Canlılara enerji təmin edən ən fundamental reaksiya karbon və hidrogen birləşmələrinin oksidləşməsi, yəni yanmasıdır. Ancaq bu məqamda maraqlı bir sual yarana bilər: bizim bədənimiz, əsasən, karbon və hidrogen birləşmələrindən meydana gəlir. Bəs necə olur ki, bədənimiz oksidləşmir? Ya da niyə bədənimiz bir anda kibrit dənəsi kimi alovlanıb yanmır?
Bədənimizin oksigenlə təmasda olduğu halda, yanmaması, həqiqətən, heyrətləndirici bir vəziyyətdir.
19-cu əsrdən bəri maraq doğuran bu sualın cavabı son yarım əsrdəki yeniliklər nəticəsində aydın olmuşdur. Biokimyəvi müşahidələr insan bədənindəki bəzi xüsusi fermentlərin yalnız oksigenin atmosferdə tapılan forması olan O2 ilə reaksiyaya girdiyini ortaya qoymuşdur. Hüceyrələrimizdəki bu xüsusi fermentlər, çox kompleks proseslər nəticəsində bədənimizdəki dəmir və mis atomlarını katalizator (sürətləndirici) olaraq istifadə edir və beləcə, oksigeni reaktiv hala gətirirlər.
Yəni ortada çox maraqlı bir vəziyyət var: oksigen yandırıcı bir elementdir və normal halda, bizim bədənimizi də yandırmalıdır. Buna mane olmaq üçün oksigenin atmosferdəki forması olan O2 isə asanlıqla reaksiyaya girmir. Amma bədənimizin enerji əldə etməsi üçün oksigenin yandırıcılığına ehtiyacı var. Onun üçün hüceyrələrimizin içinə bu sadə qazı reaktiv hala gətirən kompleks bir ferment sistemi yerləşdirilmişdir.
Həmçinin onu da bildirmək lazımdır ki, həmin ferment sistemi, canlı aləmin təsadüflərlə meydana gəldiyini iddia edən təkamül nəzəriyyəsinin əsla açıqlaya bilmədiyi bir dizayn möcüzəsidir. Bədənimizin qəfil alovlanmasına mane olmaq üçün alınmış başqa bir tədbir də var. Bu, ingilis kimyaçısı Nevil Sicvikin ifadəsi ilə desək, karbonun xarakterik xüsusiyyətidir. Başqa bir ifadə ilə desək, karbon atomu normal temperaturda asanlıqla oksigenlə reaksiyaya girmir.
Kimyəvi dillə ifadə edilən bu xüsusiyyəti, əslində, hamımız gündəlik həyatda çox yaxından yaşamışıq. Soyuq havada odun və ya kömür yandırmağa çalışdıqda yaşadığımız çətinlik karbonun həmin xarakterik xüsusiyyətidir. Odu alovlandıra bilmək üçün odunun və ya kömürün temperaturunu yüksəltməyimiz gərəkir. Amma od bir dəfə alovlandıqdan sonra karbon sürətlə reaksiyaya girir və böyük bir enerji ortaya çıxır. Buna görə, bir yanğını başlatmaq (kibrit və s. kimi xüsusi atəş qaynaqları olmadıqca) çox çətindir. Amma yanğın bir dəfə başladıqdan sonra çox böyük istilik meydana gəlir və bu istilik ətrafdakı digər karbon birləşmələrini də alovlandırır.
Bu vəziyyət araşdırıldıqda alovda çox təsir edici bir dizaynın olduğu aşkarlanır. Oksigenin və karbonun kimyəvi xüsusiyyətləri elə nizamlanmışdır ki, bunlar yalnız çox yüksək temperaturda reaksiyaya girib atəş meydana gətirirlər. Əgər belə
olmasaydı, Yer üzərində həyat qeyri-mümkün hala gələrdi. Əgər oksigenin və karbonun reaksiyaya girmə meyilləri bir az daha çox olsaydı, havanın temperaturu bir az artdıqda insanların, ağacların, heyvanların bir anda alovlanıb yanmaları normal olardı. Məsələn, çöldə yeriyən bir insan günorta vaxtı temperatur ən yüksək dərəcəyə qalxdığı zaman bir anda alovlana bilərdi. Bitkilər və heyvanlar da eyni təhlükə ilə üzləşərdilər. Əlbəttə ki, belə bir dünyada həyatdan danışmaq bir az çətin olardı. Əgər oksigenin və karbonun xarakterik xüsusiyyətləri daha çox olsaydı, bu dəfə də dünyada od yandırmaq çox çətin, bəlkə də qeyri-mümkün hala gələrdi. Odun olmadığı bir mühitdə isə insanların isinməsi və texnologiyanı inkişaf etdirməsi mümkün ola bilməzdi. Çünki məlum olduğu kimi, texnologiya metallara əsaslanır və metallar da ancaq çox yüksək temperaturda yumşalıb formaya salına bilirlər.