Nərd oyununun qədim tarixi var. Bu oyunun İranda meydana gəldiyi ehtimal olunur. Nərd oyunu qaydaları tarixən astroloji görüşlərdə (münəccimlik) izah edilmişdir. Buna bənzər oyunlar, hələ qədim Yunanıstanda və Romada, bir sıra qədim Şərq ölkəsində mövcud imiş.
Amma indiki zamana nəzər salsaq, ən çox nərd oyunu Azərbaycanda oynanılır. Küçədə, məhlələrdə gəzərkən nərd oynayan insanlara, əsasən də qocalara az rast gəlmirik.
Azərbaycanda hələ qədimdən məlum olan, Xaqani, Nəsimi və digər klassiklərimizin əsərlərində adı çəkilən nərd oyununun 3 növü var: uzun, döymə, gülbahar. Nərd oyunu 24 xanalı lövhə ― nərdtaxta üzərində 30 daş (15 ağ və 15 qara) və bir cüt zərlə iki nəfər arasında keçirilir. Hər oyunçu öz daşlarını atdığı zərlərin üst xallarına müvafiq olaraq, xanalar üzrə, rəqib daşlarının əks istiqamətində hərəkət etdirir. Bütün daşlarını son hissəyə yığıb, oradan daha tez çıxaran oyunçu qalib sayılır.
Nərdin 24 xanası günün 24 saatına, daşların ağ və qara olması gecə və gündüzə işarədir.
Yek ― (bir) Tanrının təkliyinə
Dü ― (iki) Fani və baqi dünyaya
Sə ― (üç) Nəbatət, heyvanat və təbabətə
Cahad ― (dörd) Od, su, torpaq və havaya
Pənc ― (beş) duyma, eşitmə, görmə, dadbilmə və iybilməyə
Şeş ― (altı) aşağı, yuxarı, sağ, sol, ön və arxaya işarədir.
Zərdə qarşı-qarşıya duran üzlərdəki xalları topladıqda 7 alınır ki, bu da yeddi planetin rəmzidir.