Qrafik simvol- Svastika

Qrafik simvol- Svastika

Svastika — ən qədim, ən çox yayılmış qrafik simvollardan biridir. II Dünya Müharibəsinə qədər svastika simvolundan, demək olar ki, dünyanın hər yerində istifadə olunurdu.

1945-ci ildən faşist Almaniyasının məğlubiyyətindən sonra bir çox ölkələrdə svastikadan bir simvol kimi istifadə qadağan olunmuşdur. Keçmiş SSRİ-də müharibədən sonrakı illərdə uşaqlara və yeniyetmələrə belə başa salırdılar ki, guya svastika simvolu kiril əlifbasının 4 ədəd “Г” hərfindən təşkil olunmuşdur. Bu da, 4 əsas qəddar faşizm ideoloqlarının soyadlarının baş hərfləridir. Yəni – Hitler (Гитлер), Hebbels (Геббельс), Himmler (Гиммлер), Нerinq (Геринг)…

Əvvəllər svastika simvolu geniş yayılmış simvollardan biri olmuşdur. Bu simvol mistik simvollardan biri olmuş və mistik məna daşımışdır. Bəzi mütəxəssislər bu simvolu 4 əsas ünsürün göstəricisi kimi izah etməyə çalışmışlar. Yəni – hava, su, od, torpaq… Amerika və İngiltərə mütəxəssisləri isə bu qərara gəlmişlər ki, svastika simvolunun abbreviaturası latın əlifbasının “L” hərfi ilə başlayan 4 sözün birləşməsi kimi başa düşülməlidir. Yəni – “light” – işıq, günəş, “love” – sevgi, məhəbbət, “life” – həyat, “luck” – tale, uğur, xoşbəxtlik…

Svastika simvoluna arxeoloji qazıntılar zamanı tapılmış qədim əşyaların üzərində, qədim xalçaların üzərində daha çox rast olunur. XX əsrin 15-17-ci illərində Rusiyada “Müvəqqəti hökümət”in rəhbəri Kerenskinin dövründə dövriyyəyə buraxılan 250 manatlıq pul əskinazlarının üzərində də svastika simvolu həkk olunmuşdur. Hətta sonuncu rus imperatoru II Nikolayın avtomobilinin üstündə də svastika simvolu var idi.

Svastika qədim simvol olmaqla bərabər, sirri açılmamış bir simvoldur. Yəni- bu simvolun nə demək olduğu, nəyə işarə olduğu hələ də dəqiqliyi ilə açıqlanmamışdır. Bu simvolun hansı məna daşıması haqqında isə mütəxəssislər müxtəlif cür versiyalar irəli sürürlər…
Top