Hipnoz seansları Allah qatında heç bir anın itmədiyini elmi cəhətdən necə sübut edir?
Aparılan hipnoz təcrübələrində hipnoz altında olan insanlar necə reaksiya verir?
Hipnoz dünya həyatının hisslərdən ibarət olduğunu anlamağa necə kömək edir?
Uşaqlıq və gənclik illərində insanın zehni aydın olur. İnsan o illərdə etdiklərinin hamısını əbədiyyən xatırlayacağını zənn edir. Hadisələr, insanlar, baş verənlər onun üçün o qədər vacibdir ki, bunların hamısını anbaan xatırlayacağını, hamısının həyatında mühüm yer tutacağını düşünür. Lakin zaman keçdikcə çox mühüm və aydın olduğunu zənn etdiyi bütün hadisələr getdikcə aydınlığını itirir, hətta yox olur. İllər sonra uşaqlıq və gənclik illərində başına gələnlərin sadəcə bir neçəsi hafizəsində qalır. Halbuki şahid olduğumuz və olmadığımız bütün hadisələr və səslər Allah qatında hər an hazırdır və hər an canlı şəkildə yaşanır. Bunların heç biri əsla itmir. Bu həqiqəti elmi cəhətdən sübut edən təcrübələrdən biri hipnozdur.
Hipnoz seansları baş vermiş hadisələrin yox olmadığının sübutudur
Hipnoz seansları insanın başına gələn hadisələrin yox olmadığına dəlildir. İnsanlar hipnoz zamanı heç cür xatırlamadıqları, hətta praktiki cəhətdən xatırlanması mümkün olmayan, 3-4 yaşında başlarına gələn hadisələri bütün detal və hissələrilə eyni şəkildə xatırlayırlar. Əslində hadisəni xatırlamaqdan çox bütün detalları ilə yaşayırlar. Bir insanın yox olduğuna inandığı bir anı aydın şəkildə eynilə təkrarən yaşaması əslində bütün baş verənlərin əbədiyyən mövcud olduğuna dair mühüm dəlildir.
Hipnoz nədir?
Hipnoz təlqinə meyilli, bir növ süni yuxu və ya yuxu-ayıqlıq arası vəziyyətdir .Təbii yuxu halı olmadığı kimi, ayıqlıq halı da deyil. Ancaq hər iki halı da ehtiva edən kompleks anlayışdır. Tədqiqatlar hipnoz anı ilə təbii yuxu vəziyyətinin tamamilə fərqli hallar olduğunu göstərmişdir.
Hipnoz zamanı hipnoz edilən insana ardıcıl təlqinlər verilir və bu insana əslindən ayırd edilməyəcək qədər inandırıcı bir sıra hadisələr yaşadılır. Eyni şəkildə müxtəlif metodlarla hipnoz altındakı insanın daha əvvəl yaşadığı anları 20-30 il keçsə də, yenidən eynilə yaşaması, o an baş vermiş hadisələri bütün detalları ilə xatırlaması təmin olunur. Heç bir maddi mühit olmasa da, insan yaşadıqlarını film lenti kimi beynində canlandırır. Hətta bəzi insanlar əvvəllər oxuduqları kitabın səhifələrini kəlmə-kəlmə deyirlər.
Hipnoz zamanı baş verən fiziki dəyişikliklər
Adətən yuxuda ikən beyin dalğaları yavaşıyır. Ancaq hipnoz altındakı insanın beyin fəaliyyətlərinin ayıq haldakına bərabər olduğu müşahidə edilmişdir.
Hipnoz zamanı hafizənin normal vəziyyətdəkinə nisbətən daha çox gücləndiyi və normal zamanlarda xatırlanması mümkün olmayan keçmişə dair məlumatların təfərrüatı ilə aydınlandığı tədqiqatçılar tərəfindən müəyyən edilmişdir.
Hipnoz zamanı şüursuz vəziyyətdə ikən qeyri-mümkün olan ruhi və fiziki fəaliyyətlər göstərilir. Hipnoz altındakı şəxs əzələlərinin və orqanlarının gücündən artıq hərəkətlər edir.
Sözügedən şəxs olduğu otaqda olmayan görüntüləri, insanları və ya mənzərəni görür, səsləri eşidir, qoxuları və dadları hiss edir. Bu əsnada baş verən hadisələrə sevinir, kədərlənir, həyəcanlanır, sıxılır, narahat olur. Hətta hipnoz altında olan insanın yaşadığı hadisələr kənardan fiziki cəhətdən də müşahidə olunur: verilən təlqindən asılı olaraq insanda nəbz artır, təzyiq yüksəlir, dəridə qızartı əmələ gəlir.
Hipnoz seanslarında baş verənlər
Bəzi təcrübələrdə hipnoz edilən insanlar təlqinlə keçmişə aparılır. Geriyə getmə (regression) adlandırılan bu xronoloji xatırlama tezisini ilk dəfə dr. Pitres kəşf etmişdir. Dr. Pitresin 17 yaşlı xəstəsinə tətbiq etdiyi hipnoz maraqlı şəkildə nəticələnmişdir. Gənc qızın hipnoz altında 12 il geriyə aparılıb 5 yaşına gəldikdə o dövrdə olduğu kimi, fransız dilini unudub qaskon dilində danışdığı müşahidə edilmişdir. Hipnoz altındakı şəxs o yaşda fransız dilini hələ öyrənmədiyi üçün fransız dilindəki sualları anlamamış və cavab verə bilməmişdir.
Başqa bir təcrübədə normal otaqda olan insana çox isti hamamda olduğu təlqin edilmiş, bu zaman həmin insan həddindən artıq tərləməyə başlamışdır. (Dr. Tahir Özakkaş, Gerçeğin dirilişine kapı hipnoz, “Üst ultrastabilite”, s. 267)