Ömrümüzü nələrə sərf edirik?

Ömrümüzü nələrə sərf edirik?

Yaşanan illərin nələrə sərf olunduğuna nəzər yetirsək, belə qənaətə gələrik ki, insan ömrü o qədər də uzun deyil. Faktlara nəzər yetirin, görün 70 il yaşayan insan ömrünü hansı məşğuliyyətlərə sərf edir?

Əgər insan sutka ərzində 8 saat yatırsa, bu o deməkdir ki, o, ayın 240 saatını, ilin 2880 saatını, yəni 120 gün, bütövlükdə ömrünün 25 ilini yatmağa sərf edir. Hələ onu nəzərə almırıq ki, bir çox insanlar 8 saatdan artıq, 10-12 saat yatırlar.

Müasir insan oyaq vaxtı, yəni yuxudan kənar 16 saatın təxminən yarısını telefon danışığına, televizora baxmağa, kompüter qarşısında əyləşməyə sərf edir. Bu vaxt sərfiyyatı isə ömrümüzün 20 ilini əlimizdən alır. Bu rəqəm bəzi insanlarda daha böyükdür. Çünki elə insanlar var ki, onlar sutkanın yarısından çox monitor qarşısında əyləşirlər. 

Orta hesabla insanın ömrünün 4-5 ili qidalanmaya, yeməyə və içməyə gedir. Bu rəqəm fərqli də ola bilər. Çünki elələri var ki, vaxtını çox böyük səxavətlə restoran və kafelərdə yeyib-içməyə, çayxanalarda çay içməyə sərf edir.

Ömrün 2-3 ilini insan şəxsi gigiyenasına və sağlamlığına sərf edir. Bu vaxta həkim müayinəsinə getmək, apteklərdən dərman almaq, diş fırçalamaq, vanna qəbul etmək, xəstəxanada müalicə almaq, sanatoriyada istirahət etmək daxildir.

Böyük şəhərlərdə yaşayan avtomobil sahibləri öz ömürlərinin 2 ilə yaxın bir vaxtını özlərindən asılı olmayaraq tıxaclarda dayanmağa sərf edirlər. Svetoforlarda yaşıl işığı gözləməyə isə sürücülərin ümumilikdə 20-30 günü gedir.

Şəxsi, yaxud xidməti avtomobili olmayanlar ömürlərinin təxminən 1 ayını ictimai nəqliyyatı gözləməyə sərf edirlər. Əgər gözlədikləri nəqliyyat vasitəsi vaxtlı-vaxtında gəlirsə.

Alış-veriş etmək də ömrümüzdən az kəsmir. Dükan-bazarda kişilər ömrünün 2 ilini, xanımlar isə 3 ilini keçirirlər. Bu rəqəm şopinq azarkeşlərinə aid deyil.

Siqaret çəkənlər vaxt baxımından öz ömürlərinə ikiqat zərbə vururlar. Bu xoşagəlməz vərdişlə onlar həm ömürlərini qısaldır, həm də buna görə 160 gün vaxt sərf edirlər.

Xanımlar gözəl görünməkləri naminə vaxt itirməkdən çəkinmirlər. Zərif cinsin nümayəndələri bəzənmək üçün ömürlərinin 135 gününü qurban verirlər.

Xanımların bəzənməyə itirdikləri vaxtı kişilər üz qırxmağa sərf edirlər. Saqqal saxlayanları nəzərə almasaq bu iş üçün kişilərə 115 gün vaxt lazımdır.

Vaxtımızı amansızcasına alan məsələlərdən biri də banklarda, marketlərdə, idarələrdə və s. gözlədiyimiz növbələrdir. Növbələr ömrümüzün düz 6 ayına şərik olurlar.

Mənzilin təmizlik işlərinə, yır-yığışa, səliqə-sahmanına qadınlar könüllü, yaxud qeyri-könüllü ömürləri boyu təxminən 3-4 il vaxt sərf edirlər. Bu səliqəsiz və pinti qadınlara aid deyil.

Elə düşünməyin ki, qadınlar mənzili yığışdıranda kişilər istirahət edirlər. Kişilər eyni vaxtı bağ-bağçaya, mənzil və avtomobil təmirinə sərf edirlər.

Nəhayət kişi ilə qadının birlikdə sərf etdiyi vaxt da var. Bu seksdir. Hər bir insan orta hesabla ömrünün təxminən 3-4 ayını intim münasibətlərə sərf edir.

Sadalanan faktlar insanda heç də xoş ovqat yaratmır. Bütün bunlar insanın yaşam tərzinin qaçılmaz və mütləq həqiqətləridir. Çıxış yolu isə birdir. Yerdə qalan beş-üç dəqiqəni mənalı yaşamaq.

 

 

 /modern.az/

Top