. Bunu da yalnız həkim etməlidir. Heç bir halda qonşu, qohum və s. qəbul etdiyi «təzyiq dərmanı»nı  özbaşına qəbul etməyin! Bu lazım olan effekt verməyəcək!

Bundan əlavə yalnız təzyiq dərmanının qəbulu hipertoniyanı müalicə etmir. İnsan düzgün qidalanmalı, ziyanlı vərdişlərdən imtina etməli, dincəlməli, tez-tez havada olmalıdır, bədən tərbiyəsi ilə məşğul olmalıdır.

— Bəzi insanlardan «təzyiqim hətta 180-200-ə qalxanda, özümü normal hiss edirəm, bu mənim „raboçi“ təzyiqimdir» kimi ifadələri eşitmək olur. Bu insanlar fikirləşir ki, əgər hər şey normaldırsa, heç bir yer ağrımırsa, müalicə etməyə də ehtiyac yoxdur! Bu çox təhlükəli yanılmadır. Tibbdə «raboçi» təzyiq kimi termin yoxdur. Yüksək təzyiq özünün heç bir əlamətlə bürüzə verməsə belə, xəstənin orqanizmində geriyədönməz patoloji dəyişikliklərə səbəb olur ki, bunların nəticəsində insan əlilə çevrilə bilər. Bundan əlavə yüksək arterial təzyiq infarkt və insultun əsas risk faktorudur.

— Hipertoniya yalnız 40 yaşından sonra inkişaf edə bilər. Bu da çox səhv fikirdir. Bütün digər xəstəliklər kimi, hipertoniya da xeyli «cavanlaşıb». Əgər hətta 30 yaşlı insan özündə təzyiqin tez-tez artmasını müşahidə edirsə (139/89-dan yuxarı), o, mütləq kardioloqa müraciət etməlidir və lazım olduqda müalicə almalıdır.

— Yüksək təzyiq özünü baş ağrısı ilə büruzə verir. Bu da səhvdir. Bəli, bir çox hallarda yüksək təzyiq özünü başın ənsə hahiyəsində ağrılarla, ürəyin tez-tez döyünməsi ilə, barmaqların keyiməsi ilə və s. əlamətlərlə büruzə verir. Lakin bəzən arterial hipertenziya tam simptomsuz keçir. Məhz bu səbəbdən 1 ildə 2 dəfədən az olmayaraq həkimin profilaktik müayinəsindən keçmək lazımdır. Belə profilaktik müayinələr orqanizmdə mövcud olan pozulmaları vaxtında aşkar etməyə imkan verir.

saglamolun.az 

Top