Yelpiyin tarixcəsi

Yelpiyin tarixcəsi

yelpikYelpik qədim tarixə malik bir əşyadır. Onun yaranması ilə bağlı müxtəlif rəvayətlər mövcuddur. Onlardan biri  imperatriça Von Vanla bağlıdır.

  3 min il bundan əvvəl qızmar,isti və bürkülü yay günlərinin birində imperatriça sarayın bağında istirahət edirdi. Hava dəhşət bürkü idi, külək belə əsmirdi. İmperatriça yalnız bağdakı fəvvarədən çıxan sərin su ilə rahatlıq tapır və əlindəki böyük yaşıl yarpaqla özünü sərinlədirdi. Onun üzündə xəfif bir təbəssüm var idi, öz ideyasından olduqca məmnun görünürdü. Bu kiçik, lakin eyni zamanda dahiyanə ideya sonradan qədim adətlər tarixində uzun bir yol keçir. Çin rəvayətinə görə, yelpiyin tarixi belə başladı.

    İndiyədək yelpiyin yaranması ilə bağlı mənbələrdə dəqiq bir məlumat bilinmir. İlkin dəlillər b.e.ə I minilliyə aid edilir. Belə ki,arxeoloji qazıntılar zamanı  Çin imperatoru U-Vanın dövrünə aid ilk yelpik nümunələri tapılmışdır.

   Həm yaponlar, həm də hindlilər iddia edirləri ki, onlar çinlilərdən daha əvvəl yelpikdən istifadə ediblər. Təkcə onu qeyd edə bilərik ki, bu əşya yarandığı gündən başlayaraq böyük mövqeyə sahib olub. Formasını saxlayaraq,adi yarpaq şəklindən zərif, qiymətli əşyaya çevrilib. Başlanğıcda adi sərinlədici vasitə olan yelpik sonralar hakimiyyət simvoluna çevrilmiş,müxtəlif dövrlərdə yalnız adlı-sanlı, kübar təbəqənin istifadə edə biləcəyi bir əşya olmuşdur.

    Assuriyalılar və misirlilər yelpiyi hakimiyyətin və cənnətin simvolu hesab edirdilər. Kleopatra Nilin sahilində yelpik vasitəsiylə yaradılan süni küləyin sərinliyində istirahət etməyi sevirdi. Yunanlar və romalılar yelpiyə pərəstiş edirdi. Yelpik Olimp zirvəsinə qalxmış, məhəbbət ilahəsi Afroditanın atributu kimi zərif obrazla mifologiyaya daxil olmuşdur. Romada yelpiyi «flabellum» adlandırırdılar. Onun çox uzun tutacağı olurdu və bu yelpikləri xüsusi təlim keçmiş qullar istifadə edirdi. Onlar yelpik yellətməyin incəliyini, sənətini öyrənirdilər. Bunu hər kəs bacarmadığı üçün yeni peşəyə çevrilmişdi.

    Təmtəraqlı Yapon mərasimlərində yelpiyə xüsusi önəm verilib. Yelpiklər müxtəlif məqsədlər üçün istifadə olunurdu ― sarayda, döyüşdə, rəqs zamanı ,çay mərasimləri üçün. Bir sözlə bu əşya Yapon məişətində, həyatında böyük əhəmiyyət kəsb edən əşya olub.


    Yelpiklər müxtəlif ölçülü və formalı olur. Qatlanan, açıq yelpiklər,yarpaq, bayraq şəkilli və s. yelpiklər.  Qədim zamanlarda Yaponiyada «utiva» adlanan açıq yelpiklərdən qadınlar, qatlanan yelpiklərdən isə kişilər istifadə edirdi.

   İlk yelpiklər böyük və uzun tutacaqlı idi. Yarımdairəvi formalı yelpiklər nazik bambuk lövhəsindən, dəvəquşu və tovuz lələklərindən hazırlanırdı. Ondan həm imperator sarayında, həm də adi adamlar istifadə edirdi. İmperator onun sərinliyində dincəlir, qulluqçular,nökərlər isə yemək hazırlayarkən,iş görərkən milçəkləri qovmaq üçün istifadə edirdi. Daha sonra dairəvi yelpiklər dəbə düşdü. Bambuk lövhədən,zərif yun parçadan hazırlanan bu yelpiklərin oval formalıları da olurdu. Qadınlar isə daha çox dairəvi yelpiyi xoşlayırdılar.

   Ən nəhayət isə günümüzədək gəlib çıxan qatlanan yelpiklər yarandı. Bu cür yelpiklər ilk öncə imperator sarayında istifadə olunurdu.Sonralar isə cəmiyyət arasında dəbə düşdü. Getdikcə yelpiyin cəmiyyətdə mövqeyi artırdı. Zərif, qızılı, zərli yelpikləri imperator yalnız öz kənizlərinə və sarayın sayılıb-seçilən məmurlarına verirdi.

   İlk qatlanan yelpiklərdən kişilər istifadə edirdi. Bu yelpikləri döyüşçülər qurşaqda, silahla eyni səviyyədə daşıyırdılar. Döyüş yelpikləri müxtəlif məqsədlər üçün hazırlanırdı: atılan oxun qarşısını almaq üçün, silah vasitəsi və döyüşçünün sərinlədici vasitəsi kimi. Samuraylar bir-birinə işarə vermək üçün qatlanan yelpiklərdən istifadə edirdi.

   Eyni zamanda «Oqi» adlanan yelpiklər də mövcud idi ki,yapon rəqqasələri «may-oqi» adlı milli rəqsini ifa edərkən istifadə edirdi.

yelpik 

   Artıq X əsrdən qatlanan yelpiklər kübar cəmiyyətdə də geniş yer tutmağa başlayır və yapon məişətinin ayrılmaz hissəsinə çevrilirdi.Hər il dəblə birgə yelpiklərin forma və ölçüləri də dəyişirdi. Lakin çinlilərdə qatlanan yelpiyin çubuqlarının sayı həmişə cüt,yaponlarda isə tək olurdu.

   Avropaya qatlanan yelpiklər XV əsrin sonu-XVI əsrin əvvəllərinə tesadüf edib. İlk olaraq Çindən İngiltərə, İspaniyaya, daha sonra isə İtaliya və Fransaya gətirilib. Fransada yelpiklər Yekaterina Mediçinin vaxtında dəbə düşmüşdü. Çin ustaları  həmin dövrdə məxsusi olaraq Avropa zövqünə uyğun yelpiklər hazırlayırdı.

  Ticarət malları daşıyan gəmilərin Uzaq Şərqdən gətirdikləri bu ekzotik əşya  artıq XVII əsrdə bütün Avropada məşhurlaşmışdı. Bu dövr qatlanan yelpiklərin bum dövrü hesab olunur. O bütün kübar avropalı xanımların sevimli aksessuarın çevrilmişdi. Qeyd olunan dövr həm də Avropada rəssamlığın İntibah dövrü hesab olunurdu. Belə ki,o zamanın kübar xanımlar arasında portret sifarişi dəb halını almışdı. Onların çoxu sevimli yelpikləriylə müxtəlif vəziyyətlərdə portret çəkdirirdi. Məhz bu portretlər   o zamanın dəbdə olan yelpikləri haqda təsəvvürlər yaradır. XVII əsrdə krujevalı,«brize» stilində- aşağıdan üzük-barmaqlıq,yuxarıdan lentlə bağlanmış yelpiklər dəbə gəldi.Yelpiklərin üzərinə çəkilən miniatür rəsmlər isə onlara fantastik gözəllik bəxş edirdi. 1673-cü ildə kral XIV Lüdovik yelpik hazırlayan mütəxəssislərin birliyini yaratmışdı.

    Qatlanan yelpiklər XVIII əsrdə özünün ən pik dövrünü yaşadı. Kübar məclislərdə nazlı-işvəli xanımların ayrılmaz əşyası olan bu aksessuar onları daha da cazibədar edən bir «silaha» çevrilmişdi. Yelpik gizli baxışların ünsiyyət vasitəsi idi. O sahibəsinə danışarkən xüsusi cazibədarlıq, ifadəlilik bəxş edirdi. Yelpik xüsusi etikat qaydalarına uyğun istifadə edilirdi.

    XIX əsrin sonu və XX əsrlərdə yelpik artıq yenidən öz əvvəlki möqeyinə döndü -   adi sərinlədici vasitə kimi istifadə olunmağa başladı.

 Tərcümə etdi: Gülər Abbaslı

Top