Ebru- Rənglə suyun rəqsi

Ebru- Rənglə suyun rəqsi

ebruİncəsənətin maraqlı növlərindən olan ebru rənglərin su ilə rəqsinin ən ideal ahəngidir. Qədim tarixə malik bu füsunkar sənət əsrlərdir ki, millətindən və kimliyindən asılı olmayaraq seyr edən hər kəsi heyran qoymağı, ruhunu oxşamağı bacarır. Səbəb isə sadədir: bir ebru əsərinin ortaya çıxması üçün rəssam emalatxanasından tutmuş fırçasına, kitrəli suyuna, boyasına və ödlü suyuna qədər bütün vasitələr və mərhələlərlə bərabər, ruhunu qoyur.

Rəvayətə görə, ebru kağız bəzəmə sənəti Buxara şəhərində meydana gəlib, sonralar İrana ayaq açıb, daha sonra isə Anadoluya yayılıb.

Ebru suyun üzərində işlənilir. Məsələ burasındadır ki, ebrunu istənilən suyun üzərində hazırlamaq olmaz. Bunun üçün suyun içinə qatılaşdırmaq üçün müxtəlif məmulatlar əlavə edilir. Bunlar kətan toxumu, səhləb, çəmən otu, heyva çəyirdəyi, dəniz yosunu və kitrə adlanan maddələrdir.

Kitrə – suyu ən yaxşı qatılaşdırma qabiliyyətinə malikdir. Əsasən Türkiyə və İranda bitən yabanı bir tikanın suyundan hazırlanır.

Torpaq boyalar – keçmiş zamanlarda ebru sənətkarları torpağı bir neçə saat ərzində əzərək un halına gətirir, ələkdən keçirirdilər. Sonra isə hazır maddələr, yəni suda əriməyən metal oksidlər suya qatılaraq lazımlı boyalar əldə olunurdu. İndi isə sənətkarlar hazır boyalardan istifadə edirlər.

Öd – boyaların ayrılmaz bir hissəsidir. O, boyaların suyun üzərində yayılmasına və müxtəlif formaya salınmasına kömək edir. Öd adlanan bu maddəni, əsasən, böyük baş heyvanların öd kisəsindən alırlar. 20 dəqiqə qaynadıldıqdan sonra üzərindəki köpük qaşıqla yığılır və bundan sonra məhlul hazır olur.

Ebrunun digər əsas elementi kağızdır. İşləyərkən cırılmaması və rahat götürülə bilməsi üçün 80-90 qramlıq kağızlardan istifadə olunur.

Dəniz yosunu – kitrənin hazır hala gəlməsi adətən 5-6 gün çəkə biləcəyi üçün bəzən dəniz yosunundan istifadə edirlər. 50 qr. dəniz yosunu tozuna 5 litr su əlavə etdikdən sonra qatılaşana qədər qarışdırılır.

Bunlardan əlavə, ebrunu hazırlamaq üçün yaşlı atın quyruğundan hazırlanmış fırçaya, gül ağacından hazırlanmış daraq, tel çubuq (biz) kimi vasitələr də lazım olur. At tükü digər tüklərdən fərqli olaraq, boyanı özünə çəkmir və asanlıqla süzülür, gül budağı isə elastik olur və asanlıqla kiflənmir.

Mənbə: «Discovery Azərbaycan» jurnalı
Top